Sizin reklam burada
Sizin reklam burada
  • Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT

    Yük maşınları və avtobuslar yol nəqliyyatı sektoru üzrə emissiyaların müvafiq olaraq 31 və 9 faizini təşkil edir. Sektorun hazırda təxminən 94 faizi hələ də ənənəvi yanacaqlarla işləyir.

    Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən hazırlanan yeni hesabata istinadla xəbər verilir ki, 2000–2024-cü illər ərzində qeydə alınmış 158 mindən çox texnoloji ixtira təhlil olunub. Araşdırma göstərir ki, ağır yükdaşıma sektorunda dekarbonizasiya texnologiyalarına aid innovasiyaların payı 2000-ci ildə cəmi 7 faiz olduğu halda, 2024-cü ildə bu göstərici təxminən 20 faizə yüksəlib. Batareya-elektrik texnologiyaları əsas inkişaf istiqaməti kimi önə çıxır və aşağı emissiyalı enerji mənbələri üzrə innovasiyaların 73 faizini təşkil edir. Enerji doldurma sistemləri və ağıllı şəbəkələrlə bağlı texnoloji yeniliklərin sayı isə son 24 ildə 2200 faizdən çox artıb.

    Hesabatda bildirilir ki, hidrogen texnologiyalarına maraq da sürətlə artır. Yanacaq elementləri və hidrogen infrastrukturu ilə bağlı innovasiya fəaliyyəti 2019–2024-cü illərdə təxminən iki dəfə artıb. Ekspertlərin fikrincə, xüsusilə uzun məsafəli yükdaşımalar zamanı batareya-elektrik sistemlərinin məsafə və enerji doldurma məhdudiyyətləri nəzərə alınaraq, hidrogen texnologiyaları mühüm alternativ rol oynaya bilər.

    Hesabata əsasən, innovasiya fəaliyyətində Çin lider mövqedədir. Çinli ixtiraçıların illik texnoloji qeydiyyatlarının sayı 2000-ci ildə 11 olduğu halda, 2024-cü ildə təxminən 7300-ə çatıb. İlk beşlikdə ABŞ, Yaponiya, Almaniya və Koreya Respublikası da yer alır. Avropa İttifaqında (Aİ) isə ağır yükdaşıma sektoru üzrə ictimai enerji doldurma məntəqələrinin sayının artırılmasına ehtiyac olduğu vurğulanır. Beynəlxalq Təmiz Nəqliyyat Şurasının hesablamalarına görə, 2030-cu ilədək yalnız Aİ-də 60–80 min belə məntəqəyə ehtiyac yaranacaq. Hazırda isə fəaliyyət göstərən məntəqələrin sayı təxminən 1500-dür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ