Bu fikirləri Milli Məclisin bugünkü novbədənkənar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edərkən söyləyib.
O, əlavə edib ki, cari ildə dövlət büdcəsinin gəlirlərinin 3 milyard manat və ya 9,8%, xərclərinin 3,2 milyard manat və ya 9,6% artırılması təklif edilir ki, bu da sosial-iqtisadi həyatımızın real mənzərəsinə tam uyğundur.
Dövlət büdcəsi gəlirlərinin artımının təxminən yarısı qeyri-neft sektorunun payına düşür ki, bu da qeyd olunan sahədə inkişaf potensialının və tempinin kifayət qədər yüksək olmasının göstəricisidir:
"Dürüstləşdirilən büdcənin xərclərinin əsas istiqamətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə habelə məcburi köçkün soydaşlarımızın doğma yurdlarında yenidən məskunlaşmasına yönəldilməsi də diqqətə layiqdir. Əlavə büdcə xərclərinin digər hissəsini ölkəmizin milli təhlükəsizliyinin qorunmasına, beynəlxalq münasibətlər sahəsinin gücləndirilməsinə, strateji sahələrin infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilməsi də təqdirə layiqdir."- Deputat deyib.
Musa Quliyev çıxışı zamanı rəhbərlik etdiyi Komitənin profilinə uyğun olaraq dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin istiqaməti barədə məlumat verərkən, həmçinin qeyd edib ki,
Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondununt dürüstləşdirilmiş büdcə layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmşdır:
"Dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaqdır. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasınat görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayının birindən 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulmuşdur. Eyni zamanda postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur.
Fondun mərkəzi aparatının və yerli struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur. Bu vəsait bu ilin yanvarından əmək haqlarının artımı ilə əlaqədar yaranan əlavə xərclərin qarşılanmasına yönəldiləcəkdir.
İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulmuşdur. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcəkdir.
İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin 7 parametri üzrə dəyişiklik təklif edilir.
- işsizliyə görə sığorta ödənişləri;
- haqqı ödənilən ictimai işlərin təşkili;
- sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi; - Dövlət Məşğulluq Ağentliyinin aparatının, yerli orqanlarının və Sosial Müdafiə Məsələləri üzrə Milli Observasiyanın saxlanılma xərcləri istiqamətdə artımların olması nəzərdə tutulur.
Artımlar əmək haqlarının yüksəlməsi, yeni sosial müəssisələrin yaradılması və əlavə iş yerlərinin açılması ilə əlaqədardır.
İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihəsində
-Peşə hazırlığı və əlavə təhsilin təşkili;
-Sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi və
- peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi bəndləri üzrə xərclərin azaldılması təklifi bu xidmətlərin bir hissəsinin Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi və işə götürənlər tərəfindən vakansiya az təklif edilməsi, yeni tikinti layihələrinin və avadanlığın alınmasının növbəti ilə keçirilməsi ilə əlaqədardır.
Son olaraq 2023-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinin hazırlanmasında başda Maliyyə nazirliyi əməkdaşları olmaqla hökumətdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
Həmişə olduğu kimi bu dəfə də büdcə layihələrinə mükəmməl təhlilə əsaslanan rəy hazırlamış və vaxtında bizim istifadəmizə vermiş Hesablama palatasına ayrıca təşəkkür etmək istəyirəm."- Komitə sədri bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
