VI çağırış Milli Məclisin deputatı
Bir neçə gündür Azərbaycan “Embraer” faciəsini yaşayır. Bu faciə olduqca ağır, üzücü olması ilə yanaşı xalqımızın belə məqamlarda yumruq kimi bir olmasını bir daha göstərdi. Ölkə başçısı cənab İlham Əliyevin öz dövlət səfərini yarımçıq qoyub geri dönərək məsələyə anında müdaxilə etməsi və nəzarətə götürməsi global bir məsələnin düzgün araşdırılacağına qarant oldu. Bəli qlobal bir məsələ- Azərbaycanın mülki təyyarəsi, Rusiya ərazisində fiziki-texniki müdaxilə, Qazaxstan ərazisində qəza, Braziliya istehsalı və bütün dünyada istismarda olan təyyarə. Bəlli məsələdir və vizual olaraq heç kəsdə şübhə yaratmır ki, təyyarəyə xaricdən fiziki-texniki müdaxilə olunub.
Mən məsələnin bu hissəsinə o qədər də toxunmaq istəmirəm. Çünki hələ tədqiqat gedir və sonda hər şey dəqiq müəyyən olunacaq. Sadəcə bu haqda öz bilgilərimi bölüşmək istəyirəm. Sözsüz mən də hesab edirəm ki, təyyarə birbaşa raketlə vurulmayıb. Lakin nəzərə almaq lazımdır ki, adı çəkilən “Pantsir-C1” hava-hücumundan müdafiə qurğusunun komplektində 12 ədəd zenit raketi ilə yanaşı 2 ədəd 30 mm, 3 km hündürlüyə çata bilən atıcı artilleriya qurğusu (пушка) vardır. Bu atıcı qurğularda 30 mm-lik partlayıcı-qəlpəli (осколочно-фугасные снаряды), idarə olunan detonasiyalı, məsafədən parlayan-parçalana bilən mərmilərdən də istifadə olunur. "Flighradar"-da “Embraer-190” təyyarəsinin uçuş trayektoriyasını izləyəndə onun 9000 m dən artıq hündürlükdə uçduğu, sonradan təyinat nöqtəsi zonasında 3000 m-ə qədər endiyini, bu hündürlükdə də manevr etməsi, radardan itməsi və nəhayət Aktau yaxınlığında olması görünür.
Mən bizim pilotlarımızın və uçuş heyətinin qəhrəmanlığından söz açacam. Xaricdən zədə almış, idarəetməni itirmiş, radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmış bir təyyarəsini bir saata yaxın idarə etmək, onu təhlükəli ərazidən çıxarıb bərk eniş edərək demək olar ki, sərnişinlərin yarısını xilas etmək doğrudan da böyük professionallıq nümunəsidir. Bu professionallıq cəsarətlə birləşəndə, ölümün gözünə dik baxanda qəhrəmanlığa çevrilir. Fərq etmir ya kapitan, ya da təyyarə bələdçisi, “Embrayer komandası” bütün hallarda yumruq kimi bir oldu. Əhsən!
Bu hadisə elə ilk dəqiqədən bütün dünyanın diqqət mərkəzində oldu: həm kənar fiziki müdaxilə, idarə olunmaz təyyarənin naviqasiyasız bir saata qədər idarə edilməsi, dənizə düşməyə qoyulmaması, təyyarənin şassilərini açaraq quruya endirməyə qərar vermək və sonda bu mümkün olmadıqda xüsusi bucaq altında bərk enişlə 29 sərnişinin xilas olunması. Hesab edirəm ki, AZAL-ın 25 dekabr 2024-cü il J8243 saylı reysinin uçuşu, pilotların və təyyarə heyətinin qəhrəmanlığı mütləq Dünya Aviasiya dərsliklərinə salınacaq və pilotların hazırlığında bir örnək olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Hər iki pilot və baş bələdçiyə “Azərbaycanın ölümündən sonra Milli Qəhrəmanı” adı verilib, sağ qalan digər 2 heyət üzvü 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar. Qəzada həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.
Mənim bu il Milli Məclisin Deputatlarının AZAL-in rəhbərliyinin dəvəti ilə AZAL-a səfəri yaxşı yadımdadır. Deputatlar insanlarımızı maraqlandıran və narahat edən məsələləri AZAL rəhbərliyi ilə birgə müzakirə etdilər. Olduqca əhəmiyyətli görüş oldu və mən sonradan verilən təkliflərin bir çoxunun artıq icrasının da şahidi oldum. Orada bizim pilotların peşəkarlığından, Milli Aviasiya Akademiyasının işindən və s. danışıldı. Milli Məclisdə “Aviasiya haqqında” yeni qanunun müzakirəsi zamanı da mən bu sahədə fikir bildirib və təkliflərimi vermişəm. Əslində AZAL bu gün dünyanın ən təhlükəsiz və ən yaxşı servisi olan bir aviaşirkətdir. Bu hadisədən və son günlərdə ard-arda təyyarələrlə bağlı müəyyən hadisələrin baş verməsi bəzi insanlarda bir qorxu, fobiya yaradır. Əslində təyyarə dünyada ən təhlükəsiz nəqliyyat növü sayılır. Hər gün dünyada orta hesabla 100 mindən çox təyyarə reysi olur. Bu, ildə 36 milyondan çox reys deməkdir. Belə ki, 2023-cü ildə 38,6 milyon, bu il 2024-cü ildə isə 40 milyondan çox təyyarə reysinin olması artıq məlumdur. Bu günkü müasir təyyarələr isə bir mühəndis möcüzəsi olaraq olduqca təhlükəsiz, konfortlu bir nəqliyyat vasitəsidir. Yetər ki, düzgün xidmət, istismar edilsin və professional idarə olunsun.
Hər birinizə, hər zaman aydın səma arzulayıram.
İ
