8-ci hissə
Korrupsiya əvvəlcədən müəyyən edilməsi çətin, müalicəsi asan olan,
bir müddət sonra isə müəyyən edilməsi asan,
lakin müalicəsi mümkün olmayan xəstəlikdir.
Nikkolo Makkiavelli
Senatorlar, Senata namizədlər və müxtəlif rütbəli məmurlar maliyyə bəyannaməsi təqdim etməlidirlər. Bəyannamə hər il, namizədlər üçün isə namizəd irəli sürüldükdən sonra 30 gün ərzində təqdim edilməlidir.
Bütün əvvəlki il üçün maliyyə xərcləri və gəlirləri ilə bağlı hər şey bəyan edilir: tam mənfəət, dividendlər, əmanətlər üzrə faizlər, daşınar və daşınmaz əmlakdan gəlirlər; qeyri-hökumət təşkilatlarından alınan maliyyə və digər gəlirlər; nəqliyyat və əlaqədar xərclərin ödənilməsi; hər hansı bir şəxsdən və təşkilatdan alınan hədiyyələr, o cümlədən nəqliyyat xərclərinin ödənilməsi, yemək, mehmanxanada qalma, restoranlarda yeməklər, müxtəlif əyləncələr; maliyyə və digər öhdəliklər, onlar üzrə borclar; müxtəlif təşkilatlarla onlarda və ya onlar üçün mümkün iş haqqında müqavilələr və razılaşmalar.
Yoxlama hər hansı dövlət idarə və ya departamentində xüsusi təyin olunmuş şəxslər, komissiyalar tərəfindən həyata keçirilir, onlar zərurət yarandıqda əlavə məlumat tələb edə, vəzifəli şəxslərin özlərini söhbətə dəvət edə, araşdırma apara bilər. Ciddi pozuntular aşkar olduqda cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bir sıra Avropa ölkələrində bu məlumatlar xüsusi elektron reyestrlər vasitəsilə toplanır və müəyyən hissəsi ictimaiyyət üçün açıq saxlanılır. Məsələn, Fransada 2013-cü ildən fəaliyyət göstərən “Haute Autorité pour la Transparence de la Vie Publique” (İctimai Həyatda Şəffaflıq üzrə Ali Qurum) nazirlərin, deputatların və yüksək vəzifəli şəxslərin əmlak və maraq bəyannamələrini yoxlayır. Fransa modeli yalnız məlumat toplamaqla kifayətlənmir, burada aktiv yoxlama, müqayisəli analiz və maraqlar toqquşmasının monitorinqi aparılır. GRECO və OECD hesabatlarında Fransa modeli texnoloji və institusional baxımdan inkişaf etmiş sistemlərdən biri kimi göstərilir.
Skandinaviya ölkələrində isə əsas diqqət ictimai etimada və şəffaflığa yönəlir. Norveç, İsveç və Finlandiyada dövlət idarəçiliyində yüksək şəffaflıq standartları mövcuddur və bir çox hallarda vəzifəli şəxslərin maliyyə məlumatlarının müəyyən hissəsi ictimaiyyət üçün açıq saxlanılır. Bu ölkələrdə əsas prinsip ondan ibarətdir ki, dövlət hakimiyyəti ictimai etimada əsaslanır və ictimai etimadın qorunması üçün yüksək vəzifəli şəxslərin maliyyə şəffaflığı təmin edilməlidir.
Son illərdə beynəlxalq təcrübədə ən mühüm istiqamətlərdən biri elektron bəyannamə sistemlərinin yaradılması olmuşdur. Dünya Bankı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) qeyd edir ki, elektron deklarasiya sistemləri korrupsiyaya qarşı mübarizədə yeni mərhələ formalaşdırmışdır. Müasir sistemlər - məlumatların avtomatik müqayisəsini, vergi və əmlak reyestrləri ilə inteqrasiyanı, risk analizini, şübhəli artımların avtomatik aşkarlanmasını və süni intellekt əsaslı yoxlamaları mümkün edir.
Məsələn, Ukraynada tətbiq edilən elektron deklarasiya sistemi beynəlxalq praktikada ən çox müzakirə olunan modellərdən biridir. 2016-cı ildən sonra minlərlə vəzifəli şəxsin əmlak məlumatları elektron platformada açıqlanmış və bu sistem bir sıra qanunsuz varlanma araşdırmalarının başlanmasına səbəb olmuşdur. OECD hesabatlarında bu model post-sovet məkanında ən diqqətçəkən antikorrupsiya alətlərindən biri kimi göstərilir.
Gürcüstanda dövlət məmurlarının elektron bəyannamə sistemi vəzifəli şəxslərin gəlir və əmlak məlumatlarının yoxlanılması və ictimai nəzarətin təmin edilməsi funksiyasını həyata keçirir. Litva, Estoniya və Latviya kimi ölkələrdə bəyannamələrin rəqəmsal platformalar üzərindən təqdim olunması məlumatların avtomatik müqayisəsinə, vergi və bank məlumatları ilə uzlaşdırılmasına imkan yaradır.
Beynəlxalq praktika göstərir ki, maliyyə bəyannamələrinin effektivliyi yalnız onların mövcudluğu ilə deyil, əsas məsələ həmin məlumatların effektiv yoxlanılmasıdır. Əgər sistem yalnız formal kağız təqdimetmə mexanizminə çevrilirsə, onun preventiv təsiri zəifləyir. Buna görə də müasir yanaşmada: avtomatik risk analizi, vergi və bank məlumatları ilə müqayisə, təsadüfi auditlər, izah olunmayan sərvət artımının araşdırılması, məlumatın gizlədilməsinə görə inzibati və cinayət məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Əks halda belə sistemlər formal xarakter daşıyır və real antikorrupsiya təsiri zəifləyir.
OECD və Dünya Bankı ekspertlərinin yanaşmasına görə, maliyyə açıqlama sisteminin əsas məqsədi vəzifəli şəxsi “cəzalandırmaq” deyil, dövlət idarəçiliyində şəffaflıq, ictimai etimad və institusional dürüstlük standartlarını gücləndirməkdir. Bu baxımdan maliyyə bəyannaməsi institutu müasir hüquq sistemlərində təkcə antikorrupsiya vasitəsi deyil, həm də demokratik idarəetmənin mühüm elementi hesab olunur.
Azərbaycan Respublikasında da vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunmasını nəzərdə tutan normativ baza formalaşdırılmışdır. Lakin bu mexanizmin tam institusional tətbiqi, xüsusilə bəyannamə formalarının təsdiqi, təqdimetmə prosedurlarının işlənməsi, elektron nəzarət və məlumatların verifikasiyası baxımından uzun müddət praktiki mərhələyə keçə bilməmişdir. Bu isə korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi mexanizmlərlə onların faktiki tətbiqi arasında müəyyən institusional boşluğun mövcud olduğunu göstərir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən və mahiyyətindən danışırıqsa, onun əhəmiyyəti və məğzi obrazlı desək, “Maliyyə xarakterli tələblər” adlanan 5-ci maddəsidir. Belə ki, bu maddəyə əsasən, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hər il gəlirləri, mənbəyi, növü və məbləği göstərilməklə, habelə vergitutma obyekti olan əmlak haqqında məlumat təqdim etməlidirlər.
Qanun qəbul edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bu Qanunun tətbiqi haqqında 2004-cü il 3 mart tarixli Sərəncam imzalamışdır. Bu Sərəncamda Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki-üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdır.
Belə ki, bu maddəyə əsasən, vəzifəli şəxslər hər il gəlirləri, mənbəyi, növü və məbləği göstərilməklə, vergitutma obyekti olan əmlak haqqında, kredit təşkilatlarındakı əmanətlər, qiymətli kağızlar və digər maliyyə vəsaitləri, kredit təşkilatlarında yer alan əmanətlər, qiymətli kağızlar və digər maliyyə vəsaitləri haqqında, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdarı və ya təsisçisi kimi iştirakı, onların bu müəssisələrdəki mülkiyyət payı barədə, beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumat verməlidirlər.
Bundan əlavə, 2005-ci il 24 iyun tarixində “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 945-IIQ nömrəli Qanun qəbul edilmişdir.
Bu Qanunun ümumi müddəalar adlanan 1-ci maddəsində qeyd edilir ki, bu Qaydalar “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir.
Qanunda maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslərin, maliyyə xarakterli məlumatları qəbul edən orqanların dairəsi, maliyyə xarakterli məlumatlar haqqında bəyannamə, onun məzmunu, maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarət və bir sıra başqa məsələlər müəyyən edilmişdir.
“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 278 nömrəli fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Çox təəssüf ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2004-cü il yanvarın 13-də, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Qanunun 2005-ci il 24 iyun tarixində qəbul edilməsinə baxmayaraq, bu məqalə dərc olunan günə qədər 5.1-ci maddənin tələblərinə əməl edilməmişdir.
Azərbaycan cəmiyyətində vaxtaşırı belə suallar səslənir: necə olur ki, yüksək vəzifə tutmuş bəzi şəxslər vəzifədən azad olunduqdan, təqaüdə çıxdıqdan və ya hətta cinayət məsuliyyətinə cəlb olunduqdan sonra onların çoxsaylı daşınmaz əmlaklara (sayı-hesabı bilinməyən evlər, binalar, ticarət şəbəkələri), iri təsərrüfatlara (mal-qara, qoyun-quzu sürüləri, yataqlar), şirkətlərə, ölkə daxilində və xaricdə müxtəlif aktivlərə malik olduqları barədə məlumatlar yayılır? Bu cür hallarda vətəndaşları düşündürən əsas məsələ həmin sərvətin mövcudluğu deyil, onun hansı qanuni mənbələr hesabına formalaşmasının aydın olmamasıdır.
Məhz bu səbəbdən müasir antikorrupsiya siyasətində əsas suallardan biri belə formalaşır: şəxsin rəsmi gəlirləri ilə faktiki sərvəti arasında aşkar uyğunsuzluq mövcud olduqda, bu uyğunsuzluq hansı hüquqi mexanizmlərlə araşdırılmalı və hüquqi qiymətini almalıdır?
Müasir beynəlxalq təcrübə, o cümlədən Sinqapur, Böyük Britaniya, İtaliya və digər dövlətlərin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizənin effektivliyi təkcə təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması ilə müəyyən edilmir. Ən mühüm məsələlərdən biri də qanunsuz əldə edilmiş aktivlərin aşkar edilməsi, onların mənşəyinin araşdırılması, müsadirəsi və zərurət olduqda dövlətə qaytarılmasıdır. Bu yanaşma yalnız Sinqapura məxsus deyil, müasir antikorrupsiya siyasətinin əsas istiqamətlərindən biridir. Bununla belə, Sinqapur həmin prinsiplərin ardıcıl və səmərəli tətbiqi baxımından xüsusi maraq doğuran və ən uğurlu nümunələrdən biri hesab olunur.
Hüquqi dövlət prinsipinin tələbi ondan ibarətdir ki, heç bir şəxs qanunsuz yolla əldə etdiyi sərvətin bəhrəsini görməməlidir. Korrupsioner yalnız tutduğu vəzifəni və ya azadlığını deyil, korrupsiya hesabına əldə etdiyi iqtisadi üstünlükləri də itirməlidir. Əks halda, cəzanın preventiv və tərbiyəvi təsiri əhəmiyyətli dərəcədə zəifləyir, cəmiyyətin ədalət hissi isə zədələnir.
Cəmiyyəti düşündürən əsas məsələlərdən biri təkcə izah olunmayan sərvətin mövcudluğu deyil, belə hallara vaxtında və effektiv hüquqi reaksiyanın verilməməsi barədə yaranan təsəvvürdür. Çünki korrupsiyaya qarşı mübarizənin səmərəliliyi yalnız aşkar edilmiş cinayətlərin sayı ilə deyil, həm də qanunsuz varlanma əlamətlərinə dövlət institutlarının nə dərəcədə operativ və prinsipial reaksiya verməsi ilə qiymətləndirilir.
Bu baxımdan, əmlak və gəlir bəyannaməsi sistemi, izah olunmayan sərvətin hüquqi qiymətləndirilməsi, qanunsuz əldə edilmiş aktivlərin aşkar olunması, müsadirəsi və dövlətə qaytarılması korrupsiyaya qarşı mübarizənin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Korrupsiyaya qarşı mübarizənin məqsədi yalnız korrupsioneri cəzalandırmaq deyil, korrupsiyanı iqtisadi cəhətdən mənasız etməkdir.
Əgər korrupsiya yolu ilə əldə edilmiş sərvət, şəxsin vəzifədən azad edilməsindən, təqaüdə çıxmasından, cinayət məsuliyyətinə cəlb olunmasından və ya cəzasını çəkib qayıtmasından asılı olmayaraq onun sərəncamında qalırsa, cəmiyyətin gözündə cəzanın məqsədlərinə tam nail olunduğunu söyləmək çətindir.
Korrupsiyaya qarşı mübarizənin həqiqi uğuru neçə nəfərin həbs olunması ilə deyil, qanunsuz əldə edilmiş sərvətin nə qədərinin dövlətə qaytarılması ilə ölçülür.
Ayrıca olaraq bu sahədə bir sıra dövlətlərin təcrübəsi xüsusi maraq doğurur.
Məsələn, Sinqapurda hər il dövlət qulluqçularından əmlaklarını, aktivlərini və borclarını bəyan etmək üçün xüsusi blanklar doldurmaq tələb olunur.
Eyni zamanda bütün məmurlar təkcə gəlirlərini deyil, həm də xərclərini bəyan edirlər, uyğunsuzluq olduqda araşdırma aparılır. Eyni zamanda hər bir vəzifəli şəxs hər il əmlakını bəyan etməyə borcludur. Korrupsiyada şübhəli bilinərsə, onun əsassız olaraq yüksək gəlirinin olub-olmaması və nəyə sahib olduğunu müəyyən etmək üçün yoxlama aparıır. Korrupsiyanı təhqiq edən büro siyasi və ictimai xadimlərin, yüksək vəzifəli dövlət məmurlarının və onların ailə üzvlərinin iştirakı ilə şübhəli əməliyyatları müəyyən edir. Məmurun təkcə qohumları deyil, dostları da yoxlamaya məruz qalır.
Özlərinin, o cümlədən ailə üzvlərinin əmlakları və biznes investisiyaları haqqında illik bəyannamələri ilə yanaşı, hər il borclarının olmaması barədə xüsusi bəyannamə təqdim etmələri də tələb olunur ki, bu da səbəbsiz deyil, çünki bu, bir çox vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının səbəbi hesab olunur. Yalan məlumat vermək dövlət qulluqçusunun dövlət qulluğundan uzaqlaşdırılmasına səbəb olur.
Müqayisəli hüquqi təhlil göstərir ki, korrupsiyaya qarşı mübarizə sahəsində bütün dövlətlər üçün eyni dərəcədə tətbiq edilə bilən universal model mövcud deyildir. Fərqli hüquq sistemlərinə və idarəetmə ənənələrinə malik ölkələr müxtəlif mexanizmlərdən istifadə etsələr də, onların təcrübəsini birləşdirən ortaq xüsusiyyətlər diqqəti cəlb edir. Bu xüsusiyyətlər vəzifəli şəxslərin maliyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi, gəlir və əmlak barədə məlumatların açıqlanması, izah edilməyən sərvətin hüquqi nəzarət predmeti kimi qiymətləndirilməsi və korrupsiya xarakterli davranışlara görə məsuliyyətin qaçılmazlığının təmin edilməsindən ibarətdir.
Məsələn, Danimarkada məmurlar tərəfindən açıqlanan gəlir bəyannamələri də mövcuddur. Vergi orqanları gəlirləri xərclərlə müqayisə edir və hər hansı uyğunsuzluğu vergidən yayınma halları kimi araşdırır.
Bu ölkədə uzun onilliklər ərzində korrupsiyaya qarşı sıfır tolerantlıq siyasəti mövcuddur. Bunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş işə düzələn zaman əmək müqaviləsi bağlayır, orada rüşvət almamağı, verməməyi öhdəsinə götürür. Ən kiçik pozuntuya görə işdən çıxarılan məmur bu qərardan apellyasiya şikayəti verə bilməz.
Honq Konqun “Rüşvətxorluğun qarşısının alınması haqqında” Sərəncamının 10-cu maddəsinə görə dövlət qulluqçusunun yaşayış səviyyəsi rəsmi maaşından artıq olarsa, sübut olmadan o, belə korrupsiya əməllərində ittiham olunur.
1985-ci ildə Kanada qəbul edilmiş Dövlət Qulluqçularının Etik və Dəyərlər Kodeksində bütün dövlət qulluqçularının rəsmi vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarandıqda riayət etməli olduqları davranış qaydaları öz əksini tapmışdır. Kodeksə uyğun olaraq, dövlət qulluqçusu qulluğa təyin olunduğu gündən 60 gün müddətində əmlakı, xidməti mənafelərinə zidd ola biləcək bütün birbaşa və maddi öhdəlikləri barədə ətraflı məxfi hesabat təqdim etməyə borcludur.
Dövlət qulluqçusu Almaniyada səlahiyyət müddətinin əvvəlində vergi bəyannaməsi təqdim etməli və dörd il vəzifədə olduğu müddətdə qonorar, hədiyyələr və digər əlavə gəlirlər barədə məlumat verməlidir.
İsveçdə gəlir bəyannaməsi mövcud deyil, çünki bütün məlumatları vergi idarəsinə zəng etməklə əldə etmək mümkündür. İstənilən İsveç vətəndaşına gəliri, əmlakı, mövcud nəqliyyat vasitələri, hətta məmurun borcları barədə məlumat verilir.
Estoniyada hər il yüksək rütbəli məmurlardan əmlaklarını bəyan etmələri tələb olunur, bu barədə məlumat internetdə geniş ictimaiyyətə açıqdır. Korrupsiyaya qarşı mübarizə üzrə iş üzrə vəzifəli şəxs barəsində təqsirli bilinən hökm çıxarıldıqda, hüquqi mənşəyi sübuta yetirilməmiş əmlak müsadirə oluna bilər.
ÇXR-in dövlət qulluqçuları hər il yanvarın 31-dək gəlirlərini bəyan etməli, ailə tərkibində dəyişikliklər, yaşayış yerinin dəyişdirilməsi, açıq hesabların, o cümlədən xaricdə hesablarının olması və əvvəlki il üçün digər müvafiq məlumatları təqdim etməlidirlər.
Əmlaklarını bəyan etmək üzrə öhdəliklərini yerinə yetirməyən və ya natamam və ya qeyri-dəqiq məlumat təqdim edən dövlət qulluqçuları hər bir konkret halın ciddiliyinə uyğun olaraq tənqidə, yoxlamaya, vəzifədən kənarlaşdırılmağa və digər tədbirlərə məruz qalırlar.
Belə olan halda, ÇXR Cinayət Məcəlləsinin 395-ci maddəsinə əsasən, əmlak dəyəri və ya xərcləri qanuni gəlirlərinin məbləğindən əhəmiyyətli dərəcədə artıq olan və bu artıqlığı külli miqdarda (200-300 min yuana) olan dövlət qulluqçularından gəlirlərinin mənbəyini izah etmək tələb olunur. Onların gəlirlərinin qanuniliyini təsdiq etmək mümkün olmadıqda, təsdiq edilmiş və təsdiq edilməmiş gəlirlər arasında fərqi təşkil edən məbləğ qanunsuz əldə edilmiş hesab olunur. Bu halda dövlət qulluqçuları beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya 1 aydan 6 ayadək müddətə həbs ilə cəzalandırılır, oxşar əməl, fərq xüsusilə külli miqdarda olduqda, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, qanunsuz gəlirlər isə müsadirə edilir.
Xaricdə vəsaiti olan məmurlardan bunu bəyan etmələri tələb olunur. Xarici banklarda külli miqdarda vəsait yerləşdirmək və bu faktı gizlətmək iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
1982-ci ildən sonra Cinayət Məcəlləsinə görə rüşvətxorluqda ittiham olunan şəxs ömürlük həbs, ya da ölüm cəzası ilə cəzalandırılır. Zaman keçdikcə yalnız edamın texnologiyası dəyişmişdir - güllələnmək əvəzinə daha “humanist” öldürücü inyeksiyalar tətbiq edilməyə başlanılmışdı. Çin televiziyası zaman-zaman məmurların açıq edamlarını göstərir.
Çin qanunvericiliyinə görə iki növ ölüm hökmü nəzərdə tutulur: dərhal icra ilə və ya iki ilə qədər edam təxirə salınmaqla. Möhlət verildiyi halda ölümə məhkum edilmiş şəxs bu iki il ərzində özünü yaxşı apararsa və heç bir tənqidə məruz qalmazsa, edamdan yayına bilər. Lakin hər halda o, cəzadan yayına bilməyəcək, edam sadəcə olaraq həbslə əvəz olunacaq.
Göründüyü kimi, Almaniyanın hesabatlılığa, İsveçin maksimum açıqlığa, Estoniyanın rəqəmsal şəffaflığa və ÇXR-in sərt cəza siyasətinə üstünlük verməsinə baxmayaraq, bu yanaşmaların hamısının məqsədi eynidir - dövlət hakimiyyətindən şəxsi varlanma vasitəsi kimi istifadənin qarşısını almaq. Beynəlxalq təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizənin effektivliyi yalnız sanksiyaların sərtliyindən deyil, maliyyə şəffaflığının təmin edilməsindən, gəlirlərin mənşəyinin izah edilə bilməsindən və hüquqi məsuliyyətin qaçılmazlığından asılıdır.
Beləliklə, müqayisəli hüquqi təhlil göstərir ki, korrupsiyaya qarşı mübarizədə vahid və universal model mövcud olmasa da, müxtəlif hüquq sistemlərində tətbiq edilən mexanizmlərin əsasında eyni fundamental prinsiplər dayanır. Maliyyə şəffaflığının təmin edilməsi, vəzifəli şəxslərin gəlir və əmlakları üzərində ictimai və institusional nəzarətin gücləndirilməsi, izah edilməyən sərvətin hüquqi qiymətləndirilməsi və məsuliyyətin qaçılmazlığı korrupsiyaya qarşı effektiv siyasətin əsas elementləri kimi çıxış edir.
Maliyyə şəffaflığı, gəlir və əmlak bəyannamələri, habelə korrupsiyaya qarşı institusional mexanizmlərə dair beynəlxalq yanaşmaları əks etdirən ixtisaslaşmış nəşrin üz qabığı.
Əlavə şərhə ehtiyac yoxdur.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 1.3-cü bəndində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi nəzərdə tutulmuşdur.
Artıq Milli Fəaliyyət Planı maddənin bu tələbini vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi redaksiyasında nəzərdə tutmuş və onun icrası Nazirlər Kabinetinə tapşırılmışdır. Digər icraçılar isə Baş Prokurorluq və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır.
Planda bir çox məsələlərin həlli nəzərdə tutulmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə Milli Fəaliyyət Planının ana xəttini təşkil edir. Plana əsasən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim kurslarının təşkili, hərbi qulluqçular üçün korrupsiyaya qarşı mübarizə sahəsində tədris kurslarının, treninqlərin və seminarların təşkili nəzərdə tutulur.
Sinqapur səviyyəsinin heç olmasa 50 faizinə çatmaq üçün Azərbaycanımızın hər cür imkanı var. Ən əsası isə odur ki, ölkə başçısının siyasi iradəsi var. Bu çox önəmli faktordur. Göründüyü kimi ölkə başçısı korrupsiya ilə mübarizədə öz siyasi iradəsini ortaya qoyub, sadəcə olaraq bir vətəndaş kimi biz fəaliyyətimizlə ona dəstək olmalı, qarşıda nəzərdə tutulan işlərdə ona yardımçı olmalıyıq.
Bəli, biz nəinki Sinqapura, bəlkə də ondan artığına layiq ölkəyik, çünki bizim İlham Əliyev kimi zəfər çalmış Ali Baş Komandanımız, qüdrətli Prezidentimiz var. Cənab Prezident qeyd etdiyi kimi, “Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik”. Sadəcə olaraq buna istəyimiz və arzumuz olmalıdır. Biz hər yaxşı nə varsa, ona layiqik.
Korrupsiyanın qarşısını necə almaq olar, onu necə buxovlamaq olar, hansı qabaqlayıcı tədbirlərə əl atmaq olar? Bir sıra ölkələrin təcrübəsinə istinad etmək yerinə düşərdi. Məs., artıq 20 ilən artıq müddətdir ki, Cənubi Koreyada “OPEN” izləmə sistemi fəaliyyət göstərir ki, bu da istənilən vətəndaşa korrupsiya ilə bağlı nəinki onlayn şikayət vermək, həm də internet vasitəsilə müraciətinə baxılması prosesinə nəzarət etmək imkanı verir. Hər bir korrupsiya iddiası məcburi araşdırmaya məruz qalır.
Ölkədə həmçinin “korrupsiya prezumpsiyası” anlayışı tətbiq edilib. Ona əsasən rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxs əksini sübuta yetirilənə qədər təqsirli hesab edilir.
Korrupsiyaya qarşı mübarizə komissiyasına kömək məqsədilə Honq Konqun sadə vətəndaşlarına və mediaya rüşvətxorlardan şikayət etmək üçün real imkan yaradılmışdır.
Transparency International təşkilatının korrupsiya qavrayışı indeksində Honq Konq uzun illərdir dünyanın ən az korrupsiyaya məruz qalan yurisdiksiyalarından biri hesab olunur və 2010-cu ildə bu göstərici üzrə Almaniya, Avstriya, Yaponiya, hətta vaxtilə şəhərə nəzarət etmiş Böyük Britaniya kimi dövlətləri də qabaqlayır. Bu nəticə xüsusilə diqqət çəkir, çünki Honq Konqun əhalisinin böyük əksəriyyətini çinlilər təşkil edir və tarixən Çin cəmiyyətində vəzifəli şəxslərə qeyri-rəsmi ödənişlər etmək və ya müxtəlif xidmətlərə görə “təşəkkür” xarakterli mükafatlandırma geniş yayılmış təcrübə hesab olunmuşdur. Halbuki XX əsrin 70-ci illərinə qədər Honq Konqda korrupsiya gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Uzun illər dövlət qulluğunda çalışan bəzi məmurlar xidmət müddətini başa vurduqdan sonra izahı çətin olan böyük maliyyə vəsaitləri ilə ölkələrinə qayıdır, polis əməkdaşlarının bir hissəsi cinayətkar qruplarla əlaqədə olmaqda ittiham olunur, təhsil və kommunal xidmətlər sahəsində belə qeyri-rəsmi ödənişlər adi hal kimi qəbul edilirdi.
Həmin dövrü xarakterizə edən mənbələr göstərir ki, XX əsrin 70-ci illərinin əvvəllərində Honq Konqda korrupsiya dövlət idarəçiliyinin, hüquq-mühafizə sisteminin və iqtisadi münasibətlərin müxtəlif səviyyələrinə nüfuz etmişdi. Buna baxmayaraq, sonrakı islahatlar sübut etdi ki, korrupsiyanın yüksək səviyyədə olduğu cəmiyyətlərdə belə vəziyyət dəyişdirilə bilər. Honq Konq təcrübəsi göstərdi ki, korrupsiyaya qarşı mübarizənin uğuru ilk növbədə sərt cəzalardan deyil, ardıcıl siyasi iradədən, müstəqil institutlardan və sistemli institusional islahatlardan asılıdır.
Azərbaycanda korrupsiyanı cilovlamaq üçün nə etmək lazımdır?
Korrupsiyaya qarşı mübarizə ilk növbədə dövlət orqanlarına, məmurlara hörmət və etimadın bərpasından başlamalıdır. Korrupsiyaya qarşı mübarizə müxtəlif dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, təşkilatların və ayrı-ayrı şəxslərin istər bu ən təhlükəli halın qarşısının alınmasında, istərsə də təqsirkarların məsuliyyətə cəlb edilməsində əlaqələndirilmiş fəaliyyətidir.
İctimaiyyətin etimadını artırmaq üçün məmurlar tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı qəbul edilən bütün qərarlar ictimaiyyətə məlum olmalı, korrupsionerlər öz əməllərinə görə layiqli cəzalarını almalıdırlar.
Hər ölkədə bu mübarizə müxtəlif yollarla aparılır. Fikrimizcə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yalnız dövlətin, cəmiyyətin özünün səyi ilə həyata keçirilə bilməz, qanunlara şəxsən riayət etməklə, başqalarından da onlara əməl etməyi tələb etməklə hər birimiz bunda mühüm rol oynamalıyıq.
Məs., əgər isveçli rüşvət görsə, ilk vəzifəsi bu barədə hüquq-mühafizə orqanlarına deyil, mətbuata məlumat vermək olacaq. Buna görə də korrupsiyanın ilk eyhamını dərc edəndə hökumət öz araşdırmasına başlayır.
Sinqapurda korrupsiyanın fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq üçün korrupsiya hallarının və cəzaların təfərrüatlarının ictimailəşdirilməsində mətbuat mühüm rol oynayır. Bu, dövlət qulluğunda dürüstlük və etimad mühitinin yaradılmasına, həmçinin korrupsiyanın cəzalandırılması prinsipinin gücləndirilməsinə kömək edir, çünki korrupsiyaya qarşı mübarizə siyasi liderlərin, dövlət qulluğunun və cəmiyyətin dəyərlər sistemindən asılıdır.
Sinqapurda jurnalistlər müntəzəm olaraq antikorrupsiya araşdırmasına başlamaq üçün səbəb axtarırlar.
Finlandiyada korrupsiyaya qarşı mübarizə ilk növbədə vətəndaş cəmiyyətinin və medianın işidir. Bu, Finlandiyada korrupsiya problemini hökumətin deyil, medianın üzərinə götürdüyü 1990-cı illərin əvvəllərindən bəri ölkədə korrupsiyaya qarşı mübarizənin xarakterik xüsusiyyətinə çevrilmişdir. İstənilən şübhəli iş bütün mümkün kommunikasiya mənbələri vasitəsilə açıqlanmağa başlamışdır. Nəticədə, 1990-cı illərin əvvəllərində artıq bu ölkədə 38 məhkəmə prosesi keçirilmişdir. Hazırda Finlandiyada hər il üç-dörd işə baxılır.
Vətəndaş fəallığının yaxşı nümunəsi Braziliyada təmiz şəxsi səsvermə bülleteni haqqında qanunun tətbiq edilməsidir. Onun təşəbbüskarları vətəndaş fəalları idi. Hakimiyyət orqanlarının korrupsiyasından qəzəblənən cəmiyyət fəal təbliğat kampaniyalarının köməyi ilə hakimiyyəti qanun qəbul etməyə məcbur etdi. Sənədə əsasən, korrupsiyada təqsirli bilinən siyasətçiyə 8 il siyasi fəaliyyətdə iştirak etmək qadağan olunur. Qanun qəbul edildikdən az sonra parlament üzvlərinin yarısı siyasi karyeralarına ara verməli oldular.
Ölkə mediamızda hər hansı dövlət məmurunun cinayət əməllərindən silsilə yazılar getməsinə baxmayaraq hüquq-mühafizə orqanları həmin yazılara ciddi reaksiya vermirlər. Onlar, dövlət məmuru açıq-aydın “çərçivədən” kənara çıxdıqdan, bütün qırmızı xətləri keçdikdən sonra araşdırmaya başlayırlar.
Əlavə olaraq, biz daha çox açıqlama və dövlət xərclərində daha çox şəffaflıq tələb etməyə davam etməli, qarşıdakı illərdə korrupsiyanın qarşısını almağa və aşkar etməyə kömək edəcək daha çox şəffaflığı təmin etməliyik. Bundan əlavə, dövlət vətəndaşların öz hüquq və mənafelərini səmərəli müdafiə etmələri üçün şərait və səmərəli mexanizmlər yaratmağa borcludur. Qanunvericilik bazası sadələşdirilməli və əhalinin hüquqi savadsızlığı aradan qaldırılmalıdır. Vəzifəli şəxslərin əmək fəaliyyətinin tənzimlənməsi həyata keçirilməlidir. Məmurlara təqdim etmək üçün lazım ola biləcək müxtəlif sertifikatların (lisenziyaların və icazələrin) sayı minimuma endirilməlidir. Növbəti təkliflərdən biri də ondan ibarətdir ki, biz bilirik ki, korrupsiyaya qarşı uğurlu mübarizə həm hökumət daxilində, həm də xaricində liderlərin geniş koalisiyasının birgə səylərini tələb edir. Təcrübə göstərir ki, qanunsuz yolla əldə edilmiş aktivlər çox vaxt inkişaf etmiş ölkələrdə başa çatır və inkişaf etməkdə olan ölkələri daha da yoxsullaşdırır.
davamı var
