Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan iqtisadi zonalarla bağlı təklif

    Deputatdan iqtisadi zonalarla bağlı təklifBu gün-mayın 4-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə daxil edilən məsələlərin müzakirəsindən öncə deputatlar cari məsələlərdən danışdılar, narahatlıq doğuran problemlərin həlli istiqamətində fikirlərini səsləndirdilər.
    Sonra gündəlikdəki məsələlərə baxıldı. Təklif olunanan məsələlərdən biri də "Ələt Azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə idi. Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili geniş məlumat verdikdən sonra müzakirələrə başlanıldı.
    Müzakirələr zamanı çıxış edən deputatlar sırasında millət vəkili İltizam Yusifovun səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdiyindən çıxışı nöqtəsinə, vergülunə toxunmadan olduğu kimi veririk:
    -"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsindəki bu dəyişikliklər Azad iqtisadi zonanın ümumi fəaliyyəti, orada gələcəkdə fəaliyyət göstərəcək rezidentlər üçün münbit şərait yaratmaq baxımından vacib və təqdirəlayiqdir. Sözsüz ki, mən də qanun layihəsinin lehinə səs verəcəm. Lakın gələcək işlərimiz üçün qanun layihəsi ətrafında qisaca olaraq müəyyən fikir və mülahizələrimi bildirəcəm.
    Bildiyiniz kimi, Azad iqtisadi zonaların yaradılması həm ayrılan ərazinin və regionun iqtisadi inkişafına, həm də konkret olaraq prioritet iqtisadi məsələlərin həllinə, strateji proqramların reallaşdırılmasına hesablanmış bir layihədir.
    Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixli imzalanmış fərmanı ilə Ələt Azad iqtisadi zonasının yaradılması da mühüm əhəmiyyət kəsb edir.
    Burada Azərbaycan iqtisadiyyatı üçün əsas məqsəd beynəlxalq iqtisadi əlaqələrin rəqabətqabiliyyətli iştirakçısı olmaq, dünya səviyyəli biznes, iqtisadi mühitin formalaşdırılması, iqtisadiyyatın deversifikasiyası və ixrac yönümlü olması və qeyri-neft sektorunun inkişafıdır. Yerləşmə baxımından isə Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat koridoru və Regional investisiya qovşağınınn yaradılmasıdır.
    Burada Qanun layihəsi barədə geniş məlumat verildi. Bütün dəyişiklikləri məqbul sayıram.
    Lakin bir məsələyə aydınlıq gətirilməsini istəyirəm. 17.1-17.2 maddələrinə görə belə çıxmır ki, bəzi yerli mallar və xidmətlər əsas iqtisadiyyat qanunvericiliyinin müddəalarının tətbiqi nəticəsində ölkədə istifadəsiz qala bilər, onlara tələbat olmaya bilər, əvəzində isə ölkəyə kənardan gətirilən identik mallar və xidmətlərdən istifadə oluna bilər?
    Qanunda Azad zona ərazisi maddəsində də (19 maddə) dəyişiklik edilir. Ümumiyyətlə, Ələt Azad iqtisadi zonasi üçün ayrılmış torpaq sahələri ilk etapda 3 zonanı əhatə edir. Bu həm də işlərin görülməsinin 3 fazaya bölünməsini göstərir. 3-cü zona Ələt qəsəbəsindən Şirvan şəhəri istiqamətində yerləşir. Hesab edirəm ki, gələcəkdə, növbəti etaplarda, növbəti faza üçün də məhz həmin ərazidən istifadə olunacaqdır. Bu ərazi kənd təsərrüfatı üçün elə də yararlı deyil və bu baxımdan onun ölkəmizin sənaye potensialını artırmaq üçün istifadə olunması daha məqsədəuyğundur.
    Bundan əlavə, Ələt Azad iqtisadi zonasının əsasən ixracyönümlü məhsulların istehsalını nəzərdə tutdugunu nəzərə alsaq, yerli bazar üçün yeni formatda, yeni bir iqtisadi zona yaratmaq olar. Dünyada bu praktikadan geniş istifadə olunur. Post-pandemiya dövründə bütün dünyada bu cür iqtisadi zonalarda yüksək iqtisadi aktivlik müşahidə olunur. Biz də bu sahədə çevik tərpənməli, iqtisadiyyatda yeni, modern formalar tətbiq etməliyik.
    Buna görə də Hökumətə, İqtisadi inkişaf Nazirliyinə təklif edərdim ki, Şənaye şəhəri olan Şirvanın yerləşdiyi cografi mövqe, onun ərazisinin yalnız Ələt qəsəbəsi istiqamətində böyüməsinin və inkişaf etməsinin mümkünlüyünü nəzərə alaraq, Gələcəkdə Şirvandan Ələt iqtisadi zonasına qədər 30 kilometrlik boş ərazidə, Ələt Azad İqtisadi Zonası ilə qonşu, Yerli bazara yönələn, müəyyən güzəşt və stimullar sistemi tətbiq edilən, Xüsusi Sənaye Zonasının yaradılması ilə bağlı da işlər aparılsın. Belə ki , “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də regionların inkişafı, iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.
    Bununla da sözü gedən ərazi, Azərbaycanın sənaye potensialını özündə birləşdirən yeni bir iqtisadi rayon olmaqla yanaşı, Gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük töhvə vermiş olar.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ