Sizin reklam burada
Sizin reklam burada
  • Misirdə Nil timsahları yenidən əhali arasında narahatlıq yaradıb

    Son aylarda Misirin müxtəlif vilayətlərində Nil çayından çəkilən suvarma kanallarında və sututarlarda timsahların görünməsi ölkədə geniş müzakirələrə səbəb olub. Son belə hadisə Qalyubiyyə vilayətinin əl-Həsabə kəndində qeydə alınıb. Yaşayış məntəqəsinə yaxın su kanalında üzən Nil timsahının görüntüləri yerli sakinlər arasında narahatlıq yaradıb.

    Bu hadisədən sonra timsahların ölkənin şimal bölgələrində necə peyda olması ilə bağlı suallar yenidən gündəmə gəlib.

    Mütəxəssislərin əksəriyyəti bu fikirdədirlər ki, Nil timsahları təbii şəraitdə yalnız Misirin cənubundakı Nasir gölündə yaşayır. Asuan bəndi və hidrotexniki qurğular timsahların Nil çayının aşağı axınına keçməsini tamamilə əngəlləyir. Bu səbəbdən onların ölkənin şimal vilayətlərində təbii yolla görünməsi mümkün hesab edilmir. Bildirilir ki, bu heyvanlar əsasən qeyri-qanuni şəkildə saxlanılan timsah balalarının böyüdükdən sonra sahibləri tərəfindən su hövzələrinə buraxılması nəticəsində həmin ərazilərdə peyda olur.

    Misir Fermerlər İttifaqının rəhbəri Hüseyn Əbdürrəhman timsahların son vaxtlar kanallarda görünməsini qanunsuz heyvan ticarətinin nəticəsi adlandırıb. O bildirib ki, timsahların təbii yaşayış arealı dəyişməyib və son hadisələrin əsas səbəbi insanların məsuliyyətsiz davranışıdır.

    Xatırladaq ki, Nil timsahı dünyanın ən iri timsah növlərindən biri hesab olunur. Misirin cənubunda Nil çayı üzərində Nasir gölü yaradıldıqdan və Asuan yüksək bəndi istifadəyə verildikdən sonra bu yırtıcılara çayın aşağı axınında və ölkənin digər regionlarında təbii şəraitdə demək olar ki, rast gəlinmirdi. Timsahların insanlara hücum etməsi ilə bağlı mediada yayılan məlumatlar əhali arasında təbii olaraq qorxu və təşvişə səbəb olub. Buna görə də son dövrlərdə kanallarda timsahların görünməsi həm ictimaiyyətin, həm də mütəxəssislərin diqqət mərkəzindədir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ