Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Qüdrət Həsənquliyev: "Biz qaçqınların məskunlaşmasına Ermənistanla sərhədlərdən başlamalıyıq".

    Millət vəkili Qüdrət Həsənquliyev: "Biz qaçqınların məskunlaşmasına Ermənistanla sərhədlərdən başlamalıyıq". "Əslində Ermənistan minalanmış ərazilərin xəritəsini bizə atəşkəs imzalanandan dərhal sonra verməli idi. Məlumdur ki, erməni təxribatçıları noyabr ayının 26-da tərksilah edilərək, həbs olunublar. Onlar hərbi əsir deyillər".
    Bu sözləri Milli Məclisin deputatı, BAXCP-nin sədri Qüdrət Həsənquliyev "Atributinfo.az"-a verdiyi müsahibə zamanı bildirdi. O, qeyd etdi ki, həmin şəxslər "Atəşkəs
    haqqında" saziş imzalanandan sonra Azərbaycan torpaqlarına təxribat məqsədilə keçmiş insanlardı. Bu barədə Azərbaycan rəsmiləri, Azərbaycan dövləti dəfələrlə açıqlama ilə çıxış ediblər.
    -Qüdrət bəy, Ermənilər açıq-aşkar bəyan edirlər ki, (onların öz dili ilə ifadə etsək) yalnız hərbi əsirlərimiz azad edildiyi təqdirdə minalanmış ərazilərin xəritələrini təqdim edəcəyik. Sizcə, bu nəyin etirafıdır?
    -Əgər ermənilər deyirlərsə ki, hərbi əsirləri buraxın, biz o xəritələri verək, onda beləliklə təsdiq edirlər ki, bu günə qədər dünya ictimaiyyətini, o cümlədən Azərbaycanı, eləcə də üçtərəfli sazişin digər iştirakçısı Rusiyanı aldadıblar, yalan danışıblar. Onlar bugünədək israr edirdilər ki, bizdə elə xəritələr yoxdur, minalar basdırılsa da, biz bunun xəritəsini çəkməmişik. Ancaq indi şərt qoyaraq deyirlərsə ki, yox, bu bizdə var, onda özlərini növbəti dəfə ifşa edirlər və sübut edirlər ki, bu millətə, bu dövlətə güvənmək, inanmaq olmaz. Onlar riyakarcasına yalan danışırlar və bundan utanmırlar, çəkinmirlər.
    -Belə mürəkkəb vəziyyətdə təhlükəsizliyi təmin etmək məqsədilə ərazilərimizin minalardan təmizlənməsinə sizcə, haradan başlamalıyıq?
    -Əlbəttə, ərazilərimizdəki minalara gəldikdə, hesab edirəm ki, Azərbaycan ilk növbədə kəndlərə gedən yolları minalardan təmizləməlidir. Və yaşayış məntəqələrini, eyni zamanda bütün ərazini, meşələri, dağları, çayları, zəmiləri minalardan təmizləməlidir.
    Əslində əvvəlcə yollar təmizlənməli, yolların kənarları təmizlənməli, sonra o yollar girir hansısa yaşayış məntəqələrinə və yaşayış məntəqələri təmizlənməlidir. Hökumət isə hesabat verməlidir ki, indiyə qədər neçə kənd, neçə rayon mərkəzi minalardan təmizləndi. Sonra keçmək olardı digər ərazilərə; əkin-biçin yerlərinə, otlaqlara və sair. Amma ilk növbədə, qeyd etdiyim kimi, yollar və yaşayış məntəqələri minalardan təmizlənməlidir.
    Nə qədər gec deyil, hökuməti mən çağırıram ki, minalardan təmizləmə işinə qeyd elədiyim formada yanaşsın. Həm də imkan vermək lazımdır ki, bu kəndlərə insanlar qayıtsınlar. Dövlət deyir ki, "Ağıllı kənd" tikəcəyik. Bunu mən əvvəldən söyləmişdim ki, bir neçə belə kənd tikmək olar. Amma bütünlüklə 900-dən artıq yaşayış məntəqəsini bu formada bərpa eləmək mümkün olmayacaq. Dağ kəndləri var ki, orada cəmi 10-15 dənə ev olub, amma orda 10 minlərlə qoyun, mal-heyvan saxlayıblar. Həmin kəndlərin ərazisində gözəl otlaq sahələri, biçin sahələri var. Eyni zamanda, vətəndaşların böyük bir qismi var ki, gedib öz evlərini bərpa eləsin. Ona görə dövlət şərait yaratmalıdır ki, kimin imkanı varsa, gedib öz evini tiksin. Düşünmürəm ki, dövlət hamıya ev tikməlidi. Ehtiyacı olana, bəli, dövlət tikməlidir. Mən çox sayda tanıdığım qaçqınlar var ki, onlar gəliblər iş qurublar, əllərində kifayət qədər vəsaitləri var. Hamısı deyir ki, bəs, bizi nə vaxt buraxacaqlar gedib öz evimizi bərpa edək, tikkək. Hələ onların bəziləri deyir, nəinki öz evimizi tikmək, gedib kəndlərimizdə mağazalar açaq, bağçalar, məktəblər tikək,inzibati binaların tikilməsinə kömək edək. Ona görə də xalq Qarabağın bərpası prosesində iştirak eləməlidir. O formada yox ki, "gətirin pulu verin biz gedək tikək". Xeyr, xalqın özün buraxmaq lazımdı ki, camaat özü getsin, qursun, yaratsın, tiksin. Hətta, lazım gəlsə, minatəmizləyən aparatlardan 10 minlərlə alıb gətirmək lazımdı ki, qoy, camaat özü getsin öz həyətini təmizləsin. Dövlət onu ucuz qiymətə ala bilir. Alıb gətirib camaata satsın, paylasın. İnsanlar ondan istifadə qaydalarını da tez bir zamanda öyrənəcək, gedəcək öz həyətini təmizləyəcək. Əgər prosesi sürətləndirmək istəyiriksə, bu cür addımlar atılmalıdır. Bu həm də psixoloji məsələdir. İnsanlar ayılıb ora qayıdandan sonra Ermənistan artıq məğlubiyyətlə tam barışacaq, revanş haqqında düşünməyəcək.
    Mən o zaman söyləmişdim ki, biz qaçqınların məskunlaşmasına Ermənistanla şərhədlərdən başlamalıyıq. Məsələn, Laçından, Kəlbəcərdən başlayıb, uzu bu tərəflərə gəlməliyik.
    Millət vəkili Qüdrət Həsənquliyev: "Biz qaçqınların məskunlaşmasına Ermənistanla sərhədlərdən başlamalıyıq".
    Bəradər SƏMƏNDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ