Sizin reklam burada
Sizin reklam burada
  • Unutmamalıyıq ki, bizim üçün ən ali dəyər Azərbaycan dövlətçiliyidir

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini,
    millət vəkili

    Dünya gərginlik içindədir. Amma bizim gücümüz, dünən olduğu kimi bu gün də, sabah da birliyimizdədir və elə də olacaqdır...

    Son günlərdə Yaxın Şərqdə baş verən hərbi qarşıdurma və bu gərginliyin günlərlə davam etməsi regionda və dünyada narahatlıq doğuran proseslərə çevrilib. Belə mürəkkəb və həssas bir dönəmdə baş verən hər bir hadisə yalnız həmin regionu deyil, qlobal siyasi və ictimai mühiti də təsirləndirir.
    Müşahidə etdiyimiz maraqlı və eyni zamanda düşündürücü məqamlardan biri də odur ki, hələ bir neçə ay əvvəl ölkə daxilində ciddi narazılıqların müşahidə olunduğu İran cəmiyyətində xarici təhdid fonunda dövlət ətrafında toparlanma meyilləri güclənməkdədir. Tarix boyu bu hal dəfələrlə müşahidə olunub. Xarici təhlükə hissi cəmiyyətləri fərqli düşüncələrdən asılı olmayaraq dövlətlərini qoruma instinkti ətrafında birləşdirə bilir.

    Bütün bu hadisələrin fonunda Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli hücumlar da baş verdi. Hadisə ilə bağlı ölkə rəhbərliyinə müxtəlif dövlətlərin liderləri tərəfindən məlumatların verilməsi və məsələnin diqqətdə saxlanılması isə regionda baş verənlərin nə qədər həssas olduğunu bir daha göstərir.

    Təəssüf ki, belə mürəkkəb geosiyasi proseslər fonunda cəmiyyətimizdə də bəzən emosional və bölücü müzakirələrə rast gəlinir. Sosial mediada həmvətənlərimiz arasında “irançılıq” və “turançılıq” kimi süni qarşıdurma ab-havasının yaradılması nə dövlətçilik düşüncəmizə, nə də milli maraqlarımıza xidmət edir. Dünya azərbaycanlılarının dini və etnik hisslərinin bu şəkildə qarşı-qarşıya qoyulması ölkəmizə və onun böyüklüyünə faydadan çox zərər gətirə bilər.

    Unutmamalıyıq ki, bizim üçün ən ali dəyər Azərbaycan dövlətçiliyidir. Dövlətimizin suverenliyi, təhlükəsizliyi və milli maraqları hər şeydən üstün tutulmalıdır. Xarici siyasət, təhlükəsizlik və regional proseslərlə bağlı qərarlar isə dövlət rəhbəri və aidiyyəti qurumların məsuliyyətində olan məsələlərdir. Sosial mediada hər kəsin özünü qlobal siyasətin ən böyük eksperti kimi təqdim etməsi bəzən sağlam düşüncənin yerini emosional mübahisələrə verir. Halbuki bu gün ən çox ehtiyac duyduğumuz şey sakitlik, sağlam düşüncə və milli birlikdir.

    Necə ki, biz öz dövlətimizin suverenliyini və təhlükəsizliyini arzulayırıqsa, eyni zamanda bütün dövlətlərin suverenliyinə hörmət edilməsini və dünyada sülhün bərqərar olmasını da istəyirik. Arzumuz odur ki, regionumuzda və dünyada gərginliklər aradan qalxsın, müharibələr dayansın və insanlıq daha sabit, təhlükəsiz və əmin-amanlıq içində bir gələcəyə doğru addımlasın.

    Qısacası, bir həkim kimi də demək istədiyim budur ki, dünya bəlkə də tarixinin heç bir dövründə olmadığı qədər böyük bir “xəstəliyə" tutulub. Bu xəstəliyin adı qarşılıqlı etimadsızlıq, dözümsüzlük, nifrət, kin, dini və etnik qarşıdurmalardır. Bizim isə tək arzumuz odur ki, bu "xəstəlik" ən qısa zamanda sağalsın və onun yerini daha sağlam, daha ədalətli və daha sülh içində bir dünya alsın.

    Qədir Gecəniz Mübarək Olsun, əziz həmvətənlər! Uca Allah bu mübarək gecədə edilən duaları qəbul etsin, evlərimizə bərəkət, qəlblərimizə rahatlıq və dünyamıza sülh bəxş etsin.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ