Sizin reklam burada
Sizin reklam burada

Təəssüf edirəm ki, bu bəyanatla əlaqədar reallıqdan uzaq fikirlər də səslənir

Təəssüf edirəm ki, bu bəyanatla əlaqədar reallıqdan uzaq fikirlər də səslənir İlham Məmmədov,
Notariat Palatasının İdarə Heyətinin üzvü,
Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu

Azərbaycanda ədliyyənin də, ordu quruculuğunun inkişafı da məhz Heydər Əliyevin adı ilə bağlıdır


“Bizim əsas vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və onu əbədi etməkdən ibarətdir. Həyata keçirdiyimiz daxili siyasət, o cümlədən Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlətin qurulması Azərbaycanın müstəqilliyinin daimi olması üçün əsas şərtlərdən biridir”.
Heydər Əliyev


Qədim tarixə və dövlətçilik ənənələrinə malik olan xalqımız 1918-ci ildə Şərqdə ilk dəfə demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına nail olsa da, bu dövlətin ömrü az oldu. Cümhuriyyətlə eyni gündə yaradılan ədliyyəmiz də fəaliyyətini dayandırmalı oldu. Xarici qüvvələrin, xüsusən də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində 28 aprel 1920-ci ildə respublikamız süqut etdi, uzun müddət Sovet imperiyasının tərkibində oldu. Lakin bu illər ərzində müstəqillik arzusu heç vaxt sönmədi, xalqımız addım-addım öz istiqlalına doğru inamla irəlilədi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə bu mücadilə daha da artdı, milli özünüdərk və oyanış dövrü başlandı...
Məhz ulu öndərin rəhbərlik etdiyi 1970-1982-ci illərdə bugünkü iqtisadi və siyasi müstəqilliyimizin möhkəm təməli qoyuldu, respublikamızda milli kadrlar irəli çəkildi, mühüm dövlət vəzifələrinə təyin olundu, hərbi kadrların yerləşdirilməsi üçün hərbi məktəblərin yaradılması və kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Bu illərdə ulu öndərin rəhbərliyi altında respublikamızda hərtərəfli quruculuq işləri aparılaraq elm, mədəniyyət, sənaye və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə edildi. Şübhəsiz ki, belə bir inkişaf ədliyyə sisteminindən də yan keçmədi, məhkəmə-hüquq quruculuğu sahəsində, o cümlədən notariat kontorlarının fəaliyyətində öz müsbət əksini tapdı.
1991-ci ildə Sovetlər İttifaqının dağılması nəticəsində Azərbaycan xalqı 28 aprel 1920-ci ildə məhrum olduğu dövlət müstəqilliyinə yenidən qovuşdu və 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə əldə edilmiş müstəqillik hüquqi cəhətdən rəsmiləşdirildi. Lakin 1991-1993-cü illər ərzində respublikamızda baş verən ictimai-siyasi hadisələr, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, müxtəlif siyasi qruplar və silahlı dəstələr arasında hakimiyyət uğrunda gedən mübarizə, o dövrdəki iqtidarın apardığı naşı daxili və xarici siyasət ölkəmizi vətəndaş müharibəsi həddinə çatdırdı və Azərbaycanın bütün dünyada təklənməsinə səbəb oldu. Həmin dövrlərdə hakimiyyətdə olanlar ölkəmizi idarə etmək iqtidarında deyildi. Mürəkkəb və Azərbaycan üçün taleyüklü mərhələdə mövcud iqtidardan əli üzülən xalqımız üzünü Naxçıvana - Azərbaycanın böyük oğlu Heydər Əliyevə tutaraq onu təkidlə respublikaya rəhbərliyə dəvət etdi.
Xalqın təkidli çağırışına biganə qalmayan ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələrək ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi üçün konkret tədbirlər görməyə başladı. Təbii ki, bundan sonra baş verənlər hər birimizə məlumdur.
Mən bunları xatırlatmaqla, bu gün Dağlıq Qarabağın erməni işğalından azad edilməsində böyük əlaqələr görürəm. “Əsrin müqaviləsi”ni məhz ulu öndər reallaşdırdı. Bunun nəticəsində iqtisadi gücümüz artdı, ordu quruculuğu gücləndi, müasir silahlar aldıq və s, Əgər belə olmasaydı, biz torpaqlarımızı erməni işğalından azad edə bilərdikmi?
Bu da Allahın Azərbaycana necə deyərlər, bir bəxşeyişidir ki, ulu öndərin işini onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla davam etdirdi. Sentyabrın 27-dən başlayan müharibə demək olar ki, noyabrın 10-da qələbəmizlə başa çatdı. Bütün bu günlər ərzində nəinki bizlər, həm də bütün dünya cəbhədə baş verənləri böyük həyəcanla, böyük maraqla izləyirdi. Unutmayaq ki, bu, XXI əsrin müharibəsi idi. Azərbaycan Ordusunun zəfərləri ard-arda gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə biz zəfər çaldıq, əsgər və zabitlərimiz tarix yazdılar. Özü də bu, dünyanı heyrətləndirən döyüşlər oldu.
Təbii ki, biz bu qələbəni minimal itkilərlə qazandıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlar tezliklə ayağa qalxsınlar.
Ali Baş Komandan, cənab İlham Əliyev dünyaya həm də böyük diplomatiya dərsi keçdi. 10 noyabr bəyanatı (üç dövlət arasında) Ermənistanın konkret məğlubiyyəti demək idi. Təəssüf edirəm ki, bu bəyanatla əlaqədar reallıqdan uzaq fikirlər də səslənir. Vaxt gələcək qazandığımız qələbənin, 10 noyabr bəyanatının mahiyyəti daha da aşkar görünəcək və bütün bunların ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğu bir daha öz təsdiqini tapacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ