Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri bildirib ki, noyabrın 28-də Aşqabadda keçirilən İƏT-in XV Zirvə Toplantısı bir sıra məqamları ilə yaddaqalan oldu: “Tədbirdə çıxış edən Prezident İlham Əliyev üzv dövlətlərlə həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə faydalı əməkdaşlıqdan, eləcə də ölkəmizin iqtisadi potensialından bəhs edib. Aydın şəkildə görünür ki, məqsədyönlü, effektli islahatlar nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişafa nail olunub. Bunu nüfuzlu beynəlxalq qurumların reytinqləri də təsdiqləyir. Belə ki, Dünya Bankının ötən il açıqladığı “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yeri tutub, bu da kifayət qədər yüksək göstəricidir. Həmçinin Dünya Bankı Azərbaycanı 10 ən islahatçı ölkə sırasına daxil edib. Bununla yanaşı, Davos İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra sahələr üzrə öncül yerlərdədir. Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pillədə qərarlaşıb. Bütün dünyanı bürüyən və ağır iqtisadi fəsadlar törədən pandemiya şəraitində bu cür dayanıqlı iqtisadiyyata sahib olmaq ölkəmizin iqtisadi qüdrətini göstərir”.
S.Möhbalıyevin sözlərinə görə, pandemiya ilə mübarizə şəraitində Azərbaycanın sərgilədiyi mövqe və qlobal xarakterli təklifləri, bu istiqamətdə neqativ məqamları gündəmə gətirməsi bir daha ölkəmizin etibarlı və məsuliyyətli dövlət olduğunu göstərdi: “Təkcə bunu qeyd etmək kifayət edər ki, ilk gündən Azərbaycan “peyvənd millətçiliyi”nə qəti şəkildə etiraz etdi, bütün ölkələr üçünbərabər imkanların təmin olunmasına çalışdı. Baxmayaraq ki, ölkəmiz peyvəndləməyə başlayan ilk ölkələrdən biri olub və bu proses pulsuz həyata keçirilir”.
“Ermənistanın uzun illər davam edən işğal siyasətinin mənfi nəticələri region dövlətlərinə də təsirsiz ötüşmürdü. Bunu bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar daha aydın göstərir. Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü layihələrin miqyası göstərir ki, region dövlətləri, o cümlədən İƏT-ə üzv dövlətlər də bundan faydalanacaqlar. Həmçinin açılmasışübhə doğurmayan Zəngəzur dəhlizi region dövlətləri üçün daha əhəmiyyətli görünür”, - Milli Məclisin deputatı əlavə edib.
