![]()
Çinli alimlər dünyada ilk dəfə olaraq açıq dənizdə - 10 metr dərinlikdə perovskit Günəş batareyalarına əsaslanan fotovoltaik sistemi sınaqdan keçiriblər. Texnologiya suyun altına nüfuz edən məhdud Günəş işığı spektrindən səmərəli istifadə etmək üçün nəzərdə tutulub.
Yunnan Universiteti alimlərinin tədqiqatı “Joule” jurnalında dərc edilib. Hazırlanmış batareyalar 5-10 metr dərinlikdə üstünlük təşkil edən 400-600 nanometr dalğa uzunluğuna malik mavi-yaşıl radiasiyaya uyğunlaşdırılıb, çünki qırmızı işıq su tərəfindən daha tez udulur. Bazalar materialın elektronları saxlamaq qabiliyyətini artıran poliheksametilen quanidin hidroxlorid əlavə edilmiş qurğuşun halid perovskitinə əsaslanır. Laboratoriya şəraitində enerjiyə çevrilmə səmərəliliyi təxminən 35 faizə çatıb.
Sistem daha sonra Cənubi Çin dənizindəki Veyçjou adası yaxınlığında sınaqdan keçirilib. Uzaqdan idarə olunan robotlar vasitəsilə sahəsi 115 kubsantimetr olan Günəş batareyaları 2, 6 və 10 metr dərinliklərdə yerləşdirilib. Sınaq zamanı elementlər müvafiq olaraq 1416, 752 və 324 millivatt-saat elektrik enerjisi istehsal edib. Bütün hallarda istehsal olunan enerji litium-ion batareyalarını doldurmaq və LED lövhəni işə salmaq üçün kifayət edib.
Tədqiqatçıların fikrincə, bu texnologiya potensial olaraq sualtı rabitə sistemlərini, video yayımını, akustik monitorinqi və digər muxtar cihazları işə salmaq üçün istifadə edilə bilər.
