Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Ramil Həsənov:-"Azərbaycanla oyun oynamağın zamanı çoxdan keçib!"

    Millət vəkili Ramil Həsənov:-"Azərbaycanla oyun oynamağın zamanı çoxdan keçib!" Milli Məclisin oktyabrın 6-da keçirilən iclasından öncə Parlamentə akkkreditə olunan jurnalistlərlə bir neçə deputatın ön cəbhədəki vəziyyətlə, eləcə də müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi uğurlu nəticələrdən təsirlənən Fransanın dövlət başçısı E. Makronu, eyni zamanda digər beynəlxalq təşkilatlara üzv dövlət rəhbərləri tərəfindən haqq savaşımıza təzyiq etmələri, tərəfləri yenidən danışığa dəvət etmələri kimi, mənasız hərəkətlərlə bağlı press konfransı oldu. Milli Məclisin cari məsələlərlə bağlı deputatlara ayırdığı vaxt da elə günün eyniadlı mövzusuna həsr olundu. İclasdan sonra millət vəkili Ramil Həsənovla görüşüb bu istiqamətdə suallarımızı cavablandırmasını xahiş etdik. O, dedi:-
    -Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın "Vur!" əmrilə artıq tarixi bir missiyanı həyata keçirir. Cənab Prezidentin də vurğuladığı kimi 30 ildir düşmən tapdağında qalan Vətən torpqlarını işğaldan azad etmək üçün rəşadətli Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirməkdədir. Əks hücum əməliyyatlarımız, qürürla deyə bilərik ki, uğurla davam edir. Füzulinin, Cəbrayılın, Kəlbəcərin Murovdağ istiqamətində bir çox nöqtələrinin, Tərtərin kəndlərinin-yaşayıs məskənlərimizin, eləcə də hərbi-xüsusi strateji əhəmiyyət daşıyan təpələrimizin və şəhərlərimizin düşmən taptağından günbəgün azad olunması əlbəttə, bizlərə nəinki qürur verir, hər bir Azərbaycan vətəndaşı kimi mən də daxil olmaqla, bu gün Ali Baş Komandan tərəfindən əmr veriləcəyi təqdirdə əlimizə silah alıb gedib orda o tarixi anın bir parçası olmağı arzu eləyirik.
    Ona görə də həm beynəlxalq hüquq normaları çərçivəsində, həm ölkəmizin ərazi bütovlüyünün təminatı çərçivəsində cənab Prezident vurğuladığı kimi, Azərbaycan haqq yolundadır və haqlı mövqeyini axıra qədər də həyata keçirərək tarixi, rəsmi torpaqlarımızı geri qaytarmaq üçün yolumuzdan dönməyəcəyik.
    -Zamanında bu haqq işimizi balanslı şəkildə həll etməyə borclu olan ölkələr bu günlər ölkəmizə təzyiq etməyə, tərəfləri barışığa dəvət etməyə qalxıblar. 30 il gözləmək kifayət deyildimi. İndi hansı barışıqdan söhbət gedə bilər?
    - Bəli tamamilə doğru vurğulayırsınız. Prezidentimiz xüsusi qeyd etdi ki, "Mən heç kəsə zəng eləmirəm, mənə zəng edirlər, xüsusilə Fransa prezidenti və bəziləri. Onların məqsədləri döyüşlərin dayandırılması, tərəflərin danışıq masasına əyləşməsidir. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Ermənistan ordusu rədd olub torpaqlarımızdan getsin, sonra buyurun danışıqlara başlayaq." Prezidentimiz çox doğru vurğuladı ki, neyləyək, döyüşləri dayandıraq, vaxt uzansın, onlar da bu vaxt ərzində havadarlarının köməyilə yenidən güclənib torpaqlarımızı işğal etməyə başlasınlar? Bu gün Azərbaycan xalqı qəhrəmancasına Ali Baş Komandanın rəhbərliyi altında bütün ruh yüksəkliyi ilə bu prosesə hazırdır. Artıq, nəhayət torpaqlarımızı işğaldan azad etməkdəyik. Əgər beynəlxalq təşkilatlar zamanında öz üzərlərinə düşən məsuliyyət hissini dərk edib torpaqların işğaldan azad edilməsilə bağlı sülh prosesinə təkan vermiş olsaydılar, BMT-nin qəbul etdiyi 4 qətnaməsinin tətbiqiylə bağlı addımlar atsaydılar, ATƏT-in Minsk
    Qrupu, onun 3 həmsədr institutu sadəcə, Prezidentimizin dediyi kimi, turistik səfərlər həyata keçirməsəydilər, real nəticə verəcək addımlar atsaydılar, biz bugünkü proseslərdə niyə iştirak edirdik? Onlar torpaqlarımızı sülh yoluyla geri qaytaracaqdılarsa, əlbəttə ki, hərb yolunu seçməzdik. Cənab prezident haqlı olaraq vurğuladı ki, "Axı, mən dəfələrlə xəbərdarlıq etdim, dəfələrlə bildirdim ki, bunu ya sülh yoluyla həll edin, ya da biz BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz torpaqlarımızı işğaldan azad etmək üçün addımlar atacağıq. Bu gün hüquq da, qanun da, haqq da, ədalət də Azərbaycanın tərəfindədir. Qardaş Türkiyə Cümhuriyyəti də, onun dəyərli Cümhur başkanı-Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, cənab Prezident İlham Əliyev tarixi missiyasıyla bağlı kiməsə hesabmı verməlidir? Biz Azərbaycan xalqı olaraq rəhbərimizin-Ali Baş Komandanımızın ətrafındayıq, onun verdiyi əmrləri yerinə yetiririk, torpaqlarımız işğaldan azad olunur. Prezidentimizin qeyd etdiyi kimi, bundan Fransa və başqa ölkələrə nə?! Regionla birbaşa əlaqələri olmayan ölkələr niyə bu qədər canfəşanlıq edirlər? Niyə bu ölkələr bu günə qədər işğalçıya "işğalçı" adını verə bilməyiblər? Baxmayaraq ki, 4 qətnamə mövcuddur, işğalçıya işğalını durdur, buraları tərk elə!- deyə bilməyiblər?
    -Ramil müəllim, bu gün Ermənistan həddini o qədər aşıb ki, hətta Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadə edir.
    -Bəli, onlar Gəncəni vurduqları silahların çoxu qadağan olunmuş silahlardı. Mingəçevirə bomba atırlar, Gəncəyə raket atırlar, Tərtərdəki, Bərdədəki evlərə atırlar, yandırırlar, Beyləqana, Goranboya, Naftalana, hətta Abşerona-Xızıya atırlar. İndi təsəvvür edin, neçə iyrənc rejimlə-Ermənistan rejimilə qarşı-qarşıyayıq.
    Əslində cənab Prezidentimizin də qeyd etdiyi kimi, Paşinyan və onun törtöküntüləri hamısı sorusdu, əlaltıları, sifariş həyata keçirən bir oyuncaq qrupdur. Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Ermənistan hər zaman sifariş həyata keçirib. Türkiyə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan "haydurt", yəni terrorist dövlətdir. Terrorist ölkələrdən isə qanunlardan başqa hər şeyi gözləmək mümkundür. Bilirsiniz, savaş qanunları var-mülki əhalinin vurulmaması. Düşünün, Azərbaycan Ermənistanın və Qarabağdakı Azərbaycan vətəndaşı olan erməni azlığına belə müraciət edərək onları savaş gedən nöqtələrdən, hərbi obyektlərdən uzaq durmağa çağırır və mülki əhaliyə qarşı hər hansı bir addım atmır. Amma Ermənistan Ermənistan Respublikasının ərazisindən-Berds, Vardanes, Gorus tərəfdən Azərbaycanı vururlar, Azərbaycanı təxribata çəkməyə çalışırlar. Onlar bununla çikin əməllərinin içindən sıyrılıb çıxmağa çalışırlar. Yaddan çıxarırlar ki, Azərbaycan dövləti hüquqi və demokratik dövlət olmaqla yanaşı, ağıllı, praqmatik düşüncəyə sahib, düşünülmüş siyasət yürüdən bir liderə sahibdir. Bizim təəssüflə qeyd etdiyimiz giüllə-baran olan mülki əhali yaşayan ərazilərimizdən görün bugünədək bir nəfər çıxıb, tərk edibmi doğma ev-eşiyini? Bunlar ağıllarını başlarına yığıb fikirləşməlidirlər ki, Azərbaycan 1992-ci illərdəki Azərbaycan deyil. Azərbaycanla oyun oynamağın, torpaqlarımıza qarşı işğalçılıq siyasəti yürütməyin vaxtı çoxdan keçib. Onlar torpaqlarımızı qaytaracaqlar, rədd olub çıxıb gedəcəklər. Ondan sonra Prezidentimizin də qeyd etdiyi kimi sülh təmin olunacaq.

    Bəradər SƏMƏNDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ