Hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
6-CI HİSSƏ
Mövcud qanunvericiliyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsində yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə məlumat verən və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri kimi yol nişanları müəyyən edilmişdir. Həmin maddənin XI hissəsində isə yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarətin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi açıq şəkildə göstərilir. Bu isə piyada keçidlərinin funksionallığı və təhlükəsizliyinə dair məsuliyyətin konkret institusional ünvanının olduğunu göstərir.
Piyadalar üçün müəyyən diskomfort yaradan hallardan biri də yolun hərəkət hissəsində onlar üçün piyada yolunun ayrılmamasıdır. Xüsusilə Bakı şəhərinin periferiyasında və Sumqayıt şəhərinin bəzi yerlərində yolun hərəkət hissəsində piyadalar üçün ayrıca yolun ümumiyyətlə ayrılmadığı hallarına rast gəlinir. Bundan əlavə, bir sıra yaşayış məntəqələrində piyadalar üçün nəzərdə tutulmuş səkilərin küçə ticarəti subyektləri tərəfindən zəbt edilməsi geniş yayılmış praktikaya çevrilmişdir. Bu vəziyyət piyadaların təhlükəsiz və fasiləsiz hərəkətini faktiki olaraq mümkünsüz edir. Fikrimizcə, əlaqədar qurumlar monitorinq apararaq mövcud çatışmazlıqları aradan qaldırmış olsalar, bu, piyadaların həmin yollarda təhlükəsiz hərəkətinə şərait yaratmış olardı.
Yol-nəqliyyat hadisələrinin qurbanına çevrilməmək üçün piyada ilk növbədə yol hərəkəti qaydalarına əməl etməli, təhlükəsiz sürət və məsafə anlayışlarını nəzərə almalıdır. Qaranlıq vaxtlarda, xüsusilə apteklərin, məktəblərin, supermarketlərin yaxınlığında, eləcə də dayanmış nəqliyyat vasitələrinin yanından və qarşısından keçərkən daha diqqətli olmaq vacibdir. Xüsusilə avtobusdan düşdükdən sonra onun tərpənməsini gözləmək və yalnız bundan sonra yolu təhlükəsiz şəkildə keçmək tövsiyə olunur. Təcrübə göstərir ki, avtobusun arxasından yolu keçmək piyadanın görünmə riskini azaldır və daha təhlükəsizdir.
Piyadaların vəzifələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində müəyyən edilmişdir. 2010-cu il 22 iyun tarixdə Qanunun 54-cü maddəsinin I hissəsinə “Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir” redaksiyasında yeni cümlə əlavə edilmişdir. Oxşar dəyişiklik İnzibati Xətalar Məcəlləsində də əksini tapmış və nizamlanmayan piyada keçidində piyadaya yol verməməyə görə inzibati məsuliyyət gücləndirilmişdir.
Şəxsi müşahidələr onu deməyə əsas verir ki, bu dəyişikliklərdən sonra sürücülərin piyada keçidlərinə münasibətində nəzərəçarpacaq müsbət dəyişiklik baş vermişdir və əvvəllər geniş yayılmış yolverməmə halları əhəmiyyətli dərəcədə azalmışdır.
Bununla yanaşı, piyadaların davranışı da təhlükəsizlik baxımından mühüm amildir. Təəssüf ki, bir çox hallarda piyadalar üçün hərəkət siqnalının qırmızı fazası uzun çəkdikdə, bəzi hallarda insanda davranış xüsusiyyətlərinə görə səbirsizlik yaranır və yol qadağanedici siqnalda keçilməyə cəhd olunur ki, bu da həyat və sağlamlıq üçün ciddi risk yaradır.
Burada kiçik bir nüansı da qeyd etmək yerinə düşərdi. Hərəkət siqnalının yaşıl işığında piyadanın zolağı tamamlamasına bir neçə addım qalmış hərəkət siqnalı qırmızı işığa keçdikdə bəzi səbirsiz sürücülər piyadanın (yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər daxil olmaqla) zolağı tamamlamasına imkan verməyərək nəqliyyat vasitələrini hərəkətə gətirirlər, bu da piyadalar üçün əlavə təhlükə yaradır. Belə halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və siqnal fazalarının optimal tənzimlənməsi vacibdir.
Bu dəyişikliklərin təsiri göstərir ki, hüquqi məsuliyyət və nəzarət mexanizmləri insan davranışına birbaşa təsir edir. Lakin eyni zamanda gözləmə müddətlərinin uzunluğu və siqnal fazalarının düzgün tənzimlənməməsi səbirsizlik faktorunu artıraraq riskli qərarların qəbuluna şərait yaradır. Bu baxımdan yol hərəkətinin təhlükəsizliyi yalnız cərimə siyasəti ilə deyil, davranış xüsusiyyətləri nəzərə alınmaqla sistem dizaynının optimallaşdırılması ilə təmin olunmalıdır.
İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsində piyadanın hərəkət siqnalına və ya nizamlayıcının göstəricilərinə əməl etməməsi, 338.1.2-ci maddəsində isə yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə piyadanın məsuliyyəti müəyyən edilmişdir.
Yol hərəkətinin bərabər hüquqlu iştirakçıları olmalarına baxmayaraq, qeyd olunan maddələrin sanksiyasında yol hərəkəti subyektlərinə fərqli yanaşma müşahidə edilir. Qanun yaradıcılığı ilə məşğul olan orqanın bu məsələni daha aydın şəkildə izah etməsi piyadaların məsuliyyət hissinin artmasına müsbət təsir göstərə bilər. Bu isə artıq qanunvericiliyin təkmilləşdirilməsini tələb edən məsələ olaraq qalır və müvafiq araşdırmaların aparılmasından sonra öz həllini tapa bilər.
Beynəlxalq təcrübə də göstərir ki, piyadaların qayda pozuntularına ciddi yanaşma tətbiq edilir. Məsələn, Sinqapurda piyada keçidi olduğu halda yolu istənilən başqa yerdən keçən şəxs 500 Sinqapur dolları (təxminən 645 manat) məbləğində cərimə olunur.
Yaxın keçmişdə, COVİD-19 xəstəliyinin tüğyan etdiyi vaxtda, Bakı şəhərində həyata keçirilmiş bir kampaniya xüsusi qeyd olunmalıdır. Polis əməkdaşları piyadaların keçiddən kənar yerlərdən keçməsinə görə onları yol hərəkəti qaydalarına əməl etməyə dəvət edir, şəxsiyyətlərini müəyyən etdikdən sonra barələrində inzibati tədbirlər görülürdü. Bu təşəbbüs müsbət nəticə vermiş, hətta piyadalar üçün müəyyən narahatlıq yaratsa da, onların yolu əsasən piyada keçidlərindən keçməsinə vərdiş formalaşdırmışdı. Təəssüf ki, kampaniya dayandırıldıqdan sonra bu müsbət davranış tədricən zəiflədi və piyadalar yenidən yolu qaydasız şəkildə keçməyə başladılar.
Bundan əlavə, yaşlı nəslin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar. SSRİ dönəmində, eləcə də müstəqillikdən bir müddət sonra ölkəmizdə yol təhlükəsizliyi ilə bağlı vaxtaşırı maarifləndirici aylıqlar keçirilirdi. Fikrimizcə, bu müsbət ənənənin davam etdirilməsi gələcəkdə yol-nəqliyyat hadisələrinin sayının azalmasına real töhfə verə bilər.
Digər bir mühüm məqam ondan ibarətdir ki, bədbəxt hadisə nəticəsində şəxsə ağır zərər vurulduqda və ya insan ölümünə səbəb olduqda, qayda pozuntusunun subyekti kimi piyadanın günahı sübuta yetirilərsə, onun barəsində hansı cəza tədbirlərinin tətbiq ediləcəyi qanunvericilikdə konkret şəkildə nəzərdə tutulmamışdır. Bu boşluğun aradan qaldırılması qanunverici orqanın qarşısında duran vacib məsələlərdən biridir.
Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013-2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm hallarının, ağır və az ağır xəsarət alan şəxslərin, eləcə də yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz, uşaq ölümü hallarının isə 50 faiz azaldılması məqsəd kimi müəyyən edilmişdir.
Dövlət Proqramının tədbirlər planında piyadaların təhlükəsiz hərəkətinin təşkili və tənzimlənməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Buraya müasir tələblər nəzərə alınmaqla piyada hərəkət siqnallarının tətbiqi meyarlarının dəqiqləşdirilməsi və onların sayının artırılması, yaşayış məntəqələrinin küçə-yol şəbəkəsində eynisəviyyəli piyada keçidlərinin sayının artırılması, səkilərdə piyadaların hərəkətinə mane olan amillərin aradan qaldırılması və digər mühüm tədbirlər daxildir.
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında” Əsasnamənin 3.1.12-ci bəndində piyada infrastrukturunun inkişafı və əlçatanlığının artırılması, habelə velosiped və elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Mövcud Əsasnamədə “piyada infrastrukturunun inkişafı və əlçatanlığı” anlayışı ümumi şəkildə təsbit olunsa da, bu anlayışın praktik məzmunu və tətbiq mexanizmləri normativ səviyyədə konkretləşdirilmir. Bu səbəbdən, Əsasnamənin müddəalarına müdaxilə edilmədən, onların icrasını təmin edən normativ hüquqi mexanizmlərin müəyyənləşdirilməsi zəruri hesab olunur. Təklif edilən normativ hüquqi formul piyada infrastrukturunun inkişafını yalnız fiziki obyektlərin yaradılması ilə məhdudlaşdırmır, eyni zamanda piyada keçidlərinin funksionallığının artırılması, hərəkət siqnallarının piyada axınına uyğun optimallaşdırılması, təhlükəsizliyin mühəndis və davranış yönümlü tədbirlərlə gücləndirilməsi, eləcə də risklərin azaldılmasına xidmət edən maarifləndirmə və nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Bu yanaşma mövcud Əsasnamənin məqsəd və prinsipləri ilə tam uzlaşır, onun normativ çərçivəsini genişləndirmədən icra potensialını artırır və piyada təhlükəsizliyi sahəsində sistemli, ölçülə bilən və nəticəyönümlü tətbiqlərin formalaşmasına hüquqi əsas yaradır.
Beynəlxalq səviyyədə isə Qərbi Avstraliyanın 2008-2020-ci illər üçün yol təhlükəsizliyi strategiyasında irəli sürülən “Sıfıra can atmaq” konsepsiyası xüsusi diqqətə layiqdir. Bu konsepsiyaya görə, yollar üzərində insanların ölməsi və ya ağır xəsarət alması qəbuledilməz hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatı da hesab edir ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq mümkündür. Bunun üçün hökumət orqanları vahid yanaşma əsasında hərəkət etməli, nəqliyyat, hüquq-mühafizə, səhiyyə və təhsil sektorlarının birgə fəaliyyəti təmin edilməlidir. Daha təhlükəsiz infrastrukturun layihələndirilməsi, nəqliyyat vasitələrinin təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, zərərçəkmiş şəxslərə operativ tibbi yardımın göstərilməsi, risklərə cavab verən qanunvericiliyin qəbulu və ardıcıl maarifləndirmə tədbirlərinin həyata keçirilməsi bu sahədə ən effektiv addımlar hesab olunur
Gəldiyimiz nəticələr onu deməyə əsas verir ki, yol hərəkəti təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyiş əldə etmiş ölkələrdə müsbət dəyişikliklər əsasən bir neçə əsas risk faktoruna yönəlmiş kompleks yanaşma hesabına mümkün olmuşdur. Bu risk faktorlarına sürət həddinin aşılması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, təhlükəsizlik kəmərlərindən, motosiklet dəbilqələrindən və uşaq oturacaqlarından istifadə edilməməsi daxildir. Sözügedən ölkələrdə bu sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun təhlükəsizlik baxımından yaxşılaşdırılması, avtomobillər üçün müasir təhlükəsizlik standartlarının (elektron təhlükəsizlik sistemləri, bloklanmaya qarşı əyləc sistemləri və s.) məcburi tətbiqi, eləcə də yol-nəqliyyat hadisələrindən sonra təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin artırılması həlledici rol oynamışdır.
Yolların layihələndirilməsi və tikintisi yol hərəkətinin təhlükəsizliyinə birbaşa və əhəmiyyətli təsir göstərir. İdeal halda yol infrastrukturu bütün hərəkət iştirakçılarının - sürücülərin, piyadaların, motosikletçilərin və velosipedçilərin təhlükəsizliyini təmin edəcək şəkildə planlaşdırılmalıdır. Bu, xüsusilə piyadalar və velosipedçilər üçün təhlükəsiz səkilərin, velosiped yollarının və aydın təşkil olunmuş piyada keçidlərinin yaradılmasını nəzərdə tutur. Yol hərəkəti iştirakçılarının travma riskinin azaldılması baxımından təhlükəsiz piyada keçidlərinin və velosiped zolaqlarının salınması xüsusi əhəmiyyət daşıyır.
davamı var
