Qax Rayon İcra Hakimiyyətində təhsil sahəsində yüksək nəticələr əldə edən, respublika, beynəlxalq səviyyəli olimpiada və müsabiqələrdə uğur qazanan şagird və məzunlarla görüş keçirilib.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Qax RİH başçısı cənab Elvin Paşayev bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri də savadlı, dünyagörüşlü, vətənpərvər və müasir düşüncəli gənc nəslin yetişdirilməsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasında təhsil hər zaman öncül istiqamətlərdən biri olub.
Bu siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir. Ölkəmizdə təhsil infrastrukturunun durmadan yenilənməsi, müasir məktəblərin inşası, təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqların və gənclərin dəstəklənməsi, təhsil işçilərinin peşəkarlığının artırılması və onların əməyinin stimullaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir.
Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev fondunun dəstəyi ilə reallaşdırılan təhsil layihələri də ölkənin gələcək intellektual potensialının formalaşmasına mühüm töhfələr verir.
Azərbaycan bu gün öz tarixinin mühüm və qürurverici mərhələsini yaşayır. Güclü dövlətimizin gələcək inkişafında sizin bilik və bacarıqlarınız mühüm rol oynayacaq.
Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər müstəqil Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması Siz gənclər üçün qürur mənbəyi olmaqla yanaşı qarşınızda ölkənin gələcəyinə layiqli töhfə vermək kimi mühüm məsuliyyət və vəzifələr qoyur.
Tədbirdə YAP Qax Rayon Təşkilatının sədri Natiq Allahverdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva və müəllimlər çıxış edərək təhsilin inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim əməyinin qiymətləndirilməsi və gənc nəslin hərtərəfli inkişafının əhəmiyyəti vurğulanıb.
Şagirdlər çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, qazandıqları uğurları gələcəkdə daha böyük nailiyyətlərlə davam etdirmək əzmini bildiriblər.
Səmimi və maraqlı keçən görüşdə şagird və məzunların fikir və arzuları dinlənilib, onlara gələcək təhsil illərində uğurlar arzulanıb.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti tərəfindən 600- dən yuxarı bal toplayan, qəbul imtahanlarında yüksək nəticə əldə etmiş, respublika və beynəlxalq olimpiadalarının qalibi olmuş məzun və şagirdlərə fəxri fərman və qiymətli hədiyyələr, buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 9-cu sinif şagirdlərinə fəxri fərman, təhsildə qazandığı uğurlara görə 4-cü, 6-cı və 8-ci sinif şagirdlərinə isə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Sonda 600-dən yuxarı bal toplayan məzunlara YAP Qax Rayon Təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
