Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev paytaxtda mənzil qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputatın fikrincə, ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var:
"Digər tərəfdən, tələb təklifi üstələyir. Ona görə də kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var. Təklif edirəm ki, iş adamlarına güzəştli şərtlərlə həm bahalı, həm də nisbətən ucuz yerlərdə torpaqlar ayrılsın. Bahalı torpaqlarda tikib, bazar qiymətinə satsınlar, digər yerlərdə isə tikib 5 faiz maya dəyərindən artıq satsınlar. Bu şəkildə sosial ev problemi birdəfəlik həll oluna bilər. Həm də bu kütləvilik bütün şəhər və kəndləri gərək əhatə etsin".
Deputat həmçinin neft fondundan müəyyən vəsaitin ayrılmasını da təklif edərək deyib:
"Digər təklifim isə neft fondundan 1-2 milyard dollar vəsaitin ayrılması və bütün ərazilərdə kütləvi sosial evlərin tikilməsidir. Dövlət həm sosial ev problemini həll etmiş olar, həm də neft fond vəsaitini real iqtisadiyyata yatırmış olar. Bu elə tənzimlənməlidir ki, vətəndaş ayda 300-400 manat ödəməklə ev sahibi ola bilsin. Dövlət də buradan uzunmüddətli sərmayə kimi pul qazana bilər".
