"Atributinfo.az" xəbər verir ki,Bakı və Cənubi Qafqaz Sovet İttifaqının iqtisadiyyatının əsas neft mənbəyi idi. SSRİ neftinin 80 faizi Azərbaycan SSR-də çıxarılırdı. Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. Azərbaycandan çağırılan 300 min SSRİ vətəndaşı həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi. Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişlər. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi.
İkinci Dünya Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər iki dəfə bu ada layiq görülmüşdür. Sovet İttifaqı Qəhrəmanı adını alanlar arasında 42 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan 14-ü ölümündən sonra bu ada layiq görülüb. Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olub.
Fransa, İtaliya, Krımda, Belarusiyada azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə isə Məmməd İsayev rəhbərlik edib. Böyük Vətən müharibəsi başlamamışdan əvvəl Azərbaycan SSR neft sənayesinin - neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesindəki mütəxəssislərin hazırlanmasında və neft avadanlığı istehsalında lokomotiv idi. Müharibəyə baxmayaraq Bakı yanacaq və sürtkü təchizatında aparıcı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80%-ni təşkil ediblər. Müharibənin ilk ilində 23,5 milyon ton neft göndərildi. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün ümumilikdə 75 milyon ton neft göndərilib.
Sovet İttifaqı marşalı Georgi Jukov qeyd etmişdir:
Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər.
Böyük Vətən müharibəsi dövründə Azərbaycan neftçiləri 160 dəfə o illərdə yüksək əmək qabiliyyətinin göstəricisi olan Dövlət Müdafiə Komitəsi, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının və SSRİ-nin Neft sənayesi üzrə Xalq Komissarlığının keçici Qırmızı bayrağını almışdılar.
Bakı müəssisələri Dnepr SES, Azov limanı və Sovet İttifaqının digər mühüm strateji obyektlərini bərpa etməkdə fəal iştirak edirdi.
Böyük Vətən müharibəsinin ilk dövründə Azərbaycan yüngül sənaye müəssisələri Qırmızı Ordunun ehtiyacları üçün təxminən 30 növ məhsul istehsal edirdilər. Kimya sənayesi zavodları da hərbi məhsul və digər avadanlıqların istehsalına yönəldilmişdi. Bu zavodlarda yanğınsöndürmə avadanlıqları istehsal olundu, qoruyucu geyimlərin münbitləşdirilməsi prosesi mənimsənildi. Azərbaycanın ət və süd sənayesi müəssisələri əvvəllər xaricdən gətirilən bir sıra yeni dərman növlərinin istehsalına başlamışdılar. Yerli xammalın istifadəsi əsasında tibbi ləvazimatlar zavodu yaradılmışdı. Yerli sənayedə işləyənlər hərbi təchizatın istehsalında da iştirak edirdilər. Ən qısa müddətdə bu müəssisələrin avadanlıqları cəbhə üçün lazım olan yeni məhsulların buraxılması üçün uyğunlaşdırılmışdı.
Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Azərbaycan SSR-də sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.
Böyük Vətən müharibəsi dövründə Bakıda və ölkə daxilində onlarla hərbi xəstəxana fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-in xəstəxanalarında yarım milyon sovet əsgəri müalicə edilmişdi. Onların bir çoxu müharibədən sonra Azərbaycanda qalıblar. 1945-ci il mayın 2-də səhər saatlarında döyüşçülər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev leytenant A.Məcidovun rəhbərliyi altında Brandenburq qapısı üzərində qalibiyyət bayrağını qaldırdılar.
Azərbaycanda bu dəhşətli və qanlı müharibənin xatirəsi qorunub saxlanılır. Ölkənin dörd bir yanında faşizm üzərində qələbə, sülh və azadlıq üçün həyatlarını qurban verən əsgərlərin xatirəsinə aid abidələr qoyulub. 9 May Azərbaycanda qeyri-iş günüdür. Bu bayramda dövlət səviyyəsində müxtəlif bayram tədbirləri keçirilir, Əbədi Məşələ çiçəklər və çələnglər qoyulur. Bir neçə ildir ki, Azərbaycanda sakinlər "Ölümsüz alay" kampaniyası çərçivəsində Böyük Vətən müharibəsi zamanı həlak olmuş qohumlarının və yaxınlarının portretlərini daşıyır.
Bu müharibəni xatırladıqca, yeni müharibə olmasına imkan vermərik.
Zahir Məmmədov
"Atributindfo.az"
