Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin notariusu
Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.
Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti, məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.
...Müstəqillik əldə etdikdən sonra dilimizdə yaşam hüququ qazanan, 20 Yanvar faciəsindən başlayaraq Xocalıya uzanan Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhifələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar. Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular. Şəhidlərimiz ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir.
Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar, büründükləri üçrəngli bayrağımızın və uğrunda qurban getdikləri torpağımızın müqəddəsliyini qorudular. Qorudular ki, Azərbaycanın müstəqilliyi əbədi olsun. Dünya dövlətləri arasında sayılıb-seçilsin. Adı daim yüksəklərdə səslənsin.
Bildiyimiz kimi, Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşan Vətən müharibəsinin sonunda Ermənistanın imza atdığı kapitulyasiya aktına əsasən məğlub düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Lakin Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçdiyinə görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edilmişdi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan tərəfi razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlamışdıq. Cəmi bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Laçında qanunsuz məskunlaşmış ermənilərə şəhəri tərk etmələri üçün xahişləri nəzərə alınaraq yetərincə vaxt da verildi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini, eləcə də Zabux və Sus kəndlərini qaytardıq. Möhtərəm Prezidentimizin söylədiyi kimi, Laçın şəhərinin azad edilməsi tarixi hadisədir və Azərbaycan Bayrağı Laçının mərkəzi küçəsində əbədi dalğalanacaqdır.
