Bu fikirləri yazıçı-publisist Mustafa Çəmənli səsləndirib.
O bildirib ki, Natəvan yaradıcılığında əsasən qəzəl janrına üstünlük verib. Onu digər şairlərdən fərqləndirən əsas cəhətlərdən biri ərəb və fars mənşəli sözlərdən imkan daxilində az istifadə etməsi idi. Şairə Azərbaycan türkcəsinin zəngin ifadə imkanlarından məharətlə yararlanaraq qəzəllərini oxucuya daha doğma və anlaşıqlı şəkildə təqdim edə bilib. Onun poeziyasında qadın zərifliyi, incə duyğular və zəngin daxili aləm aydın hiss olunur.
Mustafa Çəmənlinin sözlərinə görə, Natəvan təbiətə, xüsusilə gül və çiçəklərə böyük məhəbbət bəsləyirdi. Bu motivlər onun yaradıcılığında geniş yer tutur. Şairə hiss və düşüncələrini təbiət obrazları vasitəsilə ifadə etməyi bacarırdı. Eyni zamanda, o, rəssamlıqla da məşğul olurdu və bu bədii təfəkkür onun poetik dünyasında da öz əksini tapırdı. Elə buna görə də gül və çiçək obrazları Natəvan poeziyasının aparıcı bədii elementlərindən hesab olunur. Onun müasiri olan bir çox şairlər Natəvana nəzirələr yazmış, ona şeirlər həsr etmişlər.
Müsahib qeyd edib ki, Xurşidbanu Natəvan Azərbaycan tarixində həm də böyük xeyriyyəçi kimi xüsusi ehtiramla xatırlanır. O xatırladıb ki, həmçinin Natəvan şəxsi vəsaiti hesabına Şuşa şəhərinə su xətti çəkdirib. Həmin dövr üçün böyük əhəmiyyət daşıyan bu layihə təkcə şəhərin su təchizatını yaxşılaşdırmaqla kifayətlənməyib. Natəvan suyun uzun müddət sərin və təmiz saxlanılması üçün su anbarları tikdirib, həmçinin şəhər əhalisinin istifadəsi məqsədilə buzxana inşa etdirib. Şuşa sakinləri yay aylarında bu buzxanadan heç bir ödəniş etmədən, ehtiyacları qədər buz götürə bilirdilər.
Mustafa Çəmənlinin fikrincə, bu təşəbbüslər Xurşidbanu Natəvanın xalqına bağlılığını, xeyirxahlığını və ictimai məsuliyyət hissini parlaq şəkildə nümayiş etdirən tarixi nümunələrdəndir.
