“Azərişıq” ASC-nin tarixi Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki “Bakinski dok”da quraşdırılmışdır.
Bakının işıqları, Bakının gecələri, Bakının sayrışan ulduzları ifadəsi ötən əsrin 60-cı, 80-ci illərində şeirdə, sənətdə, mahnılarda vəsf olunan mövzulardan olub. O illərin Bakısını görənlər nostalji duyğularla Bakının özünəməxsus gecələrini xatırlayırlar. Bulvar boyu sayrışan gecə lampaları, üzü Dağüstü parka qalxan funikulyorun rəngarəng işıqları yaşlı və orta nəslin yaddaşında duyğulu hisslərlə yaşamaqdadır. Elektrik enerjisinin müvafiq qaydada istehsalı, ötürülməsi, paylanması nə qədər texniki bir məsələdirsə, onun nəticəsi - Qədim Bakının küçə və meydanlarını, tarixi memarlıq abidələrini – “Qız qalası”nı, “Şirvanşahlar sarayı”nı, “İsmailiyyə” binasını, eləcə də son illər tikilən milli ornamentli, şərq üslüblü binaların işıqlandırılması estetik bir nəticədir. Sırf mühəndis-texniki bir vasitə ilə istehsal olunan elektrik enerjisi istehlak məqamında estetik bir gözəllik mənbəyinə, bədii bir obraza çevrilib insanların zövqünü oxşayır, şeirə, nəğməyə dönür.
“Bakının işıqları” təsadüfən və ya keçmiş SSRİ məkanında deyildiyi kimi “İliç lampası” ilə yaranmayıb. Bunun daha qədim tarixi var. Hətta Avropanın bugünkü, ən inkişaf etmiş şəhərlərindən daha öncə Bakıda elektrik enerjisi istehsal və istehlak olunub. O vaxtdan indiyə kimi çox şey dəyişib.
Bir neçə gün əvvəl “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha bir yük karvanını yola salıb.
Minlərlə dayaqlardan, yeni Komplekt Transformator Məntəqələrindən, kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından götürən ağır tonnajlı yük avtomobilləri Bakının Xəzər rayonunun qəsəbələrinə istiqamət alıb. Bu maşın karvanının apardığı avadanlıqlar və materiallarla rayonun Binə qəsəbəsinin yeni salınan məhəllələrinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, maşın karvanının apardığı yükə 10 ədəd KTM (Komplekt Transformator Məntəqəsi), bir neçə min kilometr elektrik verilişi xətləri, 7 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və s. daxildir.
T.Mustafayevin sözlərinə görə “Azərişıq” ASC tərəfindən ölkə prezidentinin göstərişi əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir.
“Biz bu barədə vaxtaşırı olaraq məlumatlar veririk. Əslində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsi hələ illər əvvəl tamamilə yenidən qurulub, nəticədə sakinlərin elektrik ener]isi ilə sutkanın 24 saatı boyu keyfıyyətli, dayanıqlı təchizatı təmin olunub. Lakin bildiyiniz kimi Bakıətrafi kənd və qəsəbələr sürətlə böyüyür, hər il minlərlə yeni fərdi evlər, müxtəlif obyektlər tikilir. Nəticədə bəzi ərazilərdə mövcud şəbəkələrdə yüklənmələr artır, yaxud yeni salınan yaşayış məhəllələrinin elektrik təchizatı şəbəkəsini qurmaq zərurəti yaranır. O cümlədən Xəzər rayonu üzrə bir sıra ərazilərdə yenidənqurma işlərinə zərurət yaranıb. Hazırda bu rayon üzrə abonentlərin sayı 80 mindən yuxarıdır, onların 30 mindən çoxu təkcə Binə qəsəbəsinin payına düşür. Bu gördüyünüz avadanlıqlar, materiallar hesabına Xəzər rayonunun elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılacaq, aparılan yenidənqurma işləri yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə səbəb olacaq” - T.Mustafayev bildirib.
Xatırladaq ki, bu, 2019-cu ilin əvvəlindən bəri “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan onuncu maşın karvanıdır. Bundan əvvəl Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.
“Azərişıq” ASC ötən il Bakının Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrində yenidənqurma işlərini yekunlaşdırıb. Nəticədə həmin qəsəbələrin sonradan salınan məhəllələrində yaşayan abonentlərin də elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin olunub. O cümlədən “Azərişıq” ASC ölkənin regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirib. Bu işlərin 2019-cu il ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur. T.Mustafayev deyib ki, 2019-cu ilin tədbirfər planı tərtib olunub və həmin plan çərçivəsində işlər bu cür sistemli şəkildə həyata keçiriləcək.
“Bizim vəzifəmiz prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq istər Bakıda, istər ölkənin ən ucqar bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir” - T.Mustafayev bildirib.
Bəradər Səməndərli
