Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi
Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Həmçinin bu gün böyük zəfərə aparan yol kimi qiymətləndirilir. Bu, sadəcə, Azərbaycan tarixinə deyil, həm də dünya tarixinə qızıl hərflərlə yazılmışdır. Bu il şanlı tariximiz – 44 günlük Vətən müharibəsinin qələbə qazanmasının 5-ci ildönümüdür. 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ordusu ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına keçərək torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük mübarizəyə başladı.
Sadəcə, Azərbaycan ordusu deyil, Azərbaycan xalqı da bu mübarizədə birlik oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin səfərbərlik elan etməsindən qısa bir müddət sonra hər kəs böyük bir istəklə cəbhəyə getməyə hazır idi. Çünki biz bu günü çox gözləmişdik. 30 ildən çox torpaqlarımız işğal olunmuş, həmçinin bir milyondan çox şəxs öz torpaqlarından didərgin düşmüş, məcburi köçkün statusu almışdılar. Düşmənə layiqli cavabı vermək üçün Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi ilə ordumuz, xalqımız ayağa qalxıb, böyük həmrəylik nümayiş etdirib.
Can alıb, qan tökdü vətən üçün oğullar. Bəli, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. Dövlətimizin başçısı I.Əliyev həmin ərazilərdə bayrağımızı ucaldaraq bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb. İşğalçı ermənilərin onilliklər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrindən vacib hesab olunan hava limanlarıdır. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, Zəngilan Hava Limanında tikinti işləri yekunlaşmaq üzrədir, Laçında isə inşaat işləri davam edir.
Bu gün Azərbaycan qüdrətli orduya sahibdir. Müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam və yüksək döyüş ruhu ilə seçilən ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan qüvvədir. Düşməndən fərqli olaraq Azərbaycan əsgəri niyə və nəyin uğrunda mübarizə apardığını bilir. O, öz müqəddəs Vətən torpaqları uğrunda savaşır. Haqq da onundur, qəhrəman da odur.
İndi Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Milli Azərbaycan Tarixi Muzeyində şəhidlərimizin xatirəsini əbədiləşdirmək və Vətən müharibəsi tariximizi gənc nəslə aşılamaq məqsədilə Muzeydə Vətən Müharibəsi fondu yaradılmışdır.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Buna görə də hər bir gənc qəhrəmanlarını tanımalı, onların keçdiyi şərəfli döyüş yolundan Vətənə məhəbbəti, sədaqəti öyrənməlidir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qəhrəmanlıq və vətənpərvərliyin gənc nəslə, gələcək nəsillərə aşılanması baxımından muzeydə yaradılan Vətən Müharibəsi Fondu böyük əhəmiyyət daşıyır.
Fondun yaradılmasında əsas məqsəd şəhidlərimizə məxsus əşyalar, sənədlər və digər materiallar əsasında sərgilərin təşkili, həmin materialların qorunması, onların elmi-tədqiqat proseslərinə cəlb edilməsi və nəşrlərin hazırlanmasıdır. Fondda yer alan materiallar Birinci Qarabağ müharibəsini, 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci ilin Tovuz döyüşlərini və 44 günlük Vətən müharibəsini əhatə edir.
Muzeyə təqdim edilən materiallar arasında Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də qorunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumların şəxsi heyətlərinin geyim növləri və ləvazimat nümunələri, tədris və ideoloji vəsaitləri də fondda yer alıb.
Eksponatlar arasında işğalçı ölkənin ordusundan hərbi qənimət kimi ələ keçirilmiş nümunələr də var. Şəhidlərimizin hərbi formaları, fəxri fərmanları, təşəkkürnamələri, orden və medalları, eləcə də şəxsi əşyaları (saat, kompas, pulqabı və s.) onların yaxınları tərəfindən muzeyə təhvil verilib. İndiyədək 300-ə yaxın materiallar fonda daxil edilib, ümumilikdə 2 mindən çox material inventarlaşdırılıb. Bu istiqamətdə toplama işi davamlı şəkildə aparılır.
Qeyd edək ki, bu materiallar muzeyin Vətən müharibəsi tarixini əks etdirən ekspozosiya zallarında, eləcə də sərgilərdə nümayiş olunur.
Materiallar arasında şəhidlərimizin döyüş yoluna aid fotoları da diqqəti cəlb edir. Elə mahiyyət də bu fotolardadır. Hər fotodan düşmənə qəzəb hissi ilə köklənmiş və müqəddəs amal uğrunda canını fəda etmiş Vətən oğlunun baxışları boylanır. İnsanın qəlbi qürur hissi ilə dolur. Adları dilimizdə iftixarla səslənir: Polad Həşimov, Mübariz İbrahimov, Rauf Süleymanov, Çingiz Qurbanov, Elvin İslamov və b... Onların keçdiyi şərəfli döyüş yolu muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə təqdim olunur, qorunub saxlanılır və onların qəhrəmanlıqları təbliğ edilir.
Muzey eksponatları sanki dil açıb həmin tarixi hadisələri bu gün də tamaşaçıya nəql edir. Muzeydə maarifləndirici tədbirlərin keçirilməsi də bir ənənə halını alıb. Tarixi günlərdə muzey bir məktəb rolunu oynayır, vətənpərvərlik, qəhrəmanlıq eksponatlar vasitəsilə gənc nəslə aşılanır.
Hal-hazırda Muzeyin ekspozisiyasında Vətən müharibəsini əks etdirən zallarda Azərbaycanın qəhrəman oğulları şəhidlərimizin şəxsi əşyaları, materialları nümayiş olunur. Muzeyi ziyarət edən əcnəbi qonaqlara Vətən müharibəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, ekspozisiyada yer alan bu materiallar ilboyu yenilənir nümayiş olunur. 44 günük vətən müharibəsini əks etdirən bu eksponatlar tariximizin canlı, əyani sübutudur.
Milli Azərbaycan Tarixi Muzeyi şanlı tariximizi gələcək nəsillərə və eləcə də, dünya ictimaiyyətinə çatdırılması baxımından böyük rolu olan tarixi məbəddir.
