Bu fikirləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev demişdir. O, əlavə etmişdir ki, xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı:
"Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994–cü il tarixli fərmanı idi. Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.
Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.
“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.
Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsində marağı olanların hamısının mənafeyi naminə çıxış edirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun.
Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” bağlanmış 21 müqavilədən biridir.
Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuş iqtisadi–sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.
Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona qayğı ilə yanaşardı. Qafqaz xalqının həyatında Şeyx Şamildən sonra Heydər Əliyev ikinci böyük qüdrət sahibi idi ki, bütün Qafqaz əhalisinin qayğısına qalırdı. Dünya ədəbiyyatında öz yeri olan böyük qırğız yazıçısı Çingiz Aytmatov Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.
Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.
Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi.
Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri–adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdir — fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Azərbaycanda hüquqmühafizə orqanlarının mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə ümummilli liderimiz, böyük öndər Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur.
Bu gün hər bir hüquqmühafizə orqan işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.
Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndərimiz yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərini nizamlayan, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün vacib baza yaratmışdır. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatların nəticəsi olaraq Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmiş, seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.
Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı–ayrı regionlar səviyyəsində yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü–gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu yüksək inkişafa və böyük uğurlara sosial–iqtisadi və ictimai–siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi irsinə sadiqliyini əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin bütün işlərin görülməsini təmin etməklə ümummilli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir."- Deputat vurğulamışdır.
Bəradər
"Atributinfo.az"
