Sizin reklam burada
Sizin reklam burada
  • “Shahin Novrasli Festival-2026”nın bağlanışında Braziliya karnavalı

    Beşinci “Shahin Novrasli Festival”ı Braziliya musiqisinin canlı konserti ilə başa çatıb. Bağlanış mərasimi Qoşa Qala qapısının yaxınlığındakı açıq hava səhnəsində baş tutub və tədbiri əsl Braziliya karnavalına çevirib. Bu il festival bütövlükdə İçərişəhərdə keçirilib.

    Tədbirdə Bakı sakinləri və qonaqları, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və media nümayəndələri bir araya gəlib.

    Tədbir başlamadan əvvəl “Shahin Novrasli Festival”ın təsisçisi və direktoru, tanınmış caz piano ifaçısı və Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli tamaşaçıları salamlayıb və festivalın keçirilməsini dəstəkləyən bütün sponsorlara, tərəfdaşlara və dostlara təşəkkür edib.

    Qoşa Qala qapısının yaxınlığındakı səhnədə braziliyalı sənətçilər WINCK (vokal), Ayzek Camba (zərb alətləri), David Oliveyra (bas gitara), Luan Barbosa (milli zərb alətləri) və rəqqasə Ayşa çıxış etdilər.

    WINCK güclü və məxməri səsi ilə tanınan braziliyalı vokalçı və mahnı müəllifidir. Onun üslubu pop, caz, R&B və Braziliya motivlərini mükəmməl şəkildə birləşdirir.

    “Bu il çox şey dəyişdi. Yeniliklərdən biri də festivalın İçərişəhərdə keçirilməsidir ki, bu da möhtəşəmdir! Bilet əldə etməyən insanlar musiqini dinləyə bilirdilər. Yəni, festival daha geniş auditoriya üçün əlçatan oldu ki, bu da çox yaxşıdır, bu, bizim xüsusilə xoşumuza gəldi.

    İçərişəhər Bakının ürəyidir, burada çoxlu turist və qonaq var - onlar da musiqi dinləyə və “Shahin Novrasli Festival” haqqında məlumat əldə edə bildilər. Festivalı burada keçirmək imkanına görə İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar kömək edirdilər, bizi dəstəkləyirdilər, ümid edirəm ki, onların da bu format xoşuna gəlib.

    Bundan əlavə, bu il rebrendinq sayəsində əlavə miqyas qazandıq (festival əvvəllər “Bakı Piano Festivalı” adlanırdı - müəllif qeydi). Festival daha maraqlı hala gəldi, indi onu digər ölkələrdə də keçirmək və bir neçə günlük xaricə çıxarmaq olar. Mən onsuz da bütün dünyada çıxış edirəm, indi isə bunu “Shahin Novrasli Festival” çərçivəsində layihə kimi etmək olar”, - deyə müsahibimiz qeyd edib.

    Yubiley - beşinci “Shahin Novrasli Festival”da müxtəlif musiqi janrlarından ibarət geniş proqram təqdim olunub. Konsertlərdə həm Azərbaycan sənətçiləri, həm də Latın Amerikası ölkələri, Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, Rumıniya və İsraildən olan tanınmış musiqiçilər çıxış ediblər.

    Festivalın xüsusi qüruru olan layihələrdən “We are the Future” çərçivəsində istedadlı uşaqlar peşəkar klassik musiqiçilərlə yanaşı çıxış etdilər və “Mirsamad Novrasli & Friends” layihəsində səhnəyə gənc caz ifaçıları çıxıblar.

    “Shahin Novrasli Festival-2026” ərzində festival yarmarkası, ədəbi müsabiqə, gündəlik DJ setləri və cem sessiyaları təşkil edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ