Sizin reklam burada
Sizin reklam burada
  • Müşfiqə Baladdinqızı "Başıbəlalı qızım! "


    Müşfiqə Baladdinqızı

    Başıbəlalı qızım!

    Başıbəlalı qızım,
    Dünyaya gəlişinlə sevmədilər heç səni.
    Diri -diri basdırdı ərəb səni, şeyx səni.
    Əşya kimi dəyişdi, başlıq alıb verənlər,
    Qadın kimi baxdılar, üzügülər görənlər.
    Aldılar gülüşünü "qız çox gülməz "dedilər,
    Hər şeyə qadağalar, "olmaz, olmaz" dedilər.

    Çıxardılar əynində çiçək açan donunu,
    Gəlinliklə biçdilər paklığının sonunu.
    Ər üçün susdurdular içindəki arzunu,
    Oxumaq istəyinə bağladılar gözünü.

    Başıbəlalı qızım,
    Sən bəşərin əvvəli,əzəli deyilsənmi?
    Sən dünyanın tumurcuq özəyi deyilsənmi?
    Sən peyğəmbər anası, sən peyğəmbər bacısı,
    Sən ümmətin ən uca bəzəyi deyilsənmi?

    İnsan oğlu nə bilir qəlbindən keçənləri,
    Məzar olub ürəyin dəfn edir köçənləri.
    Susuz qalan ürəyin bir damla suyu sənsən.
    Bilmir bunu nadanlar ,
    Bu bəşəri bətnində daşıyan soyu sənsən!

    Sən müqəddəs Kitabın ən dəyərli incisi,
    Sən dünyanın ən güclü əvvəli, birincisi.
    Sən Sirat körpüsündə övladçün sorğulanan,
    Sən hər iki dünyada ismətçün sorğulanan.

    Sən qadın dəyərini üzərində daşıyan,
    Sən ən şirin sevgini ürəyində daşıyan .
    Cənnəti ayağının altına sərən insan,
    Ən çətin ağrılara sevgiylə girən insan.

    Başıbəlalı qızım!
    Bu qədər tale yükün qoşun etmə başına ,
    Zərif çiyinlərindən dünyamızı at yerə,
    Ağrısını daşıma!...
    Ana adın ən gözəl bəzəyi sanan sənsən,
    Sən ey müqəddəs qadın, yaxşı ki anam sənsən.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ