Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın COP29-da rolu: Qlobal məqsəd və hədəflər

    Vüqar İsayev
    YAP Göygöl rayon təşkilatının sədri

    Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir və dünyanın ən böyük beynəlxalq tədbiri olan COP29 Bakıda keçirilir. Bir neçə gündür ki öz işini uğurla davam etdirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini aydın şəkildə görərik.
    Dünyanın 200 ölkəsinin yekdil qərarı ilə Azərbaycanın ekologiya dünyasının 1 nömrəli tədbiri olan COP29-a ev sahibliyi etməsi bizim ölkəyə olan hörmət, onun liderinə olan yüksək etimad və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsinin nəticəsidir.
    Hazırda ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti davamlı uğurlara yol açır, yeni dostlar və tərəfdaşlar qazanmasına geniş imkanlar yaradır. Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritet təşkil edır. Yeni dövrün çağırışları bu sahədə uğurların davamlılığını şərtləndirir. Ölkəmizdə yaşıl enerjiyə keçid əsas hədəfimizdir. Azərbaycanın yaşıl enerji tərəfdaşlarının coğragiyası getdikcə genişlənir. Bunu bugünədək imzalanan sənədlər, eyni zamanda, COP29-un dünyanın marağında olması bir daha təsdiqləyir.
    Lakin Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq istəməyən, ölkəmizin uğurlarını həzm edə bilməyən, xüsusilə də Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra bizi hədəfə çevrən, ikili standartlar aparan Fransa və Avropa İttifaqı kimi qüvvələr vardır ki, bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Qərb ölkələrindəki bəzi siyasətçilər, özünü müstəqil adlandıran, lakin, dövlət nəzarətində olan QHT-lər feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevriliblər və ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizə qarşı qarayaxma kompaniyası aparan Fransa və Avropa İttifaqının Azərbaycanda COP29-un boykotunu birgə təşkil etməyə göstərdiyi səylərə baxmayaraq, bir çox aparıcı Avropa ölkələri - İtaliya, İspaniya, Danimarka, Çexiya, Slovakiya, Polşa, Macarıstan, Belçika, daim praqmatik və müstəqil siyasət yürüdən Böyük Britaniya və diğər ölkələr Bakıda dövlət və hökumət başçıları səviyyəsində təmsil olunublar. Hətta Parisin Nigeriya və Toqoya diplomatik təzyiqlər edərək, onların rəhbərliyinin Bakıya səfərdən imtina etməsinə çalışsalar da, onlar Parisin və Avropa İttifaqının geosiyasi ambisiyalarına məhəl qoymadan Bakıda keçirilən iqlim konfransında geniş şəkildə iştirak edirlər.
    Ölkə başçımız, Müzəffər Prezidentimiz cənab İlham Əliyev həmin qüvvələrə layiqli cavab olaraq “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!” deməklə əsil həqiqəti ortaya qoydu.
    COP29-da dünya ölkələri rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin fəal iştirakı, Azərbaycanın ünvanına səsləndirilən xoş sözlər, ölkəmizlə bağlı təəssüratlar respublikamıza beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ölkəmizin qlobal problemlərin, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində göstərdiyi səylər real addımlarda özünün aydın ifadəsini tapır. Bəli bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.
    Təsadüfi deyildir ki, dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər. Xatırladaq ki, noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub. Bu bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan Sədrliyinin növbəti uğurudur.
    Azərbaycanın beynəlxalq arenada oynadığı rol, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfələr göz qabağındadır. Azərbaycanın BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artırılması yönümündə atdığı addımlar qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı olacaq. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Multikulturalizm dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.
    Hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilər hazırda genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində yenidən bərpa edilir.
    Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın dünya dövlətlərini qlobal əməkdaşlığa növbəti çağırışının təqdimatı oldu və bu gün ölkəmiz “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
    Bir sözlə yüksək beynəlxalq nüfuza malik olan ölkəmiz dünya dövlətləri ilə əməkdaşlığın, inteqrasiyanın tərəfdarıdır və bütün ölkələrlə qarşılıqlı sağlam münasibətlərin qurulmasına daim hazırdır.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ