Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Ordusu tarix yazdı!

Azərbaycan Ordusu tarix yazdı! Ərəstun İmanov,
Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu

Bu qələbə ədliyyə işçilərinə peşə bayramı ərəfəsində çox böyük sürpriz oldu


Bir əsrdən çox inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyənləşdirilmişdir.
1920-ci ildə ölkəmiz işğal edildikdən sonra milli dövlətçiliyimizin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, bu sahədə işlərin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir.
Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiyamız qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquq İslahat Komissiyası yaradılmış, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.
2006-cı ildə Ədliyyə Nazirliyinin yeni əsasnaməsi qəbul edilərək, ona hüquq-mühafizə orqanı statusu verilmiş, nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edilmişdir. Bundan əlavə, Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi, haqqında fərmanları imzalanmış, “Ədəliyyə orqanlarında qulluq keçmə haqqında” yeni Qanun və Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramı qəbul edilmiş, Ədliyyə Nazirliyində Ədliyyə Akademiyası, regional ədliyyə şöbələri və müxtəlif reyestrlər yaradılmışdır.
Qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində aktiv iştirak edən Ədliyyə Nazirliyi tərəfindən təkcə 2003-2012-ci illər ərzində ictimai həyatın müxtəlif sahələrini əhatə edən 20 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, 2200-dən çox layihə hazırlanmışdır.
Son illər ölkəmizin sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaratmışdır. Bu da notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayının artmasında öz əksini tapır. Ümumiyyətlə, söhbəti bu istiqamətdə aparmaq mümkündür. Ancaq xalqımızın bu sevincli günlərində faşist erməniləri torpaqlarımızdan qovmaq, işğal edilən ərazilərimizi azad etmək kimi çox böyük, şərəfli missiyanın öhdəsindən gəlməyimiz barədə danışmamaq qeyri-mümkündür.
Bəli, 2020-ci il gələr-gəlməz nəinki bizi, bütün dünyanı koronavirus kimi gözəgörünməz düşmənlə üz-üzə qoydu. Pandemiya problemini başa düşmək olar. Bu, artıq dünyanı bürümüş bir bəladır və yəqin ki, yaxın gələcəkdə məsələ öz müsbət həllini tapacaq. Mənfur qonşularımızla olan 30 illik Dağlıq Qarabağ konflikti isə öz həllini tapmırdı ki, tapmırdı. Sanki bütün qüvvələr bizə işğal edilmiş torpaqlarımızı dolayı yollarla unutmağı təlqin edirdi. Aydın məsələdir ki, vaxt keçdikcə, status-kvo uzandıqca ermənilər öz məqsədlərinə çatacaqlarını düşünürdülər. Elə bu səbəbdən də cənab Prezidentin təbirincə desək, onlar get-gedə qudururdular. Bu, may ayında “qondarma respublika”da keçirilən inaqurasiya mərasimi zamanı Paşinyan da daxil olmaqla, “qalibiyyət”in qeyd edilməsi ilə pik həddə çatdırıldı. Baş nazirin və ətrafının sərxoş vəziyyətdə Şuşada - Cıdır meydanında rəqs etməsi əslində Azərbaycan xalqına bir həqarət idi. Sözsüz ki, belə görüntülərin sosial şəbəkədə yayılması hər bir azərbaycanlının heysiyyatına toxunurdu.
Nəhayət, bu il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərkərdə qabiliyyəti, Milli Ordumuzun əsgər və zabitlərinin cəsarəti, şücaəti, mərdliyi və vətənpərvərliyi sayəsində demək olar ki, başa çatdı. İşğal olunan torpaqlarımız murdar erməni tapdağından azad olundu. Biz zəfər qazandıq!
Biz həm də dünyaya haqqın qalib gələcəyini sübut etdik. Biz necə xalq olmağımızı, necə döyüşkən olmağımızı nümayiş etdirdik. Biz onu da isbatladıq ki, Ali Baş Komandan demişkən, “bizimlə zarafat etmək olmaz!”.
Bu müharibədə qazandığımız qələbə çox böyük tarixi əhəmiyyət daşıyır. Bu barədə siyasətçilər, hərbi ekspertlər, iqtisadçılar və digər sənət sahibləri hələ çox söhbət açacaq və öz mülahizələrini bildirəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ