Bunu Ankarada keçirilən brifinqdə Türkiyənin ticarət naziri Ömər Bolat bəyan edib.
Ö.Bolat bildirib ki, əgər 2024-cü ilin yekununda Türkiyənin xidmətlərinin ixrac həcmi 117 milyard ABŞ dolları təşkil edirdisə, cari ildə bu göstərici 121 milyard dollara çatacaq. Eyni zamanda, malların ixrac həcmi rekord həddə – 269 milyard ABŞ dollarına yüksəlib.
Nazirin sözlərinə görə, 2025-ci ilin sentyabrında Türkiyənin ixrac həcmi 22,6 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 3 faiz çoxdur. “Bütün bunlar Türkiyə iqtisadiyyatında müsbət tendensiyanın davam etdiyini göstərir”, – deyə nazir vurğulayıb.
Bolat, həmçinin Türkiyənin ticarət-iqtisadi əlaqələrinin inkişafı məqsədilə həyata keçirilən çoxsaylı beynəlxalq təmaslardan danışıb. “Təkcə son 9 ay ərzində Türkiyə dünyanın 44 ölkəsi ilə ticarət danışıqları aparıb”, – deyə o qeyd edib.
Ö.Bolat gələn həftə Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci sammitinin əhəmiyyətini vurğulayıb. “Prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edəcək böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməyi planlaşdırırıq”, – deyə nazir bildirib.
