Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin mənafeyinə cavab verir

Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin mənafeyinə cavab verir "Heç kimə sirr deyil ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalılıq, ortaq maraqlar və yaxın qonşuluq prinsipləri əsasında inkişaf edir və hər iki ölkənin mənafeyinə cavab verir. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyini, siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bir daha təsdiqlədi".
Bu sözləri millət vəkili İqbal Məmmədov əməkdaşımızla söhbət zamanı bildirib.
Millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərin inkişafına zəmin yaradan amillərdən biri və bəlkə də birincisi Azərbaycan və Rusiya prezidentləri arasındakı etimad və dövlət başçılarının geosiyasi proseslərə ortaq baxış bucağına malik olmalarıdır. Bu amil dövlət başçılarının görüşündə də özünü büruzə verdi. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya əməkdaşlığında yeni və daha mühüm bir mərhələnin başlandığından xəbər verir.
Deputat qeyd edib ki, bu mərhələ hər iki ölkənin maraqlarına cavab verən yeni iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə müşayiət oluna bilər. Hər iki ölkənin iqtisadi potensialı Cənubi Qafqazın və daha geniş subregionun təhlükəsiz, xarici müdaxilələrə qapalı və daim inkişafda olan bir regiona çevrilməsi üçün bütün lazımi çağırışlara cavab verir.
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərinin xüsusi əhəmiyyətindən danışan deputat İqbal Məmmədov onu da vurğulayıb ki, liderlərin görüşü zamanı ölkələr arasında olan əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişafı, istiqamətlər müzakirə olunub. Eyni zamanda ikinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan və Rusiya prezidentlərinin görüşündə səslənən fikirlər hər iki ölkə liderinin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqeyə sahib olduqlarını nümayiş etdirdi. Açıq şəkildə ifadə olundu ki, razılaşmada yer alan bütün prinsiplər, o cümlədən bütün kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəalar icra olunmalıdır. Bu yanaşma, eyni zamanda, 10 noyabr Bəyanatının icrasına, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı bir sıra hazırlıq işlərinin yerinə yetirilməsinə və nəzərdə tutulan layihələrin reallaşdırılmasına süni maneə yaratmaq istəyən dairələrə də ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır”, - deyə millət vəkili vurğulayıb.
İ. Məmmədov qeyd edib ki, bölgəyə üçüncü qüvvələrin müdaxiləsinə zəmin yaratmaq üçün edilən cəhdlər, həmçinin kommunikasiyaların açılmasına yaradılan süni əngəllər yolverilməzdir.
O, vurğulayıb ki, Ermənistan rəhbərliyinin son bir neçə ay ərzində sərgilədiyi mövqe, 10 noyabr Bəyanatının icrasına maneə yaratmaq istiqamətində sərgilədiyi manipulyativ davranışlar regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına qarşıdır və belə addımların qarşısı qətiyyətlə alınacaq.
Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin mənafeyinə cavab verir


Bəradər SƏMƏNDƏRLİ
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ