
Qeyd edək ki, sentyabrın 26-da da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub. Bundan əvvəl də Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimizi dəfələrlə atəşə tutub, cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Sülh sazişinin imzalanması gündəmdə olduğu bir vaxtda, baş nazir Nikol Paşinyan belə bir müqaviləni imzalamağa hazır olduğunu bəyan etməsi fonunda Naxçıvan istiqamətində mövqelərimiz nə üçün atəşə tutulur? Rəsmi İrəvan bununla nə demək, nə etmək istəyir?
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, beynəlxaq səviyəli görüşlər ərəfəsində, sülhün bərqərar olması istiqamətində hər hansı bir addım atıldığı ərəfədə mütləq şəkildə atəşkəs rejmini pozmaq artıq ermənilər tərəfindən ənənəyə çevrilib.
Millət vəkilinin sözlərinə görə, Nikol Paşinyan bir tərəfdən sülh müqaviləsini imzalamağa çalışdığını dilə gətirir, bu barədə bəyanatlar verir, digər tərəfdən də Ermənistan silahlı birləşmələrinə mövqelərimizi atəşə tutmaq barədə göstəriş verir. Bu, qeyri-səmimi, ikili yanaşma olmaqla yanaşı, beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir: “Məlumdur ki, Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması birinci hadisə deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı proseslər başlayandan ermənilərin belə təxribatları, mövqelərimizi atəşə tutması halı dəfələrlə müşahidə edilib. Ermənistan tərəfi başa düşür ki, hər hansı bir atdığı addıma qarşı adekvat cavab veriləcək. İlk olaraq mövqelərimizi atəşə tuturlar, cavab atəşi ilə susdurulandan sonra isə erməni mediasında məlumat yayırlar ki, biz heç nə etməmişik və sair. Azərbaycanın adekvat tədbirini də guya bizim ilk olaraq atəş açmağımız, atəşkəsi pozmağımız kimi qələmə verirlər. Son dövrlər mövqelərimizin atəşə tutulması bu səbəbdən baş verir”.
Komitə sədri eyni zamanda vurğulayıb ki, mövqelərimizin atəşə tutulmasının digər mühüm səbəbi bəzi revanşist qüvvələrin hələ də Ermənistanda hakimiyətdə olmasıdır: “Ermənistanda “Qarabağ klanı”nın rəhbərləri, eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyanın parlament və müdafiə nazirliyində təsir etdiyi qüvvələr var. Onlar təsir etdikləri şəxslər, qüvvələr vasitəsilə revanşizmi körükləyirlər. Bu mənada Ermənistan müdafiə nazirliyindəki adamları vasitəsilə mövqelərimizin atəşə tutulması barədə tapşırıqların verilməsinə nail olur, sülhün bərqərar olmamasına çalışırlar. Bunlar məqsədyönlü təşkil edilən, bugünkü status-kvonu saxlamağa xidmət edən məsələlərdir. Çalışırlar ki, bu yolla sülh müqaviləsinin imzalanmasını uzatsınlar. Lakin Azərbaycanın dönməz daxili və xarici siyasəti var. Baş verənləri başa düşürük, təhlil edirik. Ermənistanda revanşizmi qızışdıranlar, onların havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən aqressiyanın, təhdidin qarşısı alınacaq. Ermənistan başa düşməlidir ki, sülh ilk növbədə onlara lazımdır. Bölgədə sülhün bərqərar olması investisiyalar, sərmayələr, iqtisadiyyatın inkişafı deməkdir. Ona görə də ermənilər bunu dəqiq başa düşməli və reallığa uyğun addım atmalıdırlar”.
Nailə QASIMOVA