Sizin reklam burada
Sizin reklam burada
  • Çoxvektorlu xarici siyasət kursunun prioritet istiqamətləri

    Bəhruz MƏHƏRRƏMOV,
    Milli Məclisin deputatı

    İyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
    Qurbanqulu Berdiməhəmmədova işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə məlumat verilib. Ulu Öndər Heydər Əliyevin sayəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə öz əvvəlki yerlərinə qaytarılıb.

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha dərinləşməsi istiqamətində yeni mərhələ hesab oluna bilər. Möhtərəm Prezidentin ifadə etdiyi kimi, Azərbaycan və Türkmənistan xalqlarını dərin qardaşlıq əlaqələri birləşdirir. Bu səfər ilk növbədə Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcək. Müstəqilliyin ilk dövrlərində Azərbaycan və Türkmənistan arasında münasibətlər mürəkkəb dövr keçib. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Bakı-Aşqabad əlaqələrində dönüş müşahidə olunub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Höküməti ilə Türkmənistan Höküməti arasında Xəzər dənizində "Dostluq" yatağınının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nun imzalanması ilə ölkələrimiz arasında mübahisə doğuran heç bir məsələ qalmadı. Əksinə əvvəllər müəyyən gərginliyə səbəb olan problemlər əlaqələrin inkişafında stimulverici amilə çevrilib. Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində görünən mənzərə ondan ibarətdir ki, Azərbaycan-Türkmənistan arasında hazırda siyasi, iqtisadi, hümanitar, o cümlədən nəqliyyat, energetika sahələrində çoxsaylı nəaliyyətlər var və ölkələrimiz arasında eyni kök, eyni dil və tarixi əlaqələr cari səfərin münasibətlərə yeni təkan verməsi üçün əsas yaradır. Regionda vəziyyətin kifayət qədər gərgin olduğu və ayrıcı xətlərin dərinləşdiyi bir zamanda Azərbaycan-Türkmənistan münasibətlərinə yalnız iki ölkə arasında əlaqələr məzmununda baxmaq doğru olmaz.

    Bakı və Aşqabad ümumbəşəri dəyərlərə sadiq qalaraq və beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq əlaqələri dərinləşdirməklə həm regionun, xüsusən Trans-Xəzər coğrafiyasının təhlükəsizlik konfiqurasiyasına köklü müsbət təsir göstərəcək amilə çevrilə bilər. Habelə Azərbaycan Respublikası Türkmənistanın karbohidrogen ehtiyatlarının nəqli üçün etibarlı tərəfdaşa çevrilməklə bu ölkənin enerji təhlükəsizliyində, dolayısıyla milli təhlükəsizliyində əhəmiyyətli rol alar. Cənab Berdiməhəmmədovun Bakıdakı müzakirələrdə ifadə etdiyi mövqedən də göründüyü kimi, Türkmənistan belə bir reallığın inkişafında maraqlıdır. O cümlədən möhtərəm Prezident andiçmə mərasimində bəyan etdiyi kimi, türk dünyası ilə münasibətlərə, bu çərçivədə Türkmənistanla əlaqələrə öz çoxvektorlu xarici siyasət kursunun prioritet istiqamətlərindən biri kimi baxır. 
     



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ