Respublikamızda vaxtilə şadlıq evlərinin yetərincə olmamasından istifadə edən imkanlı, pullu insanlar şadlıq evi biznesinə başladılar. Dəyəri milyonlarla ölçülən saraylar inşa etməyə qərar verdilər. Çünki həmin saraylarda keçirilən toy mərasimlərində küllü miqdarda gəlir əldə edirdilər. Ona görə ki, onlara və gəlirlərinə nəzarət etmək bir növ çətin idi.
Düzdür, vergilər nazirliyi müxtəlif formada onlara nəzarət etmək istədi.
Amma həmin nəzarət öz keyfiyyətini vermədi.
Hazırda isə toy-düyünlərin azalması, insanların iqtisadi vəziyyətinin ağırlaşması imkan vermir ki, toyların sayı çoxalsın.
Üstəlik də, gənclərimizin, oğlan və qızlarımızın ailə həyatı qurmağa imkanları məhdud olduğuna görə bu işə maraq göstərmirlər.
Çünki ailə qurmaq üçün birinci növbədə insana mənzil, yaxşı şərait və iş yeri olmalıdır.
Statistik göstəricilər göstərir ki, ailə quran gənclərimizlə bərabər nigahı pozulan gənclərimiz də çoxdur.
Mən bunu yalnız iqtisadi çətinliklə, iş yerinin olmaması ilə gənclərin gələcəkdə heç bir perspektivinin olmadığını görürəm.
Hamıya məlumdur ki, Azərbaycanda pul ən çox vəzifəli şəxslərə məxsusdur.
Vaxt ilə bu pullarla istehsalat sahəsi yaratsaydılar, gənclərimiz orada çalışardı və Azərbaycan istehsalçı ölkə kimi tanınardı.
Nədənsə, Azərbaycanda istehsalat sahəsi açmaq barədə çox az düşünürlər.
Bax budur, milyonlar yatırılmış şadlıq evləri ağzı günə qalıb.
Onların sahibləri də məcburdur ki, həmin şadlıq evlərini mərasim evinə çevirsinlər.
Belə götürüləndə şadlıq və mərasim evləri arasında gəlir barəsində xeyli fərq var.
Ümumiyyətlə, istənilən şadlıq evinə yaxınlaşıb soruşsan ki, bunu hansı vəsait ilə tikmisən?
Yəgin ki, cavabı həqiqəti əks etdirməyəcək.
Qiyam Ərşadoğlu
"Atributinfo.az"
