Çalışıb əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım...
Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" məsnəvisində yer alan bu misralar dahi şairin kitaba, elmə, elm adamlarına münasibətinin poetik ifadəsidir. Nizami Gəncəvi üçün kitab sadəcə bilik mənbəyi deyil, insanın kamilləşməsinə aparan mənəvi xəzinə, elm isə bəşəriyyətin ən qiymətli sərvətidir. Məhz buna görə də onun əsərlərində müdriklik, ədalət, mənəviyyat və elmi təfəkkür bir-birini tamamlayan əsas anlayışlar olmuşdur ki, bu da öz növbəsində XII əsrdə Nizami Yurdu Gəncənin sahib olduğu elmi potensialını miqyasını nümayiş etdirir.
Nizami Gəncəvi irsinin bu xüsusiyyətlərini dərindən duyan, dəyərləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır.”
Bu gün də Nizami Gəncəvinin doğma şəhəri Gəncəyə gələn hər bir ziyalı, tədqiqatçı və kitabsevər əslində həmin mənəvi xəzinəyə üz tutur. Dünyanın hər bir yerindən, xüsusilə Türk dünyasından gələn qonaqların Gəncəyə kitabla gəlməsi, kitab hədiyyə etməsi və kitab vasitəsilə mədəni körpülər qurması dahi şairin əsrlər öncə yaşatdığı elm ənənəsinin davamıdır.
Bu baxımdan Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılan “Türkiyə ədəbiyyatı” bölümünün açılışı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə Respublikalarının Mədəniyyət nazirliklərinin birgə layihəsi çərçivəsində ərsəyə gələn bu bölmə təkcə kitab fondunun zənginləşdirilməsi deyil, eyni zamanda ortaq dilin, ortaq tarix və mədəniyyətin kitablar vasitəsilə gələcək nəsillərə ötürülməsinin mühüm nümunəsidir.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Antalya Kəpəz Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın, Antalya Şəhər Mərkəzi Kitabxanasının müdiri Oğuzhan Ceylan, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, Kəpəz Bələdiyyəsi Mədəniyyət müdürü Birsen Atmaca, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, AMEA Gəncə Bölməsinin Elmi İşlər və Rəqəmsal İnkişaf üzrə sədr müavini, dosent Əlinuxtar Muxtarov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər bildiriblər ki, həyata keçirilən layihə yalnız kitab nümayişi deyil, həm də əsrlərə söykənən Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəniyyət birliyinin növbəti təzahürüdür. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı bu gün də iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və mənəvi birliyin əsasını təşkil edir. Vurğulanıb ki, Heydər Əliyev Mərkəzində yaradılan “Türkiyə ədəbiyyatı” bölməsi gələcəkdə hər iki ölkənin ziyalıları, tədqiqatçıları və gəncləri üçün mühüm mütaliə, elmi araşdırma və mədəni əməkdaşlıq məkanlarından birinə çevriləcək.
Daha sonra qonaqlar kitabxanada yaradılmış bölmə ilə tanış olublar. Burada klassik və müasir türk ədəbiyyatının, eləcə də elmi və bədii əsərlərin seçilmiş nümunələrinin yer alması böyük maraqla qarşılanıb.
Səfərin ən yaddaqalan məqamlarından biri isə qonaqların Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət etmələri oldu.
Ziyarət zamanı AMEA Gəncə Bölməsinin Rəqəmsal inkişaf və elmi işlər üzrə sədr müavini, dosent Əlinuxtar Muxtarov qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun Azərbaycan şairi kimi ümumbəşəri ideyaların carçısı olması, türklüyü ilə fəxr etməsi, mənsub olduğu Azərbaycan xalqına sonsuz məhəbbəti ilə yanaşı, dünya xalqlarına bəslədiyi humanist münasibət, Nizami irsinin Azərbaycan alimləri tərəfindən tədqiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə göstərdiyi müstəsna diqqət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi şairin şəxsiyyətinə, "Xəmsə"sinə, məqbərəsinə və doğma Gəncə şəhərinə göstərdiyi xüsusi qayğı, 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan olunmasının bu irsin dünya miqyasında daha geniş tanıdılması baxımından mühüm əhəmiyyət daşıması, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Gəncə şəhərində inşa edilmiş Nizami Gəncəvi Muzeyində qorunan qiymətli əlyazmalar və eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib.
Əlimuxtar Muxtarov
AMEA Gəncə bölməsi,
Nizami Gəncəvi Mərkəzinin direktoru
