Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrasına töhfə olaraq AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər təşkil edib.
Mərkəzdən bildirilib ki, təlim ümumilikdə hər iki qurumdan 60-dək müxtəlif bölmə mütəxəssisinin fəaliyyət istiqamətlərinə və real iş ehtiyaclarına uyğunlaşdırılıb. Məqsəd əməkdaşları yalnız süni intellekt alətləri ilə tanış etmək deyil, həm də bu texnologiyadan harada, necə və hansı məhdudiyyətlər daxilində istifadə edilməli olduğunu anlatmaq olub.
Praktiki tapşırıqlar və real iş ssenariləri əldə olunan biliklərin gündəlik fəaliyyətə tətbiqinə imkan yaradıb.
Təlimlərdə effektiv sorğuların hazırlanması, məlumatların təhlili və ümumiləşdirilməsi, sənədlərlə iş, təkrarlanan proseslərin optimallaşdırılması, məlumat təhlükəsizliyi, etik prinsiplər və fərdi məlumatların qorunması kimi istiqamətlərə diqqət yetirilib. Mövzular hər bir departamentin fəaliyyət sahəsinə uyğun müəyyən edilib. Təşəbbüs Süni İntellekt Strategiyasının süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi, eləcə də dövlət qurumlarında süni intellekt və məlumatların idarə edilməsi üzrə kadr potensialının gücləndirilməsi istiqamətlərini dəstəkləyir.
Davamlı və fərdiləşdirilmiş təlim modeli süni intellekt savadlılığını ümumi məlumatlılıqdan praktiki istifadə bacarığına çevirməyə, texnologiyadan daha şüurlu, təhlükəsiz və səmərəli istifadə mədəniyyətini gücləndirməyə xidmət edir. Proqramın məzmununun iştirakçı rəyləri və struktur bölmələrin dəyişən ehtiyacları nəzərə alınmaqla daim təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu mövzuda təlim indiyədək Ədliyyə, Kənd Təsərrüfatı və Elm və Təhsil nazirliklərinin ayrı-ayrı bölmə və qurumlarının əməkdaşları üçün təşkil olunub.
