Sizin reklam burada
Sizin reklam burada
  • “SÜRÜCÜLÜK VƏSİQƏSİ - AZADLIĞIN DEYİL, MƏSULİYYƏTİN SÜBUTUDUR”

    Eldar Əsgərov (Şəkibəyov),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    1-Cİ HİSSƏ

    İnsan tarixi boyunca hərəkət etməyə, sərhədləri aşmağa və məsafələri qısaltmağa can atıb. İlk təkərin yaranması ilə bəşəriyyətin qarşısında məsafəni qısaltmaq və məsuliyyəti artırmaq kimi iki seçim formalaşmışdır.
    Nəqliyyat vasitələrinin meydana çıxması ilə “hərəkət” artıq yalnız fiziki qabiliyyət deyil, həm də sosial münasibətlərin, təhlükəsizliyin və hüquqi çərçivələrin obyektinə çevrildi. XX əsrin əvvəllərində məhz bu ehtiyac “sürücülük vəsiqəsi” adlı yeni anlayışı doğurdu - ilkin baxışda sadə sənəd kimi görünən, lakin əslində hərəkət azadlığını məsuliyyətlə tənzimləyən bir institut.
    Hər gün minlərlə insan sükan arxasına keçir. Kimisi işə tələsir, kimisi ailəsini gəzintiyə aparır, kimisi illərlə arzuladığı avtomobili idarə etməyin zövqünü yaşayır. Amma çoxları unudur ki, sükan arxasında olmaq təkcə hərəkət etmək deyil - məsuliyyət daşımaq deməkdir. Sürücülük vəsiqəsi bu gün sadəcə bir plastik kart deyil, o, bir hüquq sənədi olmaqla yanaşı, etik öhdəlik daşıyır, o, rəqəmsal identifikasiya vasitəsidir, insan həyatına, ictimai təhlükəsizliyə verilən etimad sənədidir və hər bir sürücü bu etimadı doğrultmağa borcludur.
    Bu sənəd əslində insanın hərəkətə münasibətinin sənədləşmiş formasıdır. O, yalnız avtomobili idarə etməyə deyil, həm də emosiyaları, qərarları, diqqəti idarə etməyə icazə verir, bu, eyni zamanda təhlükənin qiymətləndirilməsi, qərarların düzgün verilməsi, yol mədəniyyətinə hörmət deməkdir. Ən müasir qanunlar belə bu davranış boşluğunu doldura bilmir.
    Yol hərəkəti mədəniyyəti təkcə qayda-qanunla yox, həm də vicdanla idarə olunur. Sükan arxasında hər bir insan cəmiyyətin aynasına çevrilir, onun əlində təkcə nəqliyyat vasitəsi deyil, həm də başqalarının taleyi olur və bu taleyə laqeyd qalmamaq həqiqi yol davranışının başlanğıcıdır. Bizdə bəzən sükanın arxasında təkcə insan yox, həm də vərdişlər oturur, bəziləri təhlükəni, bəziləri isə düşüncəsizliyi idarə edir. Hər sükanın arxasında bir həyat, bir ailə, bir taleyin olduğunu dərk edən insan nəinki qaydaları pozmur, həm də ətrafdakıların həyatına hörmətlə yanaşır. Onun davranışı çox vaxt qanunla deyil, vicdanla ölçülür. Hər dönmə işığı bir düşüncə, hər “stop” işarəsi bir məsuliyyət çağırışıdır.
    Dövlət sənə sükan verir, sən isə dövlətə və cəmiyyətə təhlükəsizliyinlə zəmanət verirsən. Hər kəs bu münasibətin bir halqasıdır: piyada, sərnişin, sürücü, polis və sığortaçı. Bu zəncirin bir halqası qırıldıqda, nəticəsi çox zaman faciə ilə nəticələnir. Məhz buna görə sürücülük hüququ dövlətlə vətəndaş arasında imzalanmış bir “məsuliyyət müqaviləsi” kimi formalaşıb.
    Təəssüf ki, bizdə çox zaman bu sənədin mənəvi çəkisi unudulur, qırmızı işıqda keçən yalnız avtomobil olmur, bizim etikamız, məsuliyyətimiz də o işıqla birlikdə sönür. Bir çox beynəlxalq tədqiqatlar göstərir ki, sürücülük vəsiqəsinin mənəvi çəkisi çox zaman unudulduğu üçün ölkədə hər il baş verən onlarla qəzanın səbəbi təkcə sürət, ehtiyatsızlıq, texniki nasazlıq və ya hava şəraiti deyil - bəzən sürücünün davranışı, diqqətsizliyi, sürət həddinin aşılması, sükan arxasında düşüncəsizlik, tələskənlik, laqeydlik və qayda pozuntuları olur. Hər il baş verən yüzlərlə qəzanın kökündə texniki nasazlıqdan çox insan faktoru dayanır, bu da bir ailənin, bir həyatın faciəsinə çevrilir.
    Dünya təcrübəsi açıq şəkildə göstərir ki, sürücülük vəsiqəsi təkcə nəqliyyat vasitəsini idarə etmək icazəsi deyil, həm də sosial etimadın, vətəndaşlıq şüurunun və ictimai məsuliyyətin göstəricisidir. Halbuki sürücülük hüququ yalnız tanışlıqla, vasitəçiliklə və ya formal testlə alınan bir “bilet” deyil, o, bilik və vərdişin sübutu olmalıdır, o, bilik, diqqət və davranışla qazanılmalıdır.
    Azərbaycanda bu anlayış hələ də formalaşma mərhələsindədir. Əslində, sürücülük vəsiqəsi elə bir sənəddir ki, o, təkcə idarəetmə hüququ vermir - həm də cəmiyyət qarşısında öhdəlik yaradır. Lakin çoxları onu hüquq yox, imtiyaz kimi qəbul edir. Halbuki bu sənədin hər sətirinin arxasında qanunla yanaşı, təhlükəsizlik, insan həyatı və məsuliyyət dayanır. Sükan arxasında məsuliyyətin qiyməti isə bir parça plastikdən çox-çox artıqdır.
    Qayda pozan, təhlükəli sürücülük edən, yol mədəniyyətinə biganə yanaşan şəxslər çox vaxt vəsiqəni bilik və sınaqla yox, münasibət və vasitə ilə əldə etdiklərinə görə məsuliyyət hissindən uzaq qalırlar. İmtahan prosesində şəffaflıq, elektron nəzarət və insan amilinin minimuma endirilməsi də məhz bu anlayışdan qaynaqlanır. Qanunvericilik yalnız qaydaları müəyyənləşdirir, amma qaydaların yaşaması üçün vicdan gərəkdir.
    Təcrübə göstərir ki, bir çox qəzaların arxasında sükan arxasında oturmağa əslində hazır olmayan, lakin vəsiqəni naməlum səbəblərlə əldə etmiş şəxslər dayanır. Sürücülük hüququnu qanunsuz yolla əldə etmək, bir növ, cəmiyyətin öz təhlükəsizliyinə qarşı çıxmaqdır. Saxta vəsiqə ilə sükan arxasına keçən hər kəs təkcə öz həyatını deyil, başqalarının taleyini də risk altına qoyur. Bu, təkcə inzibati qayda pozuntusu deyil, bu, ictimai etimadın pozulmasıdır, həm də mənəvi məsuliyyətin itkisidir.
    Yol - bir sınaqdır, sürücülük vəsiqəsi isə təkcə bir hüquq sənədi deyil, həmin sınaqdan keçmək üçün verilən etimad sənədi, bir vicdan sənədidir. Yol - həyatın, sükan - iradənin, qaydalar isə vicdanın simvoludur. Bu üçlük harmoniyada olanda yol təhlükəsiz olur. Bəlkə də bu sənədin dərin mənası elə bundadır.
    Beləliklə, sürücülük yalnız texniki bacarıq deyil, həm də sosial məsuliyyətdir. Yol hər kəsindir və hər kəs həm özünü, həm başqasını qorumaq üçün oradadır. Sürücülük davranışı yalnız qaydaları bilmək deyil, təhlükəni hiss etmək, başqalarının səhvini əvvəlcədən görmək və situasiyaya vaxtında reaksiya vermək bacarığını əhatə edir. Bu göstəricilər təhlil olunanda sürücünün gələcəkdə hansı risklərlə üzləşə biləcəyi aydın görünür.
    Sürücülük bacarığı qaydanı bilməkdən çox, təhlükəni yaranmamış hiss etmək qabiliyyətidir. Buraya daxildir başqasının səhvini əvvəlcədən görmək, növbəti 5 saniyədə nə ola biləcəyini ölçmək, məsafə saxlamaq, pis hava şəraitində sürətin, məsafənin və reflekslərin yenidən hesablanması.
    Sürücü hər şeyi görmür, bəzi sürücülər təhlükəni tez, bəziləri gec görür. İnsan diqqəti yol şəraitində çox şeyi eyni anda idarə edir, lakin yalnız vacib saydığı siqnalları seçir. Hadisəni gördükdən sonra qərar vermək vaxt aparır, maşın isə hərəkətdə olur və bu, riskləri artırır. Beyin yalnız vacib saydığı siqnalları seçdiyi üçün real təhlükə bəzən diqqət sahəsindən kənarda qala bilər. Reaksiya gecikməsi millisaniyələrlə ölçülsə də, hərəkətdə olan maşın üçün onlarca metr risk zonası yaradır və bu, insan limitlərinin obyektiv nəticəsidir. Səbirsizlik, əsəb, emosional gərginlik, diqqətin dağılması və yuxusuzluq yolda təhlükənin vaxtında tanınmasını çətinləşdirir.



    Bu səbəbdən sürücülük təkcə qaydalar toplusu deyil, həm də ağıllı davranmaq, özünüidarə və təhlükəni qabaqlama bacarığı tələb edir.
    Oxucu anlayır ki, qaydalar sadəcə məhdudiyyət deyil - insanı qorumaq üçün qoyulmuş psixoloji mexanizmlərdir. Maşın istəklərə deyil, fizika qanunlarına tabedir. Buna görə sürücü yalnız qaydanı deyil, avtomobilin davranışını da anlamalıdır. Belə ki, sürət artdıqca dayanma məsafəsi kvadrat şəkildə artır, ağırlıq mərkəzi maşının çevrilməyə nə qədər meyilli olduğunu müəyyən edir. ABS (təkərlərin sürüşməsinin qarşısını alır) və ESP (avtomobili döngələrdə və sürüşkən yollarda sabit saxlayır) kimi sistemlər kömək edir, amma sürücünün səhvini tam örtmür. Sürücülük yalnız “sükan döndərmək” deyil, fizikanı hiss etmək və situasiyanı qabaqcadan qiymətləndirməkdir. Bu göstərir ki, sürücülük yalnız maşın sürmək deyil, insan şüurunun, psixologiyasının, yolun və texnikanın birgə yaratdığı böyük bir sistemdir. Təhlükəsiz sürmək üçün əvvəlcə bu sistemin necə işlədiyini başa düşmək lazımdır. Aşağıdakı bölmələr sürücünün davranışını və yol təhlükəsizliyini ən sadə şəkildə izah edir.
    Sürücü davranışı risk alma meyli, sabitlik, ani qərarvermə səviyyəsi, sürət seçimi, stress zamanı davranış kimi göstəricilərlə ölçülə bilər. Qaydaların hər birinin arxasında insan davranışı dayanır. Ən çox sual doğuran məqamlar da əslində psixoloji səbəblərə bağlıdır. Uşaqlar, motosikletlər və velosipedlər “görünməsi çətin” qrupa daxildir. Dönmə manevrləri beynin ən çox səhv etdiyi sahələrdən biridir. Piyada zonalarında sürət məhdudiyyəti insani reflekslərin zəifliyinə görə qoyulur.
    Sürücülük, əslində, görünən qədər sadə deyil: qaz, əyləc, sükan… Bütün bunlar insan beyninin saniyənin hissələri içində verdiyi qərarlara bağlıdır. Yolda edilən səhvlərin böyük qismi sərt niyyətlərdən deyil, insan beyninin məhdudiyyətlərindən yaranır. İnsan beyni sürücülükdə çox şeyi eyni anda idarə edir. Bəzən çatdırır, bəzən yox. Qəzaların təməli də çox vaxt buradan başlayır. Ona görə də düzgün sürücülük hazırlığı yalnız texnikanı öyrənmək deyil, insanın fiziki və psixoloji limitlərini tanımaqdan başlayır. Heç kim hər saniyə mükəmməl ola bilməz və bu, normaldır. Ona görə də sürücülük təhsili “qaydanı öyrən” deyil, “özünü tanı” prinsipi ilə başlamalıdır. Bu dərs planı məhz bu məntiqlə qurulub, əvvəl insanı anlamaq, sonra imtahan sistemini, daha sonra yol mühitini, avtomobili və nəhayət - real davranışı.
    Məqsəd sürücünü qınamaq deyil, məqsəd onun öz idrak proseslərini anlamasına, davranışını bu mexanizmlərlə uyğunlaşdırmasına və təhlükəsizliyi artıran analitik özünüdərketməni formalaşdırmasına kömək etməkdir.
    Sürücülük davranışını anlamağın əsasında insan beyninin yol şəraitində necə işlədiyi dayanır, yol təhlükəsizliyi qaydalarına kor-koranə əməl etməkdən çox, qavrama, diqqət, qərar vermə və reaksiya mexanizmlərinin təbii məhdudiyyətlərini düzgün dərk etməklə formalaşır.
    Yorğunluq və stress informasiyanın emalını ləngidir, diqqəti zəiflədir, risk dəyərləndirməsini təhrif edir və gündəlik davranışda faydalı olan qısa yol mexanizmləri yolda kifayət qədər təhlükəli səhvlərə səbəb olur.
    Sürücü davranışının psixologiyası motivasiya, vərdişlər və emosional tənzimləmənin birgə təsiri ilə formalaşır, fərdin yolda verdiyi qərarlar bilik və qaydalardan daha çox, impulsivlik, şəxsi risk meyli və psixoloji hazırlıq səviyyəsi ilə idarə olunur.
    Mövcud təlim və imtahan sistemi sürücülərin davranış təhlükəsizliyinin ən kritik elementlərindən birini - təhlükə tanıma bacarığını ümumiyyətlə qiymətləndirmir. Halbuki bu bacarıq yeni sürücülərdə ölümcül qəzaların əsas səbəbləri ilə birbaşa bağlıdır. Təhlükə tanıma dedikdə, sürücünün (və ya namizədin) yol mühitində potensial təhlükəli vəziyyəti vaxtında, hadisə baş verməmişdən əvvəl (adətən 1-3 saniyə öncə) fərq etməsi və həmin riskə uyğun davranışa hazır olması bacarığı nəzərdə tutulur. Bu, nə nəzəri qayda bilməklə, nə də avtomobilin sadə idarəetmə bacarıqları ilə ölçülə bilər - bu, beynin vizual diqqət, proqnozlaşdırma, situasiyanı oxuma və qərar vermə mexanizmlərinin birlikdə işləməsi ilə formalaşan mürəkkəb psixomotor prosesdir.
    Təhlükə qavrayışı - yol hərəkəti mühitində potensial təhlükələrin tanınmasını, onların inkişaf ehtimalının, vaxtının və risk səviyyəsinin dərk edilməsini əhatə edən kompleks bacarıqdır. Qeyd etmək lazımdır ki, təhlükə qavrayışı testi bir çox Avropa, Avstraliya və Asiya ölkələrində sürücülük vəsiqəsi imtahanının məcburi mərhələsidir. Bu test real videokadrlarda və ya kompüter-simulyator mühitində aparılaraq sürücünün real yol şəraitində potensial təhlükəni nə qədər tez aşkar etdiyini, riskli situasiyanı ayırd etmə və ona vaxtında reaksiya verməyə hazır olub-olmadığını müəyyən edir.
    Kompüter-simulyasiya texnologiyaları bu testlərin tətbiqi üçün istifadə olunan əsas vasitələrdən biridir. Sürücü təhlükəni gec aşkar etdikdə, real yol şəraitində qəza riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusilə gənc və təcrübəsiz sürücülər üçün ciddi təhlükə yaradır.
    Bu səbəbdən təhlükə qavrayışı bacarığının erkən mərhələdə ölçülməsi və inkişaf etdirilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində əsas amillərdən biri hesab olunur. Beynin təbii sərhədləri və psixoloji faktorlar sürücülər arasında təhlükənin fərqli sürətlə qavranılmasına səbəb olduğundan, bu bacarığın obyektiv ölçülməsi xüsusi əhəmiyyət kəsb edir.
    Başqasının həyatına hörmət, həssas yol iştirakçılarına diqqət, qəza sonrası düzgün davranış, aqressiyaya yox, sakitliyə üstünlük yol mədəniyyətinin əsasını təşkil edir. Əksər ölkələrdə sürücülük hüququ insanın sosial etimad statusu kimi dəyərləndirilir. Bütün bunlar yol mədəniyyətinin əsasını təşkil edir. Sadə dildə desək, davranış öyrənilir, ölçülür və inkişaf etdirilir. Burada məsələ təkcə qaydaları pozmamaq deyil - həyatı qiymətləndirməkdir.
    Bu tendensiya Azərbaycan üçün də keçərlidir. Dövlət Yol Polisinin statistikası qəzaların əksəriyyətinin insan davranışı ilə bağlı olduğunu təsdiqləyir. Bununla belə, rəsmi hesabatlarda sürücülük vəsiqəsinin qeyri-qanuni yollarla əldə olunması barədə ayrıca statistika təqdim edilmir. Bu səbəbdən sürücü hazırlığının keyfiyyəti, imtahan prosesinin şəffaflığı və yeni sürücülərin qəza göstəriciləri kimi dolayı məlumatların təhlili məsələni daha obyektiv qiymətləndirmək üçün əsas yarada bilər.
    Avropa Komissiyasının yol təhlükəsizliyi üzrə hesabatlarına əsasən, yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sürət, alkoqol/narkotik və ya dərman təsiri altında idarəetmə, diqqətsizlik və səhv manevrlərdir. ERSO-nun əsas vəzifəsi yol-nəqliyyat hadisələrinin səbəblərini yalnız sürücü davranışı ilə məhdudlaşdırmadan, yol infrastrukturunun quruluşunun və dövlətin qəbul etdiyi qərarların qəza riskinə və nəticələrinin ağırlığına təsirini elmi və statistik əsaslarla təhlil etməkdən ibarətdir. Bu Mərkəz Üzv ölkələrdə bütün yol-nəqliyyat hadisələrinin səbəblərini toplayır, təhlil edir, müqayisəvi hesabatlar hazırlayır, yəni birbaşa sürücü hazırlığı və davranışı üzrə analitik məlumat bazasını yaradır. Onun əsas məqsədi Avropa İttifaqı ölkələrində yol təhlükəsizliyi ilə bağlı məlumatların toplanması, təhlili və paylaşılmasıdır və digər mənbələrin analitik sənədləri təsdiqləyir ki, Avropada ölümcül qəzaların 80-90 faizi birbaşa insan amilindən qaynaqlanır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ