Sizin reklam burada
Sizin reklam burada
  • İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

     

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti” fəaliyyətə başlayıb.

    Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirildiyinə görə, cəmiyyətin rəhbəri Rövşən Namazov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, hazırladığı tədris materialları və yaratdığı mədəniyyət mərkəzləri xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, yeni fəaliyyətə başlayan “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti” də dil kursları, mədəni tədbirlər və gənclərin inkişafına yönəlmiş layihə və təşəbbüslər vasitəsilə Batumidə yaşayan azərbaycanlıların bir araya gəlməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və milli şüurun güclənməsinə töhfə verəcək.

    Rövşən Namazov vurğulayıb ki, cəmiyyətin fəaliyyəti yalnız ana dilinin və milli-mədəni irsin yaşadılması ilə məhdudlaşmayacaq. Təşkilat, eyni zamanda, Batumidə yaşayan soydaşlarımızın sosial-iqtisadi və ictimai həyatda fəal iştirakına, Gürcüstanın çoxmədəniyyətli mühitinə uğurla inteqrasiyasına dəstək göstərəcək.

    Cəmiyyətin yaxın dövr üçün hazırladığı fəaliyyət proqramına ana dili ilə yanaşı, gürcü və xarici dillərin tədrisi, Azərbaycanın tarixi və mədəniyyətini tanıdan sərgilərin, ədəbi-bədii gecələrin və milli bayramlara həsr olunan tədbirlərin təşkili daxildir. Bununla yanaşı, regionda yaşayan ehtiyac sahibi soydaşlarımıza və Batumidə təhsil alan azərbaycanlı tələbələrə sosial və mənəvi dəstəyin göstərilməsi də nəzərdə tutulur.

    Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mədəni-humanitar sahədə daha da inkişafına töhfə verəcək. “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti”nin fəaliyyəti regionda mədəni dialoqun genişlənməsinə və iki xalq arasında əsrlərə söykənən dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ