Bunu Milli Məclisin bu günkü plenar iclasında çıxışı MCP sədri, millət vəkili zamanı deyib.
Deputat qeyd edib ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif platformalarda hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi ətrafında aparılan müzakirələr ciddi narahatlıq doğurur. Mən burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm: dövlətin dayaqlarından biri olan hüquq-mühafizə sisteminin məqsədli şəkildə gözdən salınması heç vaxt təkcə bir quruma qarşı kampaniya olmur. Bu, nəticə etibarilə dövlətə, ictimai sabitliyə və milli təhlükəsizlik mühitinə zərbə vurur.
Biz dünya təcrübəsinə baxanda görürük ki, bir çox ölkələrdə inqilabi proseslərin və xaosun başlanğıcı məhz dövlət institutlarına inamın sistemli şəkildə sarsıdılması ilə başlayıb. Əvvəl polis hədəfə alınır, sonra məhkəmə, sonra ordu, sonra isə artıq cəmiyyət daxilində “dövlət zəifdir” düşüncəsi formalaşdırılır. Bu isə ən təhlükəli mərhələdir.
Mən demirəm ki, problem yoxdur. Problem hər yerdə, hər ölkədə var. Dünyanın ən inkişaf etmiş dövlətlərində də hüquq-mühafizə sistemində nöqsanlar olur, vətəndaş narazılığı olur, sui-istifadə halları olur. Amma əsas məsələ problemlə necə davranmaqdır. Biz problemləri həll etmək istəyirik, yoxsa onu emosional şəkildə böyüdüb cəmiyyətlə dövlət arasında uçurum yaratmaq istəyirik?:
"Bu gün sosial şəbəkələrdə bəzən bir hadisə araşdırılmadan, hüquqi qiymət verilmədən, emosional videolar və çağırışlarla təqdim olunur. Nəticədə isə insanlar arasında aqressiya artır, dövlət institutlarına etimad zədələnir. Halbuki istənilən məsələni qanun çərçivəsində, institutlar daxilində, masa arxasında və bağlı qapılar arxasında müzakirə etmək daha sağlam yanaşmadır. Dövlət idarəçiliyi küçə emosiyası ilə deyil, hüquqi mexanizmlərlə aparılmalıdır.
Tənqid olmalıdır, amma dağıdıcı yox, düzəldici olmalıdır. Əgər hansısa əməkdaş qanunu pozursa, bunun üçün daxili nəzarət mexanizmləri, məhkəmələr, prokurorluq və digər qurumlar var. Amma bütöv sistemi hədəfə almaq, minlərlə vicdanla çalışan polisi bir neçə hadisəyə görə ittiham etmək olmaz.
Biz unutmamalıyıq ki, polis yalnız forma geyinmiş dövlət qulluqçusu deyil. Polis gecə küçədə təhlükəsizliyi təmin edən, cinayətkarla üz-üzə qalan, şəhid verən bir sistemdir. Bu sistemi zəiflətmək istəyənlər isə heç vaxt əllərini-qollarını sallayıb kənar müşahidəçiyə çevrilmirlər. Dövlət zəifləyən kimi radikalizm, xaos, xarici təsir və küçə anarxiyası güclənir.
Ona görə də hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri — siyasətçilər, media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri daha məsuliyyətli davranmalıdır. Tənqid edək, amma dövlətçiliyi sarsıtmayacaq formada. Problemi deyək, amma onu düşmənçilik kampaniyasına çevirməyək. Çünki güclü dövlət institutları olmayan yerdə nə demokratiya olur, nə təhlükəsizlik, nə də sabit gələcək."- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
