Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında “Böyük Zəfərin qəhrəmanları” adlı kataloqun təqdimat mərasimi keçirilib.
Ədəbiyyat Muzeyindən bildirilib ki, təqdimat mərasimində Vətən müharibəsi şəhidlərinin ailələri, Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilatçısı muzeyin Aran Regional filialının müdiri dosent Yaqut Bahadurqızı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondu və kataloq haqqında məlumat verib.
Şəhid ailələrindən Səhər Hüseynova, Jalə Mikayılova, Roza Qəribova, Müşginaz Əliyeva, Esmira Məmmədova çıxış edərək Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını yazan övladları ilə qürur duyduqlarını, şəhid doğmaları haqqında kataloqda dərc olunan məlumatı sevinc hissi ilə qarşıladıqlarını, əzizlərindən nişanə qalmış əşyaları Tarix Muzeyinə təqdim etməkdə haqlı olduqlarını söyləyiblər.
Tədbirin sonunda “Böyük Zəfərin qəhrəmanları” kataloqu şəhid ailələrinə təqdim edilib.
