YAP Qax rayon təşkilatının əməkdaşı
22 iyul Azərbaycan milli mətbuatının yaranması və inkişaf tarixində xüsusi əhəmiyyət daşıyan gündür. Məhz 1875-ci il iyulun 22-də böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk qəzet – “Əkinçi” nəşr olunaraq milli mətbuatımızın təməlini qoydu. 2026-cı ildə bu tarixi hadisənin 151-ci ildönümü qeyd olunur. Bu əlamətdar tarix yalnız bir qəzetin yaranması deyil, həm də xalqın maariflənməsi, milli özünüdərkin formalaşması və azad fikir tariximizin başlanğıcı kimi qiymətləndirilir.
Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, cəmiyyətin inkişafının əsas yolu elm, təhsil və maarifçilikdən keçir. O, mətbuatı xalqı cəhalətdən, xurafatdan və savadsızlıqdan xilas edəcək ən güclü vasitə hesab edirdi. Məhz buna görə də “Əkinçi” qəzeti xalqı elmə, tərəqqiyə, milli dilin qorunmasına və müasir dünyagörüşünə səsləyirdi. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, “Əkinçi” Azərbaycan milli jurnalistikasının ideoloji məktəbinə çevrildi və sonrakı dövrdə yaranan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Həyat”, “İrşad”, “Azərbaycan” qəzetləri, eləcə də “Molla Nəsrəddin” jurnalı üçün möhkəm zəmin yaratdı.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. ‘Əkinçi’dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu fikir milli mətbuatın yalnız informasiya daşıyıcısı deyil, həm də xalqın taleyini, mübarizəsini və milli dəyərlərini yaşadan mühüm ictimai institut olduğunu göstərir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafında yeni mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində dövlət senzurası ləğv edildi. Bu mühüm qərar ölkədə söz, fikir və məlumat azadlığının inkişafına, müstəqil medianın formalaşmasına və demokratik informasiya mühitinin yaradılmasına ciddi təkan verdi. Sonrakı illərdə medianın hüquqi bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar milli mətbuatın müasir çağırışlara uyğun inkişafını təmin edib. Medianın İnkişafı Agentliyinin yaradılması, 2021-ci ildə “Media haqqında” Qanunun qəbul olunması, media subyektlərinə göstərilən dövlət dəstəyi və rəqəmsal transformasiya istiqamətində görülən işlər Azərbaycan mediasının peşəkarlığının və dayanıqlığının artırılmasına xidmət edir. Dövlət başçısının vurğuladığı kimi, “Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.” Bu prinsiplər bu gün də milli jurnalistikamızın əsas fəaliyyət istiqamətlərini müəyyən edir.
Azərbaycan mediası Vətən müharibəsi və sonrakı dövrdə də yüksək peşəkarlıq nümayiş etdirərək informasiya cəbhəsində ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Jurnalistlər cəbhədən operativ məlumatlar təqdim etməklə yanaşı, Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizədə, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasında əhəmiyyətli xidmət göstəriblər. Bu gün də milli media işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış prosesini və ölkəmizin beynəlxalq təşəbbüslərini obyektiv şəkildə işıqlandırır.
Son illərdə Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanın beynəlxalq media dialoqunun mühüm platformasına çevrilib. 2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ətrafında aparılan müzakirələr medianın sülh quruculuğunda rolu, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media etikası və beynəlxalq əməkdaşlıq kimi aktual məsələləri əhatə edib. Bu forum Azərbaycanın qlobal informasiya məkanındakı mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirib.
151 illik şərəfli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin maarifçilik ideyalarına sadiq qalaraq müasir dövrün çağırışlarına uyğun yenilənir. Rəqəmsallaşma, sosial media və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə milli jurnalistikamızın əsas missiyası dəyişməz olaraq qalır – həqiqətin müdafiəsi, cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmək. Bu zəngin irsə söykənən Azərbaycan mediası bundan sonra da peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafına layiqli töhfələr verməyə davam edəcəkdir.
