Sizin reklam burada
Sizin reklam burada
  • Ekspert: Qırmızı və Yaşıl xətlərin ayrılması Bakı metrosunun inkişafında yeni mərhələnin əsasını qoyacaq

    “Bakı Metropoliteni” QSC-də Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından uzun illərdir gözlənilən və strateji əhəmiyyət daşıyan addımdır.

    Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

    Ekspert qeyd edib ki, fəaliyyət göstərdiyi müddətdə 60 ilə yaxın tarixi olan Bakı metrosunda xətlərin ayrılması mövcud texniki məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcək.

    “Bu gün metroda qatarların hərəkət intervalı faktiki olaraq texniki imkanların son həddinə çatıb. Bunun əsas səbəblərindən biri Qırmızı və Yaşıl xətlərin eyni müstəvidə kəsişməsi və sərnişin axınlarının qarışmasıdır. Xətlərin ayrılması nəticəsində hər üç xətt müstəqil fəaliyyət göstərəcək, keçid stansiyaları isə öz funksiyasını daha səmərəli yerinə yetirəcək. Bu, qatarların daha intensiv hərəkətinə, sərnişindaşıma qabiliyyətinin artmasına və metro sisteminin daha dayanıqlı fəaliyyətinə şərait yaradacaq”, – deyə R.Ağamirzəyev vurğulayıb.

    Onun sözlərinə görə, Dərnəgül elektrik deposunun tam istifadəyə verilməsi də istismar etibarlılığını artıracaq və hər hansı texniki nasazlığın bütün metro şəbəkəsinin işinə mənfi təsir göstərməsinin qarşısını alacaq.

    Ekspert bildirib ki, layihənin həyata keçirilməsi gələcəkdə Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalının hazırkı təxminən 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyədək endirilməsinə imkan yarada bilər. Bu isə sərnişindaşıma imkanlarının əhəmiyyətli dərəcədə artması deməkdir.

    Rauf Ağamirzəyev vurğulayıb ki, xətlərin ayrılması ilə yanaşı, metro şəbəkəsinin genişləndirilməsi də prioritet olaraq qalmalıdır. Onun sözlərinə görə, dövlət proqramında şimal istiqamətindən gələn sərnişin axınının qarşılanması üçün Bənövşəyi xəttin şəhərin mərkəzinə qədər uzadılması, həmçinin Həzi Aslanov–Əhmədli istiqamətindən şəhər mərkəzinə olan yükün azaldılması məqsədilə 8 Noyabr prospekti boyunca yeni metro xəttinin inşası nəzərdə tutulur: “Nəqliyyat sisteminə kompleks yanaşma vacibdir. Metro, şəhərətrafı dəmir yolu, avtobus və gələcək tramvay xətləri vahid nəqliyyat sistemi kimi fəaliyyət göstərməlidir. Dərnəgül–Koroğlu dəmir yolu bağlantısının yaradılması şəhərdaxili və şəhərətrafı sərnişin axınlarının daha səmərəli bölüşdürülməsinə, “28 May”, “Koroğlu” və “20 Yanvar” kimi əsas nəqliyyat qovşaqlarında sıxlığın azalmasına mühüm töhfə verəcək”.

    Onun sözlərinə görə, gələcəkdə artacaq sərnişin tələbatının qarşılanması üçün dövlət proqramı çərçivəsində ictimai nəqliyyata, xüsusilə relsli nəqliyyat növlərinin inkişafına daha çox investisiya yönəldilməlidir.

    “Şəhər mobilliyi yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda, iqtisadi inkişafın əsas amillərindən biridir. Nəqliyyat əlçatanlığı insanların vaxt itkisini azaldır, biznes aktivliyini artırır və daşınmaz əmlakın dəyərinin yüksəlməsinə müsbət təsir göstərir. İnsanlar fərdi avtomobildən ictimai nəqliyyata keçdikcə şəhərdə tıxaclar azalır, hərəkət sürətlənir və iqtisadi səmərəlilik artır”, – deyə R.Ağamirzəyev qeyd edib.

    Ekspert hesab edir ki, nəqliyyatın müxtəlif növləri arasında tam inteqrasiyanın təmin olunması da əsas prioritetlərdən biridir.

    “Metro, dəmir yolu, avtobus, mikromobillik vasitələri və piyada infrastrukturu bir-birini tamamlayan vahid sistem kimi işləməlidir. Sərnişin bir nəqliyyat növündən digərinə maneəsiz keçə bilməli, ödəniş sistemi tam inteqrasiya olunmalı, səfər isə rahat və fasiləsiz təşkil edilməlidir. Gündəlik, aylıq və illik bilet paketlərinin, eləcə də 90 dəqiqəlik inteqrasiya olunmuş keçid imkanının tətbiqi ictimai nəqliyyatdan istifadəni daha da cəlbedici edəcək”, – deyə o bildirib.

    Rauf Ağamirzəyev əlavə edib ki, şəhər mərkəzində piyada infrastrukturunun inkişafı, səkilərin yenilənməsi, təhlükəsiz və inklüziv piyada keçidlərinin yaradılması da müasir şəhər mobilliyinin ayrılmaz hissəsidir. “Dünyanın bir çox şəhərlərinin, eləcə də region ölkələrinin təcrübəsi göstərir ki, vahid və inteqrasiya olunmuş nəqliyyat sistemi insanların gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bakı da bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində daha səmərəli və dayanıqlı nəqliyyat modelinə sahib olacaq”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ