“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ötən gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ qaydada həmin sahənin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.
Qısaqapanma nəticəsində qısamüddətli tüstülənmə müşahidə olunub. Bununla bağlı dərhal təxirəsalınmaz tənzimləmə tədbirləri həyata keçirilib.
İlkin araşdırmaların nəticəsinə əsasən, saat 15:00-da metropolitendə sərnişindaşıma fəaliyyəti bərpa olunub və zəruri texniki tədbirlərin icrası ilə bağlı müvafiq qərarlar qəbul edilib. Hazırda operativ tədbirlər planına uyğun olaraq, qısaqapanmanın baş verdiyi kabel xəttində təhlükəsizlik qaydalarına riayət edilməklə texniki işlər davam etdirilir. Eyni zamanda, analoji halların təkrarlanmasının qarşısının alınmasına yönəlmiş əlavə tədbirlər görülür.
Qeyd edilib ki, hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizlik tədbirləri gücləndirilir, texniki dəstək işləri genişləndirilir. Hadisənin detallı təhlili də davam etdirilir.
Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi, həmçinin həyata keçirilən tədbirlərin təhlükəsiz şəkildə yekunlaşdırılması məqsədilə günün əsas sərnişin axını saatlarında “28 May–Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərə şənbə günü qrafikindən istifadə etmələri tövsiyə olunur.
Qurum yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib, göstərilən anlayışa görə təşəkkürünü bildirib. Texniki araşdırmaların nəticələri və görüləcək işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.
