O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib.
Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” filmlərində çəkilib.
"Fəryad" filmi aktrisanın iştirak etdiyi sonuncu film olub. Nəcibə xanım Ceyhun Mirzəyevlə yaxın dost olub. Ceyhun Mirzəyev hər zaman yeni kinoya başlayanda aktrisanı mütləq dəvət edirmiş.
Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudova haqqında xatirələrində belə yazıb: "Mən Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq - nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi..."
Nəcibə Behbudova teatr sənətindəki xidmətlərinə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Aktrisa 1999-cu il dekabrın 7-də Bakıda vəfat edib.
