Sizin reklam burada
Sizin reklam burada
  • Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir

    Məcid Məmmədov,
    YAP Göygöl rayon təşkilatı üzrə Firuzabad kənd ərazi partiya təşkilatının sədri


    1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra məhz onun təşəbbüsü ilə müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasına başlanıldı. İşçi komissiyasının tərkibi Prezident tərəfindən parlamentə təqdim olunmuş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdi. Bu dəfə komissiya 33 nəfərdən ibarət idi və onun tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. Layihənin işlənib hazırlanmasına şəxsən dövlət başçısının özü rəhbərlik edirdi ki, bu da prosesin sürət və keyfiyyətinə müsbət təsirini göstərməyə bilməzdi. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa olundu. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. Nəhayət, Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi üçün 1995-ci il oktyabrın 15-də dərc edilmiş və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdu.
    Konstitusiyanın 158 maddəsindən 48-i bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
    Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
    Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ 44 Günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.
    Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri sayəsində artıq dördüncü ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftixar hissi ilə qeyd edilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ