Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyev zirvəsi

    Azər Zeynalzadə
    Yasamal Rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

    Görkəmli siyasi və dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Heydər Əliyev hansı ictimai formasiya və siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, onun bütün fəaliyyətinin nüvəsini xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın milli müstəqilliyinin əbədiliyinin təmin edilməsi təşkil etmişdir.
    Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
    Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969–1982-ci illər genişmiqyaslı inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zəkaya, dərin biliyə və misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.
    Heydər Əliyevin sovet Azərbaycanının partiya təşkilatının rəhbəri seçilməsi də, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və şəxsi-intellektual imkanlarına o vaxtkı mərkəz, Kreml tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir ki, Heydər Əliyev bu qiymət və etimadın müqabilində Moskvanın təlimat və göstərişlərini həyata keçirən adi partiya funksionerinə çevrilmədi. Əksinə, Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail oldu. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 40 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını haqqında qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi. Məhz, bu xüsusiyyətlərə malik şəxs Heydər Əliyev idi.
    Onu da qeyd etmək yerinə düşər ki, o vaxtlar SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış qərarına görə, ali hərbi məktəblər, əsasən, Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi.
    Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə tarix tərəfindən adekvat qiymətini alan neçə-neçə belə cəsarətli addımlar atıb. Heydər Əliyevin 20 il, 30 il öncə atdığı uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını bizlər sonralar, Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik.
    Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı.
    Realist siyasətçi olan Heydər Əliyevin siyasi və idarəçilik prinsiplərinə romantizm və xülyaçılıq yad idi. Qəbul etdiyi qərarlar ilk baxışdan qeyri-populyar görünə bilərdi (məsələn, 1994-cü ildə atəşkəsin əldə edilməsi), lakin bu, son nəticədə düzgün və bütün reallıqları nəzərə alan ən optimal qərar olurdu. Heydər Əliyev xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı.
    Heydər Əliyev siyasəti tarazlı siyasətdir, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında ümummilli liderə məxsus bütün keyfiyyətləri—rasionalizm və müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görürdü. Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub.
    Əlli ildən artıqdır ki, Heydər Əliyev Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının da, bugünkü və sabahkı nəslin də qəlbində əbədi yaşayacaq.
    Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ