Sizin reklam burada
Sizin reklam burada
  • "Mən arzu edirəm Vətən, torpaq yolunda şəhid olum"- Pəncəli Teymurov

    Milli Qəhrəmanın anası ilə söhbətdən sətirlər

    Astara heç də kənardan göründüyu kimi, alçaq təpələrdən, kiçik dağlardan ibarət deyil. Bunu sıldırımlar qoynunda, uca zirvələrdə qərar tutan Əzarud kəndinə qalxdıqca görür, şahidi oluruq. "Toyota" markalı sedan maşın sanki kuləkli dənizin şahə qalxan şıltaq dalğaları kimi, hayqıraraq yaşıl örpəyə bürunən sıx meşələri, buz bulaqları, bir-birindən qorxunc aşırımları, həyəcan doğuran qayalıqları keçib, adladıqca tez-tez qulaqlarımız tutulur, gördüyümüz sirli-möcüzəli əsrarəngiz gözəlliyə bürünmüş zəngin mənzərə, təbiətin sözlə ifadə oluna bilməyəcək dərəcədə ekzotik gözəllikləri bizi əsl həqiqətdə heyran edir, həyəcanlandırır.
    Elə bu andaca adamın gözü qarşısında bu elin, obanın, bu yurdun, diyarın igid, cəsur oğlu-Vətən müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun işıqlı çöhrəsi gəlir. Bəli, sərt qayalıqlarda, qorxunc sıldırımlarda, zəngin təbiət qoynunda doğulub, bu dağların buz bulaqlarını içib, saf havasını udaraq boya-başa catan bir oğulun əsl həqiqətdə Vətən, Torpaq sevgisindən yoğrulub həyata atılması və bu yolda da canını fəda etməsi reallığın təbii təsdiqidir...
    Birdən Həbib Cəfərovun astaca çatdıq, deyə səsi məni ruhumun pərvaz edərək xəyalən qonduğu Pəncəli dünyasından geri qaytardı. Onu da xüsusi qeyd etmək istərdim ki, Milli Məclisin Astaranı təmsil edən deputatı Rəşad Mahmudov, eləcə də YAP Astara rayon Təşkilatının sədri Həbib Cəfərov bu həyətə, bu ailəyə mütəmadi olaraq baş çəkir, qayğı və problemləri ilə maraqlanır, mümkün dəstəyi göstərir, tam diqqətdə saxlayırlar.
    Həyətə daxil olanda bizi Milli Qəhrəmanın anası Vaimə ana qarşıladı. Hal-əhval tutub, əsas mətləbə keçdik.

    Vahimə ananın dediklərindən:

    -Mən həmişə demişəm Pəncəli 18 yaşınadək bizim övladımız idi. 18 yaşdan sonra onu hərbi xidmətə yola salmışam və həmin andan o, bütün Azərbaycan xalqının övladı oldu. Pəncəli vətənpərvər oğul idi. Bu vətənpərvərlik onun qanında, canındaydı. Hələ kiçik yaşlarında olanda deyirdi ki, mən hərbi xidmətə getsəm, orda qalacam, qayıtmayacam. Biz bu sözü bir o qədər ciddi hesab etmirdik, deyirdik getsə, bir çətinlik görsə qalmaz, gələr. Lakin.... O, illər öncə dediyi sözə sahib çıxaraq son nəfəsə qədər xalq, vətən, torpaq üçün döyüşdü və bu yolda canını fəda elədi. Arzu edirəm bütün Azərbaycan xalqının oğulları Pəncəli kimi igid, mərd, vətənpərvər olsun. Düzdü, bu mənim üçün bir tərəfdən qəm qüssəli, kədərli olsa da, amma digər tərəfdən baş ucalığı, fəxarətdi. Mən qürur duyuram ki, belə övlad anasıyam.

    -Pəncəli 2013-cü ildə ailə həyatı qurur və elə toy mərasimindəcə mikrafon aparaq üzünü gələn qonaqlara tutub deyir ki, arzu edirəm, Vətən, torpaq uğrunda şəhid olum. İstərdim həmin hadisəylə bağlı danışasız.

    -Qardaşım, o, toy istəmirdi. Elə söz vaxta çəkər; günün bu vaxtı idi. Bir də gördüm zəng elədi, hal-əhval tutdu. Adəti üzrə hamını bir-bir soruşadu.
    Dedim oğlum, 9 ildir qız ad eləmişik. Yenə qış gələcək, mən o malları necə saxlayım? Sən toya razılıq versəydin, mən əziyyət çəkməzdim. İnanırsız, ana əziyyət çəkməsin deyə, o istəmədən toya razılıq verdi. Dedi, siz hazırlıq işlərini görün, mən də gələrəm. Axşamüstü uşaqları evə çağırdım, dedim, sizə şad xəbərim var; Pəncəli 33 yaşında toy boyun alıb...
    O gecə bəlkə saat 2-3-ə qədər uşaqlar yatmadılar, evin içində sevincdən oynadılar. Böyük oğlum Elburusa dedim, Pəncəli 33 yaşında toy boyun alıb onun üçün bir müğənni dəvət edək qoy, bu toy yadigar qalsın. Oğlum dedi ana, bu nə sözdü deyirsən, qardaşıma toy edəcəyik, daha yadigar qalsın nədir? Dedim, nə bilim, sözdü də dilimə gəldi...
    Pəncəlinin toyuna müğənni Manaf Ağayevi dəvət etdik. Pəncəli toyxanaya bəy paltarında girəndə mikrafonu əlinə götürüb "Mən arzu edirəm Vətən, torpaq yolunda şəhid olum!" sözlərini deyəndə, inanın kim o sözü başa düşdüsə, ağladı. Kim başa düşmədi, onun üçün elə belə söz idi. 3 gün aradan keçmişdi, zəng elədi və yenə adəti üzrə hal-əhval tutdu. Mənim isə o sözdən sonra gözümün yası qurumurdu. Elə bil ürəyimə dammışdı onun şəhid olacağı... Nəhayət, vaxt gəlib çatdı, o, şəhid oldu. Toydan 2 il 6 ay ötəndən sonra uşaqlar dedilər, ana sən nə bilirdin Pəncəlinin toyu yadigar qalacaq, o sözü dedin. Dedim, bu mənim sözüm deyildi, Allahdan nida gəldi.
    Pəncəli hələ erkən yaşlarında müsbət keyfiyyətləri ilə pis vərdişlərdən uzaq, fərqli xarakterli uşaq olub. O, nümunəvi davranışlarına görə daim tay-tuşlarından seçilərdi. Həmişə böyük arzularla yaşayardı.

    -Pəncəli sevdiyi qızla, yoxsa siz seçdiyiniz qızla evləndi?

    Qızı ona mən seçdim, yad qızı deyildi, öz bacım qızıydı. Onlar Rusiyada yaşayırdılar, həmişə Azərbaycana gələndə buralarda heç kimin evinə getməzdilər, birbaşa bizə gələrdilər. Bir gün yoldaşım dedi, mənim o qızdan xoşum gəlir, qismət olsa onu alaram Pəncəliyə... Neyləməli, taleyin hökmündən qaçmaq olmur. Oğlum 33 yaşında evləndi, 35 yaşında şəhid oldu. Cəmi 2 il 6 ay evli qaldı. Görünür, mən onu yaxşı tanımamışam. Onu şəhid olandan sonra tanımışam. Evə gec gələrdi, tez gedərdi; zəng edib deyərdi ki, ana, nigaran qalma, işim var, gələcəm. Onun hardan gəlib-getdiyini, nə işlə məşğul olduğunu heç bilməzdi. Biz həqiqətən də Pəncəlini şəhid olandan sonra tanımışıq.

    -Vaimə ana, neçə övladınız var?

    -Mənim 7 övladım var. Pəncəli 3-cü övladım, 2-ci oğlum idi....
    Ana danışdıqca fürsət tapıb həyətə göz gəzdirirəm və yenidən üzümü Vaimə anaya tutub , görürəm burada ev muzeyi də yaratmısız, deyirəm. Və elə söhbət edə-edə Milli Qəhrəmanın ev muzeyinə daxil oluruq. Gözlərimizə inanmırıq. Burada nələr yoxdu. Bir insan ömrünün xatirəyə dönən gerçəkliyi tam olaraq muzeydə əksini tapır. Yaşanan ömrün görüntülərini əks etdirən məxsusi eksponatlar sanki, zamanı geriyə qaytarır, Pəcəlili günlər gəlir adamın gözləri önünə. Muzeydə diqqətimi iki məsələ daha çox çəkdi; biri doyüş zamanı məhv etdiyi erməni əsgərinin tapançası, digəri isə saglığında aldığı şəxsi avtomobili. Avtomobilin sükanı arxasına Pəncəlidən sonra heç kəs əyləşməyib, necə var, eləcə də muzeydə saxlayırlar. Və düşunürəm ki, muzey artıq sözün bitdiyi məkandı. Burda saxlanılan hər bir əşya Pəncəlidən danışır...
    Bu arada üzumü yenidən Vaimə anaya tuturam:
    -Son olaraq nə demək istərdiniz?
    -İstəyim budur ki, Azərbaycan xalqı həmişə azad yaşasın. Allah Prezidentimiz cənab İlham Əliyevə və Mehriban xanıma can sağlığı versin. Onlar şəhid ailələrinə həmişə dəstək olurlar. Şəhid ailəsi olsaq da, biz də gərək öz şəhidimizin hörmətini saxlayaq, ona qiymət verək. Şəhidin vətən, torpaq yolundakı xidmətlərini, çəkdiyi əziyyətləri gərək onun valideyni dərk etsin və düşünsün ki, övladımız harda, necə, nə üçün şəhid olub? Azərbaycan xalqından razıyam, xalqımıza azadlıq, firavanlıq arzulayıram. Qoy, bundan sonra dünyaya gələn körpələr sülh, əmin-amanlıq şəraitində sağlam, firavan yaşayıb böyüsunlər, xöşbəxt olsunlar!
    Allah Pəncəlinin simasında cəmi Şəhidlərimizə rəhmət eləsin!

    Bəradər Səməndərli
    AJB və AYB üzvü
    "Atributinfo.az"












    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ