Son zamanlar mənə sənin qardaşın kim idi sualı verirlər. Üzü dönmüş fələyin sayəsində daha bu suala cavab verə bilmirəm. Çünki onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Axı mənim qardaşım ölməyib, o, əbədi olaraq ürəyimə köçüb! Nə qədər mən varam, nə qədər biz və onun balaları var, Fuad da var!
Mən tez-tez əfsus olsun ki, ətrafda bir-biri ilə yola getməyən, sözləri bir-birinin boğazından keçməyən bacı-qardaşlara rast gəlirəm. Amma bizi tanıyanlar da bilir ki, bu bizim ailəyə zidd bir tərbiyə növü idi.
Tərbiyə, bəli tərbiyə! Çünki hər şey ailədən gəlir. Evdə övladlar arasında qoyulan ayrı-seçkilik, bir-birindən artıq fərqləndirmə təbii ki, gec-gec öz sıyıq xəmirini yoğuracaq. Burada insanın tərbiyəsi ilə yanaşı öz mənəvi aləmi də mühüm rol oynayır.
QAPIMI DÖYƏN SƏS
Axşamın son saatı,
Bir səs döydü qapımı.
Yenə, yenə məni
Bu səs gəlib tapıbmı?!
İçəri daxil oldu
Qapqara, sonsuz kədər
Dedi:"Gətirdim sənə
Öz dünyandan bəd xəbər."
Mən kədərin üstünə
Yüyürdüm dəli kimi.
Dedim:"Burax əlimi,
Yenə verdin hökümü?!"
Dedi:"Gördüm gözünün
Daha sildin yaşını
Göz yaşı sənsiz qalsın?
Kimə atsın daşını?!"
Mən bu səsə qoşulub
Tələsik evdən çıxdım,
Gedib çatdım dərdimə...
Yandım, yandım, yaxıldım!
Balaca, dar otaqda
Dünya boyda dərd vardı.
Vahiməli bir sükut
Məni özünə sardı...
İnanmadım gözümə
Yapışdım əllərindən.
Dedim:"Yorğunmu düşdün
Yapyalnız illərindən?"
Dedim:"Ay son ümidim,
Buraxma əllərimi
Axı sənsiz mən necə
Çəkərəm dərdlərimi?"
Gecənin zülməti də
Hayqırtıma qarışdı.
Göz yaşım dar otaqda
Hayqırtımla yarışdı.
Tez əllərindən tutub,
Sığal çəkdim saçına.
Axı bu yaraşmayır
Sənin cavan yaşına...
Bəs atam, anam kim olar?
Kim qanadına alar?
Bu evin böyüklüyün
Yükün bəs kim qaldırar?
Cavab vermədi mənə
Səssiz olan harayım.
Bilmədim necə onun
Mən dərdinə yarayım.
Pəncərədən əsirdi
Qara, hüzünlü sükut.
Sanki cavab verirdi:
"Xoş günü daha unut..."
O an bürüdü məni
Təklik, tənhalıq hissi.
Əllərimi od aldı
Bu idi dərdin pisi.
Ölmədi təkcə Fuad,
Öldüm mən də onunla.
Sanki dünya boşaldı
Son da gəldi sonuyla.
İçimdə qopdu fəryad,
Qanım dondu damarda.
Ruhumdan ürəyimə
Sonsuz acı damar da.
İmdadım yol almışdı
Yerdən ta göyə qədər.
Səssizliyə bürünüb
Susqun səma ahh...Hədər.
Gecənin uğultusu
Dil açmışdı o anda
Qulağıma deyirdi:
"Bu da son...Di yan da!"
Ürəyim qan ağladı,
Söküldu nur, işıltı.
Çadar-çadar dodaqdan
Qopdu acı pıçıltı.
Gah Tanrıya üz tutum,
Gah da qara yazıya.
Ancaq çarə qalıbdır
Təkcə qələm, yazıya.
Hicran Əhmədli.
