Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədr müavini Adil Əliyev: “Prezident İlham Əliyev Rusiya KİV rəhbərlərinin suallarını məntiq və faktlarla cavablandırdı”

    Milli Məclisin sədr müavini Adil Əliyev: “Prezident İlham Əliyev Rusiya KİV rəhbərlərinin suallarını məntiq və faktlarla cavablandırdı”Prezident İlham Əliyevin Moskva səfəri zamanı TASS informasiya agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif məsələlərdə mövqeyinin Rusiya media elitasına birbaşa çatdırılması baxımından önəmlidir. Ənənəvi olaraq Rusiyada erməni diasporunun və lobbisinin ölkədə ictimai rəyin formalaşmasına təsiri güclü olub. Bu da Azərbaycan haqqında mənfi rəy yaradılmasında və ölkəmiz barədə həqiqətlərin təhrif edilməsində ciddi rol oynayıb.
    Həmin görüşdə Rusiya mediasının erməni diasporuna mənsub olan əsas siması, Russia Today telekanalının, Rosiyya Seqodnya və Sputnik agentliklərinin baş redaktoru Marqarita Simonyan da iştirak etmişdir. Marqarita Simonyan etnik ermənilərin Azərbaycana girişinə guya qadağa qoyulması ilə bağlı Prezidentə qərəzli suallar vermişdir. Prezident İlham Əliyev məntiqli və faktlarla əsaslandırılmış cavablar verərək bildirdi ki, Azərbaycanda keçirilən müxtəlif idman yarışlarında və digər tədbirlərdə iştirak etmək üçün etnik ermənilər təhlükəsiz şəkildə ölkəmizə gəlib gedirlər. Hətta erməni katalikosu Qaregin də Azərbaycana səfər edib və Bakının mərkəzində yerləşən erməni kilsəsində olub. Həmin kilsədə erməni dilində beş mindən çox kitab qorunub saxlanır. Katalikos Qaregin həmin kitablarla tanış olub. Bundan əlavə, Azərbaycanda minlərlə erməni millətindən olan vətəndaşlar yaşayırlar.
    Ümumiyyətlə, Azərbaycan ənənəvi olaraq multikultural ölkə olub, burada müxtəlif din və etnik mənsubiyyətli insanlar rahat və azad yaşayırlar. Prezidentin bu qeydlərinə ən yaxşı sübut həmin görüşdə iştirak edən Azərbaycan əsilli nüfuzlu Rusiya jurnalistləri, o cümlədən etnik yəhudi Mixail Qusman olub. Onlar da Azərbaycanda müxtəlif mənsubiyyəti olan insanların, o cümlədən ermənilərin mehriban mühitdə yaşadıqlarını qeyd ediblər.
    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onları Azərbaycanı və işğaldan azad edilmiş əraziləri öz gözləri ilı görmək üçün ölkəmizə dəvət etdilər. Bu çox məqsədyönlü addımdır. Çünki əgər səfər baş tutarsa, Rusiyanın aparıcı KİV rəhbərləri, o cümlədən erməni diasporunu və lobbisini təmsil edən şəxslər işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş ağlasığmaz dağıntılar və xarabalıqlar faktı ilə üzbəüz qalacaqlar.
    TASS-da görüş zamanı Prezident Rusiyanın aparıcı KİV rəhbərlərinin digər suallarını da məntiqlə və faktlarla cavablandırıb. Bu, xüsusilə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin perspektivlərinə aid suala cavab verərkən müşahidə olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə artıq dialoq üzrə tərəfdaşdır. Növbəti pillə olan müşahidəçi statusu almaq üçün bir neçə il əvvəl təşkilatın katibliyinə edilmiş müraciətə isə bəlli olmayan səbəbdən hələ cavab verilməyib. KTMT-yə gəldikdə isə, o qeyd edib ki, “KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır”. Rusiya olmasaydı, KTMT çoxdan unudulmuşdu. Ona görə də Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Eyni sözləri Avrasiya İqtisadi İttifaqı haqqında da demək olar. Bu kontekstdə, Azərbaycanın Türkiyə ilə münasibətləri də rusiyalı jurnalistlər üçün ciddi maraq doğurur. Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurur. Türkiyənin NATO-ya üzv dövlət olmasını, Rusiyanın isə KTMT-nin de-fakto lider ölkəsi olmasını nəzərə aldıqda, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik münasibəti qurması olduqca maraqlı fenomendir. Prezident bəyan edib ki, artıq faktiki olaraq Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatı qurulur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ