Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycan gəncliyi sağlam düşüncəli, müasir dünyagörüşünə malik gənclikdir, daim yeniliklər axtarışındadır, Azərbaycanın davamlı inkişafına töhfələr verməyə səy göstərir.”
Bu fikirləri "atributinfo.az"a verdiyi açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Əliabbas Salahzadə qeyd edib ki, son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensial imkanlarından maksimum istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub və gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Fərman və sərəncamlar imzalayır, müxtəlif sahələri əhatə edən Dövlət proqramlarını təsdiqləyir: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər İli” elan edildi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsinin başlanğıcı oldu. Gənclərə dəstək yönümündə verilən mühüm qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Ümumilikdə gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Azərbaycanın gələcəyinə xidmət edən addımlar sırasında gənclərin xarici ölkələrdə təhsilini xüsusi qeyd edə bilərik. Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə qoyulmuşdur. Hələ o zamanlarda Azərbaycanın gələcəyini müstəqil görən Ulu Öndər gənclərimizi keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdir.”
Millət vəkili diqqəti Prezident İlham Əliyevin 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşımına yönəldib: “Cənab İlham Əliyev paylaşımında “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikirləri ilə tarixi Zəfərimizin yaratdığı reallıqları, Azərbaycanın bu şanlı Qələbəsində gənclərimizin rolunu açıqladı. Dövlət başçısı hər zaman gənclərə böyük etimad göstərir. Ölkə Prezidentinin 1 fevral 2024-cü il tarixli “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı da bu diqqətin bariz nümunəsidir. Gənclərimiz dövlətin onlara göstərdiyi etimadı əməli fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər.”
Əliaabbas Salahzadə bu məqamı qürurla qeyd edib ki, bu gün hər kəs Azərbaycan gəncinin vətənpərvərliyindən, torpaq sevgisindən bəhs edir: “Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın müasir tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Genişmiqyaslı bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin qayıdış ünvanlarının sayının artması ilə müşaiyət olunur. Azərbaycan gəncləri bu gün bayramlarını xoş ovqatda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasının sevincini yaşayaraq qeyd edir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Suverenliyimizin tam təmin olunması ilə qalib Azərbaycan yeni dövrə qədəm qoyur. Bu dövrün çağırışları gənclərimizin də qarşısına mühüm vəzifələr qoyur. Daim yenilik axtarışında olan gənclərimiz onların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan səmərəli istifadə edərək bu vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər. Gənclərimizə inam böyükdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Gənclərimiz torpaq, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclər hərbi qələbələrimizi şərtləndirdilər.
Müasir dövrün yenilikçi gəncliyi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızın müasir tələblər səviyyəsində bərpası tapşırığının uğurlu icrasına öz töhfələrini vermək imkanlarına malikdir. Yeni dövr yeni çağırışları ilə gənclərimizin gələcəyi üçün geniş imkanlar yaradır.”
