Qax rayonunun fındıqçılıq sahəsindəki zəngin potensialı bu istiqamətdə mühüm rol oynayır.
"Arributinfo.az" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Şotavar kəndi ərazisində fəaliyyət göstərən “AZERNUTS” MMC-yə baş çəkərək müəssisənin istehsalat prosesi, məhsul keyfiyyəti və mövcud iş şəraiti ilə yaxından tanış olmuşdur.
2020-ci ildən fəaliyyət göstərən müəssisə rayonun aqrar-sənaye sektorunda özünəməxsus yer tutur. Fındıq emalı üzrə ixtisaslaşan müəssisədə mövsümdən asılı olaraq 25 nəfərdən 60 nəfərədək sakin işlə təmin olunur ki, bu da kənd yerlərində məşğulluğun artırılmasına ciddi töhfə verir. İlin 9-10 ayı ərzində aktiv fəaliyyət göstərən zavodda yüksək keyfiyyətli çiy, qovrulmuş və üyüdülmüş fındıq ləpəsi istehsal edilir.
Müəssisədə istehsal olunan məhsullar daxili bazarda "Gilan Holding" kimi iri şirkətlərə tədarük edilməklə yanaşı, həm də geniş ixrac coğrafiyasına malikdir. Belə ki, Qax fındığı Türkiyə, Almaniya, Polşa, İtaliya, Rusiya və Baltikyanı dövlətlərin bazarlarına çıxarılaraq ölkəmizin ixrac potensialını uğurla təmsil edir.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
