Şair-publisist,
Prezident təqaüdçüsü
Yaxşı yadımdadır, 1995-ci ilin payız fəsli idi, qışın yavaş-yavaş yaxınlaşdığı, yağışlı bir gündə hörmətli şairimiz Avdı Qoşqar məni Azərbaycan Televiziyasına, Mailə Muradxanlının yanına apardı, salamdan sonra mənə işarə edib dedi:
-Mailə xanım, bu gənc yaxşı şeirlər yazır, onu bir az da həvəsləndirmək üçün verilişə çəkmək istəyirəm.
Mailə xanım təbəssüm dolu çöhrəsinə əlavə bir doğmalıq da hopdurub gülümsər halda dedi:
-Gənclərə qayğı borcumuzdur. Bir halda ki, bu gənc diqqətini cəlb edib, “Məqam”a çək.
Avdı müəllim Mailə xanıma minnətdarlıq etdi, mənim də çöhrəmdə o səltənətli qadına bir təşəkkür cəhdi özünü büruzə verdi, çevrilib getmək istəyəndə Mailə xanım dedi:
-Sənə uğurlar, oğlum!
Bu kəlmənin xoş izdivacı ruhumu necə silkələdisə, nitqim tutuldu, sadəcə, başımla o insanlıq boyaları ilə dolu xanıma minnətdarlıq etdim. Avdı müəllim sanki buna bənd idi, dedi:
-Mailə xanım, siz bu gəncə yol və həvəs verməklə Cənnəti qazandınız.
Mailə xanım daha doğma şəkildə gülümsündü və biz Avdı müəllimlə birlikdə otaqdan çıxdıq.
Foyedə Avdı müəllim dedi ki, beş-on dəqiqədən sonra veriliş başlayır, ibrətamiz, ciddi şeirlərindən bir neçəsini deyərsən...
Beləcə, “Məqam” verilişinin rejissoru məni hazırlaşdırdı, necə durmağı, hətta şeiri hansı ahənglə deməyi tapşırdı. Veriliş başlandı. Mən hələlik bir qıraqda durub gedişatı izləyirdim. Avdı müəllim ilk olaraq Xalq artisti Həsənağa Turabovla həmsöhbət oldu, sonra Xalq artisti Yaşar Nuri ilə dialoq qurdu, ardından Xalq artisti, görkəmli xanəndə Canəli Əkbərov ürəkləri riqqətə gətirən ifası ilə verilişə rəng qatdı. Sonra da misilsiz yazıçı İsi Məlikzadə haqqında nekroloq oxundu, yazıçının həyat və yaradıcılığından qısa fraqmentlər getdi.
Nəhayət, növbə mənə çatdı, əvvəlcə Avdı Qoşqarın mənimlə bağlı bir-iki dəqiqəlik təqdimatı oldu, sonra rejissorun işarəsi ilə üç şeir oxudum, ancaq ürəkdən oxudum, bədii qiraətçilərə xas tərzdə dedim şeirlərimi. Düzdür, həyacan məni boğurdu və bu, verilişdə də aşkar hiss olunurdu...
Veriliş bitəndən sonra rejissor dedi:
-İsi Məlikzadə sənin nəyindir?
Mən anidən dedim:
-Kaş mən onun qohumu olaydım!
Rejissor nə dediyimi anladı və soruşdu:
-O zaman sən haralısan?
-Şamaxıdanam, - dedim.
Rejissorun çöhrəsinə təbəssüm qondu:
-Sən söz sərkərdələrinin yurdundansan və onların varisisən. Özünü də, düşüncəni də qoru.
Sonra o, Avdı müəllimə sarı çevrilib dedi:
-Belə bir gənci verilişə gətirdiyin üçün sağ ol.
Avdı müəllim dərhal dilləndi:
-O gəncə Mailə xanım da xeyir-dua verib...
Foyedə Həsənağa Turabov, Yaşar Nuri və Canəli Əkbərov (Allah hər üçünə rəhmət eləsin!) məni yanlarına çağırdılar. Hər üçü mənə əl uzatdı, mən də onların əllərini hər iki əlimlə, həm də təşnə məhəbbətlə sıxdım. Bu an Həsənağa Turabov dedi:
-Bizə bir-iki şeir oxu.
Məni dərhal həyacan bürüdü, titrək səslə onlara aşağıdakı bu şeiri oxudum:
***
Bu gecə it hürəcək…
Sən nə oyaq ol, nə yat.
İçində ağladığın
Gəmi boydadı həyat.
Yalançı baxışları
Gözümdə sürək etmə.
Məndən sonra kimisə,
Sevməyə ürək etmə...
Şəhər bir bataqlıqdır…
Gəl, yem olmayaq qurda.
Bu gün varıq, sabah yox,
Təzada bax da burda!..
Həsənağa Turabov əvvəlcə qaşlarını çatdı, sonra üzünü Yaşar Nuriyə tutub dedi:
-Ay Yaşar, bu gənc gör nə deyir: “Məndən sonra kimisə, Sevməyə ürək etmə...”.
Yaşar müəllim sanki indi şeirin məna və məzmununa diqqət yetirdi, ciddi halda dedi:
-Oğul, bir şeir də oxu.
Mən aşağıdakı bu şeiri dedim:
***
Sevgi də, günah da eyni.
Hər duam yeni tövbəmdi.
Bu gün kölgəmi asdılar,
Sabah da mənim növbəmdi.
Heç halım yoxdu deyəm ki,
Bu, nə heyrətdi, maraqdı?
Kim oldu, yüz-yüz vururuq,
Ömür bir şüşə araqdı?
Gəmilər yenə gecikir,
O günkü limana gələk.
Gündə bir qələt eləyib
Yenidən imana gələk...
Bu dəfə Yaşar müəllim dilləndi:
-Həsənağa, şeir çox düşündürücü, çox fəlsəfidir.
Həsənağa Turabov baş işarəsi ilə Yaşar müəllimin dediklərini təsdiqlədi. Bu an Canəli Əkbərov soruşdu:
-A bala, bəs verilişdə niyə bu şeirlərdən demədin?
Bizə kənardan qulaq kəsilən rejissor yaxınlaşıb cavab verdi:
-Canəli müəllim, “Məqam” verilişinin öz çərçivəsi var...
Beləcə, mən soyumaqda davam edən bir payız gününün ahəngini nəhəng insanların çevrəsində həyat duyğularıma qata bildim.
Əlbəttə, yaxşılıq itmir; mən indi də Avdı Qoşqarın hörmətini saxlayır, hər görüşəndə ona minnətdarlıq edirəm.
Mənim hər gün adını unutduğum o rejissora Allahdan can sağlığı diləmək borcum var.
Eləcə də, dua və zikrlərimdə Mailə xanımı anır, Allahdan ona rəhmət diləyirəm.
Və “Məqam” verilişində üz-üzə gəldiyim Həsənağa Turabova, Yaşar Nuriyə və Canəli Əkbərova Allahın rəhmət və xeyir-duasını arzu edirəm.
Dediyim kimi, yaxşılıq itmir...
