Müasir dünyanın siyasi xadimləri arasında çox az şəxsiyyət tapmaq olar ki, mənsub olduğu xalqın tarixi ilə Heydər Əliyev qədər ardıcıl, məhsuldar və səriştəli bir şəkildə məşğul olsun. Heydər Əliyevin mənsub olduğu, uzun zaman peşəkarlıqla rəhbərlik edib möhkəmləndirdiyi dövlətin və xalqın tarixi haqqında fikirləri heç vaxt elmi dəyərini, fəlsəfi mahiyyətini itirməyəcək. Onun tariximiz haqqındakı mülahizə və qeydlərini dövlət səviyyəli əməli fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki o, doğulduğu torpağa, xalqa, onun tarixinə bağlı adam idi. Xalqın taleyüklü məsələlərinə aydın gözlə baxırdı.
İndi dünya dövlətləri sırasında özünü təsdiq etmiş Azərbaycan məhz fövqəladə zəka sahibi Heydər Əliyevin sayəsində müasir dövlətçilik konsepsiyasını yaratmağa müvəffəq oldu. Ulu öndər Azərbaycan şəraitinə uyğun olan hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu strategiyasını işləyib hazırladı və bu məfkurənin müəyyən mərhələlərinin həyata keçməsinin təminatçısı şəxsən özü oldu.
Heydər Əliyev qeyd edirdi ki, “milli ideologiya xalqımızın özü ilə, gələcəyi ilə bağlı olmalıdır.” Ərazi bütövlüyünü və xalqın həmrəyliyini təmin etmək Azərbaycan ideologiyasının əsas məfkurəsidir. Azərbaycançılıq milli istiqlal hərəkatının nəticəsidir. Deməli, bu ideologiya müəyyən bir sinfin, partiyanın, siyasi qurumun yox, bütöv xalqın ideologiyası, onun birliyinin ifadəsidir.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri milli məğlubiyyət sindromu yarada bilərdi. Lakin, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız bu fəlakətdən qurtuldu. Heydər Əliyev Azərbaycan xalqının dizini qatlanmağa qoymadı, arzusunda olduğu Azərbaycan dövlətinin dayaqlarını möhkəmləndirə bildi.
Lətif Feyzulla oglu Fərəcov,
Cəlilabad rayonu Notariat Ofisinin notariusu
