Razi Nurullayev Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini
Sahibkarla görüşəndə mən həmişə bir şeyi düşünürəm: sahibkarın arxasında təkcə bir şirkət, mağaza və ya istehsal sahəsi yoxdur. Orada insanların iş yeri, ailələrin dolanışığı, dövlətə ödənilən vergilər və ölkənin iqtisadi gələcəyi var.
Sahibkar qazandıqca dövlət də qazanır. Ona görə sahibkara maneə yaratmaq, əslində, öz iqtisadi imkanımıza maneə yaratmaqdır. Sahibkarın dövlətdən istədiyi imtiyaz deyil, normal və proqnozlaşdırılan iş mühitidir. Qaydalar aydın, prosedurlar sadə, qərarlar sürətli və münasibət ədalətli olmalıdır.
Bu baxımdan “bir pəncərə” sistemi yalnız kağız üzərində yox, real həyatda işləməlidir. Sahibkar eyni məsələ üçün müxtəlif qurumların qapısını döyməməli, vaxtını və enerjisini bürokratiyaya deyil, biznesini böyütməyə sərf etməlidir. Lisenziya, icazə, torpaq, kredit, vergi, gömrük və kommunal məsələlərində təkrarlanan prosedurlar mümkün qədər aradan qaldırılmalıdır.
Düşünürəm ki, sahibkarlığın qarşısında duran əsas məsələlərdən biri də maliyyəyə çıxışın asanlaşdırılmasıdır. Xüsusilə yeni başlayan və istehsal yaradan sahibkar üçün münasib şərtli kredit, zəmanət və sığorta mexanizmləri genişləndirilməlidir. Dövlət sahibkara hər şeyi hazır verməməlidir, amma onun ayaqda qalmasına və böyüməsinə mane olan süni baryerləri aradan qaldırmalıdır.
Bir də sahibkara yalnız “vergi ödəyən şəxs” kimi baxmaq düzgün deyil. O, dövlətin sosial yükünü də müəyyən qədər üzərinə götürən tərəfdaşdır: iş yeri yaradır, insanlara gəlir qazandırır, məhsul istehsal edir, xidmət göstərir və iqtisadi fəallıq yaradır.
Azərbaycanın inkişaf etmək üçün həm insan resursu, həm bazar, həm də böyük iqtisadi potensialı var. Bizim əsas vəzifəmiz bu imkanların qarşısına lazımsız maneələr qoymamaqdır. Dövlət, sahibkar və vətəndaş bir-birinə mane olan tərəflər yox, eyni iqtisadi sistemin üç dayağı olmalıdır.
Sahibkarın işi asanlaşdıqca yeni iş yerləri yaranacaq, istehsal artacaq, vergi bazası genişlənəcək və insanların rifahı yüksələcək. Mənim üçün sağlam sahibkarlıq mühiti məhz budur: dövlət sahibkara yol açır, sahibkar isə həmin yolla ölkənin iqtisadiyyatını irəli aparır.
